Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1550/2020 06.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X1 nümayəndəsi və vəkili-“Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, X1 Bakı şəhəri Nizami RPİ 25-ci PŞ-nin xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhəri Nizami RPİ 25-ci PŞ-nin xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, idman mərc oyunları üzrə operator qismində çıxış edən “xxxxxxxxxxxx” QSC ilə imzalanmış Ticarət (agent) nümayəndəsi haqqında idman mərc oyunları biletlərinin satıcısı kimi fəaliyyət göstərir. Stasionar satıcı operatorla (xxxxxxxxxxxx) müqaviləyə əsasən fəaliyyət göstərən və mərc oyununun iştirakçıları ilə operator arasındakı bütün əlaqələri stasionar terminallar vasitəsilə mərkəzi mərc sisteminə bağlı olaraq təmin edən hüquqi və ya fiziki şəxsdir. Bu fəaliyyət üzrə əldə olunan gəlir bir neçə ailənin dolanışıq mənbəyini təşkil etməkdədir. Bütün fəaliyyəti müddəti ərzində əldə etdiyi gəlir üzrə qanunvericiliyinə əsasən bütün öhdəliklərini qəpiyinə qədər yerinə yetirir. xx xxxxxxxx 2020-ci ildə Nizami RPİ-nin 25-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Karantin rejimini pozduğu əsasına görə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsaslanaraq MX ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla 200 AZN miqdarında cərimə edilmişdir. X3 Məcəlləsinin 211.1-ci maddəsinə əsasən tərtib edilmiş protokol tamamilə qanunsuz və əsassızdır. Fəaliyyət göstərməməsinə baxmayaraq polis əməkdaşları buna məhəl qoymamışlar. Düşünür ki, polis əməkdaşları qanunvericiliyə zidd hərəkət etməklə bərabər hüquqlarını kobud şəkildə pozmuşlar. Hesab edir ki, hüquqları kobud şəkildə pozulub, ona görə də hazırkı şikayət ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Belə ki, o, polis əməkdaşları tərəfindən saxlanılan zaman mərc qoyuluşu qəbul etməmişdir. Faktiki olaraq idman mərc oyunları üzrə fəaliyyəti təsdiq edən bilet satışını həyata keçirməmişdir. Həmin gün obyekti dezinfeksiya etmək və təmizləmək üçün qapılarını açıq qoymuş, lakin polis əməkdaşları bunu fəaliyyət göstərməsi kimi qələmə verərək barəsində əsassız protokol qəbul etmişlər. Fəaliyyətinə icazə verilən sahibkarlıq sahəsinin fəaliyyət göstərməməsi ilə bağlı imperativ, qadağanedici norma nəzərdə tutulmamışdır. Onlar karantin qaydalarını o halda pozmuş olardılar ki, fəaliyyətinə icazə verilməyən xidmət sahəsi ilə məşğul olardılar. Baxmayaraq ki, onlar fəaliyyət göstərməmişlər, hər bir halda barəsində tərtib olunan protokol absurddur. Qeyd olunanlardan əlavə onu da bildirmək istərdi ki, Operator “xxxxxxxxxxxx” QSC tərəfindən AR Nazilər Kabinetinə ünvanladığı xx xxxxxxxx 2020-ci il tarixli məktubu nəzərə alınaraq Nazirlər Kabineti tərəfindən fəaliyyətlərinin məhdudlaşdırılmaması ilə bağlı Daxili İşlər Nazirliyinə, İqtisadiyyat Nazirliyinə və Gənclər və İdman Nazirliyinə müvafiq göstəriş verilmişdir. Bu şikayətin yazıldığı xx.xx.2020-ci il tarixində bütün respublika üzrə Topaz agentləri hər hansı bir məhdudlaşdırma olmadan fəaliyyətlərini davam etdirməkdədirlər. Fəaliyyətinə icazə verilən sahibkarlıq sahələrinin fəaliyyət göstərməməsi ilə bağlı imperativ, qadağanedici norma nəzərdə tutulmamışdır. Karantin qaydalarını o halda pozmuş olardı ki, fəaliyyətinə icazə verilməyən xidmət sahəsi ilə məşğul olardı və həmin məşğuliyyət üçün elektron portaldan qeydiyyatdan keçməzdi. Lakin karantin müddətində Nazirlər Kabinetinin yanında Operativ Qərargahın müəyyən etdiyi qaydada öz fəaliyyətlərini həyata keçirmişlər. Bu da barəsində qəbul edilən inzibati tənbeh haqqında qərarın absurd olmasının göstəricilərindən biridir. Ərizəyə əlavə verərək Nizami RPİ-nin 25-ci PB-nin əməkdaşları tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X1 nümayəndəsi və vəkili Vəkil şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş qərarı barəsində şikayət verilmiş Bakı şəhəri Nizami RPİ 25-ci PŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsin nümayəndəsini dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Bakı şəhəri Nizami RPİ 25-ci PŞ-nin əməkdaşı Vaqif Həşimov tərəfindən tərtib olunmuş xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X2 xx xxxxxxxx 2020-ci il tarixdə saat 14:00 radələrində Şərifli 80 ünvanında yerləşən “Topaz” idman mərc oyunlarını açaraq fəaliyyət göstərib karantin rejimi qaydasını pozmuş, nəticədə Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; -Bakı şəhəri Nizami RPİ 25-ci PŞ-nin rəisi Elmir Hüseynov tərəfindən qəbul olunmuş xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X2 xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 200 manat cərimə tənbeh növü tətbiq edilmişdir; -“xxxxxxxxxxx” QSC-nin Direktorlar Şurasının xx xxxxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edilmiş, göstərilmişdir ki, ölkədə xüsusi karantin rejiminin tətbiqi ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarlarında adıçəkilən xidmət sahəsinin, o cümlədən “TOPAZ” satış məntəqələrinin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı konkret göstəriş müəyyən olunmamışdır. Koronavirus (COVİD-19) infeksiyasının ölkədə yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə, o cümlədən qoruyucu tibbi maskalardan istifadə olunması, müvafiq qaydada sosial məsafənin saxlanılması, şəxsi gigiyenaya əməl olunması ilə bağlı qaydalara rəhbərlik etdikləri təşkilat və onun bütün işçi kollektivi tərəfindən ciddi riayət olunması ilə əlaqədar tərəflərindən bütün tədbirlər görülmüş, lazımi tədbirlər görülmüşdür. Qeyd edilənləri, eyni zamanda ölkədə pandemiyaya qarşı qabaqlayıcı tədbirlər nəticəsində yoluxma hallarının azalmasına nail olunması ilə əlaqədar karantin rejiminin yumşaldılmasını, bəzi məhdudiyyət tədbirlərinin aradan qaldırılmasını nəzərə alaraq, Nazirlər Kabinetinin müvafiq qərarlarının tələbləri çərçivəsində “TOPAZ” satış məntəqələrinin fəaliyyətinin təmin edilməsi ilə bağlı köməklik göstərilməsi xahiş edilmişdir; -Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbərinin xx xxxxxxxx 2020-ci il tarixli göstərişindən görünür ki, qeyd olunan müraciət məlumat üçün Daxili İşlər Nazirliyinə, İqtisadiyyat Nazirliyinə və Gənclər və İdman Nazirliyinə göndərilmişdir. İnzibati qanunvericiliyin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxxxx 2020-ci il tarixli 323 nömrəli qərarına əsasən ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlərin “Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 iyul tarixli 237 nömrəli Qərarı ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla saat 09:00-dan 00:00-dək həyata keçirilməsi qərara alınmışdır. Sözügedən x xxxx 2020-ci il tarixli 237 nömrəli qərara “Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normaları” təsdiq edilmiş, müəyyən edilmişdir ki, koronavirus (COVİD-19) pandemiyası dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrinə müştəri qəbulu qüvvədə olan norma və qaydalardan 2 dəfə az olmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır; qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafələr isə 2 metrdən az olmamalıdır; hər bir ictimai iaşə müəssisəsinin qarşısındakı lövhədə həmin müəssisənin qida qəbulu yerlərinin (zallar, otaqlar və s.) ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları göstərilməlidir. Göründüyü kimi, törədilməsi ehtimal edilən inzibati xəta ictimai iaşə müəssisəsi hesab olunan “Topaz” idman mərc oyunlarının keçirildiyi obyektdə aşkar edilmişdir. Hansı ki, Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrində fəaliyyət qaydaları, qadağa və məhdudiyyətlər müəyyən edilmişdir. Belə obyektdə xüsusi karantin rejimi qaydalarının pozulmuş hesab olunması üçün isə, Nazirlər Kabinetinin istinad edilən qərarları ilə müəyyən edilmiş norma və tələblər pozulmalıdır. İnzibati qərarın qəbul edilməsinə əsas olmuş xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda X1 xx xxxxxxxx 2020-ci il tarixdə saat 14:00 radələrində Şərifli 80 ünvanında yerləşən “Topaz” idman mərc oyunlarını açaraq fəaliyyət göstərib karantin rejimi qaydasını pozduğu göstərilsə də, onun karantin rejimi qaydalarını pozmasının nədən ibarət olması müəyyən edilməmiş, inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən sübutlar əldə edilməmiş, protokolda göstərilməmiş, məhkəməyə də təqdim edilməmişdir. Belə olan halda, X2 tərəfindən karantin rejimi qaydasının pozuntusuna yol verilmədiyi müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmış, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydalara və qəbul edilmiş qərarlarla müəyyən edilmiş xüsusi karantin rejimi qaydalarının X2 tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə pozulmasına dair sübut əldə edilməmiş, habelə məhkəmədə şikayətə baxılarkən də təqdim edilməmişdir. Ona görə X1 əməlində inzibati xəta tərkibi olmadığından şikayət təmin olunaraq, mübahisələndirilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Nizami RPİ 25-ci PŞ-nin X1 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə 200 manat məbləğində inzibati cərimə edilməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1550/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1550/2020
06.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver