Məhkəmə qərarları › İş №3(007)-1554/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1554/2024

24.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1554/2024 24.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin nümayəndəsi X8 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMCnin nümayəndəsi “EKOL” Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən-1, Korpus 5 (MİDA YK) ünvanında xx.xx.2024-cü il tarixdə, saat 11:15-də X13 və X2 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən olmuşdur. Bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin baş əmək müfəttişi X17 tərəfindən Şəxs MMC barəsində xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin nümayəndəsi X21 izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X20 X1 tərəfindən dövlət orqanları tərəfindən daxil olan məlumatların analitik təhlili nəticəsində şəxslərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə dair şübhələrə əsaslanaraq Dövlət Agentliyinin 5 fevral 2024-cü il tarixli qərarına əsasən 14 fevral 2024-cü il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən-1, Korpus 5 (MİDA Binəqədi yaşayış kompleksi) ünvanında tikilməkdə olan çoxmənzilli yaşayış binasında qeyri-formal məşğulluq hallarının monitorinqi aparılmış və X4 və X2 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi məlum olmuşdur. Bu barədə 14 fevral 2024-cü il tarixli akt tərtib edilmiş və materiallar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinə göndərilmişdir. Materiallar poçt vasitəsi ilə göndərildiyindən həmin materialların Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinə daxil olması müəyyən müddət çəkmişdir. Materiallara və video görüntüyə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Şəxs MMC tərəfindən X13 və X5 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. "GEN İNŞAAT” MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Buna görə də Şəxs MMC-nin barəsində xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokol əsaslıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmədən Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Şəxs MMC məhkəməyə etiraz ərizəsi göndərərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin 13 mart 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun baxılmadan geri qaytarılması xahiş edilmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin inzibati xəta haqqında 13 mart 2024-cü il tarixli MN ******* nömrəli protokolu ilə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi halı aşkar edilmişdir. Belə ki, həmin protokolda Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Mədən-1, korpus 5 ünvanında xx.xx.2024-cü il tarixdə, saat 11:15-də X13 və digər bir nəfərin əmək müqaviləsi və ya digər hüquqi müqavilə olmadan işlərin yerinə yetirməsinin müəyyən olunduğu qeyd olunmuşdur. İlk öncə işin mahiyyətinə keçmədən əvvəl inzibati xətalar haqqında qanunvericiliyinin tələblərinə əsasən bildirilir ki, inzibati xəta faktını aşkar edən inzibati orqan tərəfindən müvafiq protokolun tərtib olunma qaydalarına riayət edilməmiş və protokol kifayət qədər pozuntularla tərtib olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.5-ci maddəsinə əsasən protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Həmin Məcəllənin 101.3-ci maddəsinə əsasən inzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. İnzibati Xətalar Məcəlləsinin 102-ci maddəsində konkret olaraq hansı hallarda inzibati araşdırmanın aparılması tələb olunan inzibati xətalar göstərilmişdir. Belə ki, Məcəllənin 102.1-ci maddəsinə əsasən sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 351-1-ci, 371-1-ci, 398-ci, 602.1-ci, 602.2-ci və 602-3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. Qeyd olunan maddənin tələblərindən də göründüyü kimi əmək qanunvericiliyinin pozulmasına görə inzibati araşdırmanın aparılması nəzərdə tutulmamışdır. Buna görə də hazırki iş üzrə inzibati protokol ən geci iki (02) gün ərzində tərtib olunmalı idi. Lakin inzibati orqan (protokol tərtib edən orqan) qanunvericiliklə üzərinə qoyulmuş imperativ tələbləri yerinə yetirməmiş və qanunvericiliyin tələblərini kobud surətdə pozmuşdur. Bundan başqa Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli X11 Məcəlləsinin 109-cu maddəsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi aşağıdakılardan ibarət olmuşdur: 109.1.6-cı maddəsinə əsasən isə inzibati xətalar haqqında işə baxılmasına hazırlıq mərhələsində hakim tərəfindən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarıla bilər. Bu halda məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilir. Konstitusiya Məhkəməsinin Plenumu “Qərara Aldı” hissəsinin 2-ci bəndində birbaşa olaraq qeyd edir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə dəqiq riayət etməlidir. Lakin iş üzrə tərtib olunmuş protokoldan görünür ki, həmin orqan Məcəllənin tələblərinə dəqiq riayət etməmişdir və bu hala işə baxan Məhkəmə tərəfindən hüquqi qiymət verilməlidir. Məhkəmələr protokol və ya digər sənədlərin düzgün tərtib olunmadığını və ya təqdim edilmiş materialların natamam olduğunu müəyyən etdikdə “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərini rəhbər tutaraq sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə qərardadla qaytarmazdan əvvəl, həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə etməlidir. X12 məhz “prosessual qənaət” prinsipinin qorunmasına, inzibati xəta haqqında işin əsassız olaraq uzanmamasına, işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırılmasının təmin edilməsinə görə protokolda xüsusi əhəmiyyət kəsb etməyən səhvlər olduqda və işə baxılarkən onları tamamlamaq mümkün olduqda məhkəmə protokolu geri qaytarmamalı olduğu bildirilmişdir. Göründüyü kimi, Plenum Qərarında protokolda çatışmayan sənədlərin məhkəmə iclasında təqdim olunmasının mümkün olduğu hallarda protokolun geri qaytarılmaması bildirilmişdir.Lakin qanunvericiliyin tələbləri pozulmaqla tərtib olunmuş inzibati xəta haqqında protokol hər bir halda qanuni deyildir və geri qaytarılmalıdır. İşin faktiki hallarından müəyyən olur ki, inzibati orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti tərəfindən inzibati xəta halı 14 fevral 2024-cü il tarixdə aşkar olunmasına baxmayaraq bu sahədə mövcud olan inzibati protokolun tərtib olunmasına dair inzibati xətalar qanunvericiliyinin tələbləri kobud surətdə pozulmaqla 13 mart 2024-cü il tarixdə protokol tərtib edilmişdir. Qanunvericiliyin yuxarıda qeyd olunmuş tələblərindən müəyyən olur ki, inzibati xəta haqqında protokol inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra və ya işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Həmçinin inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinin pozulması halı özünü sözügedən protokola qeyd olunmuş “X13 və digər bir nəfər” ifadəsində göstərir. Görünür ki, inzibati orqan həmin şəxsin şəxsiyyətini müəyyən etməmiş, qanunvericiliklə ciddi şəkildə riayət edilməsi tələb olunan müddəalara səthi və formal şəkildə yanaşmışdır. Nəzərə alınmalıdır ki, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Qanunvericinin təsbit etdiyi bu tələblər eyni zamanda hüquqi dövlətdə qanunun aliliyi və qanunçuluq prinsiplərindən irəli gəlir. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən qanunun tələblərinə cavab verən hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə, məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. Bundan başqa işin mahiyyətinə, yəni inzibati xətanın törədilməsinə gəldikdə qeyd edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi halının əsası kimi inzibati orqan tərəfindən xx.xx.2024-cü il tarixdə müvafiq ünvanda X13 və şəxsiyyəti inzibati orqan tərəfindən müəyyən olunmayan digər bir nəfərin əmək müqaviləsi və ya digər hüquqi müqavilə olmadan işləri yerinə yetirməsi çıxış edir. İnzibati xətalar qanunvericiliyinin tələbinə nəzər saldıqda görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinin tələbindən irəli gəlir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 noyabr 2021-ci il tarixli X11 Məcəlləsinin 53-cü maddəsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi aşağıdakılardan ibarət olmuşdur: İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını qadağan edən, habelə artıq başlanmış icraatın davam etdirilməsini mümkünsüz edən hallar təsbit edilmişdir. Bu halların aşkar edilməsi icraatın istənilən mərhələsində mümkün olduğundan, qanunverici inzibati xəta haqqında iş üzrə icraatın hər bir mərhələsində (inzibati xəta haqqında işin baxılmağa hazırlanması, inzibati xəta haqqında işə baxılması və inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması zamanı) İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan birinin müəyyən edilməsi əsası ilə icraata xitam verilməsini nəzərdə tutmuşdur (İnzibati Xətalar Məcəlləsinin 109.2, 114.2.1 və 135.1.5-1-ci maddələri). İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan bəzi halların müəyyən edilməsi isə yalnız inzibati xəta haqqında işə mahiyyəti üzrə baxıldıqdan və müvafiq sübutlar qiymətləndirildikdən sonra mümkündür (məsələn 53.1.1,53.1.2, 53.1.3-cü və s. maddələrdə göstərilən hallar). Bu səbəbdən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxmağa hazırlıq mərhələsində İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsi ilə müəyyən edilmiş icraatı rədd edən hallardan mahiyyəti üzrə işə baxılmanı və sübutların qiymətləndirilməsini tələb etməyən hallar müəyyən olunarsa, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməlidir. Yuxarıda qeyd olunan normaların təhlilindən görünür ki, inzibati məsuliyyətin əsasında ilk növbədə inzibati xəta hadisəsinin olması dayanır. Hazırki halda isə etirazın qoşma hissəsinə əlavə edilmiş əmək müqaviləsi bildirişindən və işə qəbul ərizəsindən görünür ki, X13 ilə Şəxs MMC arasında əmək müqaviləsi bağlanılmış, onun işə başlama tarixi xx.xx.2024-cü il kimi qeyd edilmişdir. İşin araşdırılmış hallarından müəyyən olur ki, inzibati xəta haqqında protokol tərtib edilsə də, ümumiyyətlə inzibati xəta hadisəsi olmamışdır. Hesab olunur ki, Konstitusiya Məhkəməsi Plenumunun mövqeyinə əsasən İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərindən irəli gələrək hazırki protokol onu tərtib etmiş orqana qaytarılmalı, həmçinin ondan bunu düzəltməsi tələb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə təqdim olunmuş etiraz ərizəsinə uyğun izahat verərək, 13 mart 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun baxılmadan geri qaytarılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Tikinti obyektində səyyar monitorinqin keçirilməsinə dair arayışdan görünür ki, “Tikinti sahəsində qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 aprel tarixli 1349 nömrəli Fərmanının 2.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X20 X1 tərəfindən dövlət orqanları tərəfindən daxil olan məlumatların analitik təhlili nəticəsində şəxslərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə dair şübhələrə əsaslanaraq Dövlət Agentliyinin 5 fevral 2024-cü il tarixli 3-45/3-2-8/2024 nömrəli qərarına əsasən 14 fevral 2024-cü il tarixində (yoxlamanın başlama müddəti saat 11:15, yoxlamanın bitmə müddəti saat 15:05) Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən-1, Korpus 5 (MİDA Binəqədi yaşayış kompleksi) ünvanında tikilməkdə olan çoxmənzilli yaşayış binasının podratçısı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində (VÖEN: **********) qeyri-formal məşğulluq hallarının monitorinqi aparılmış və bu barədə 14 fevral 2024-cü il tarixli akt tərtib edilmişdir. Tikinti obyektində "xxxx" MMC ilə subpodrat müqaviləsi əsasında fəaliyyət göstərən “GEN İNŞAAT" MMC (VÖEN: **********) tərəfindən işə cəlb edilmiş 4 şəxslə əmək müqaviləsinin bağlanıldığı, 2 şəxslə isə əmək müqaviləsinin bağlanılmadığı aşkar olundu. Əmək müqaviləsi olmayan həmin 2 şəxsin Şəxs MMC tərəfindən işə cəlb edildiyi "xxxx" MMC-nin sahə mühəndisi X27 və mühəndisi X22 tərəfindən təsdiq olunması videogörüntülərdə əks olunub. - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən tərtib edilmiş yoxlama aktından görünür ki, xx.xx.2024-cü il tarixdə saat 11:15 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən-1, Korpus 5 ünvanındakı tikinti obyektində “X7” vasitəsilə aparılan təhlil zamanı müəyyən olunmuşdur ki, Şəxs MMC tərəfindən 2 nəfər şəxs əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 05 fevral 2024-cü il tarixli, 3-45/3-2-8/2024 nömrəli qərarından görünür ki, tikinti sahəsində qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 aprel tarixli 1349 nömrəli Fərmanının 6-cı hissəsinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək münasibətləri və məşğulluq altsistemindən daxil olan məlumatların analitik təhlili nəticəsində şəxslərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə və insanların həyat və ya sağlamlığına birbaşa və mühüm təhlükənin olmasına dair şübhələrə əsaslanaraq Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən-1, Korpus 5 ünvanında tikilməkdə olan çoxmənzilli yaşayış binasının podratçısı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində (VÖEN: **********) 2024-cü ilin 1 4 - 1 6 fevral tarixlərində (3 gün müddətində) qərar ilə tərkibi müəyyən edilən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X20 X1 şöbəsi tərəfindən plandankənar yoxlama (monitorinq) həyata keçirilməsi, Plandankənar yoxlama (monitorinq) Dövlət Agentliyinin sədrinin "Tikinti sahəsində qeyri- formal məşğulluğun qarşısının alınması sahəsində yoxlamaların aparılması ilə bağlı bəzi münasibətlərin tənzimlənməsi haqqında" 2017-ci il 11 sentyabr tarixli **********00674 nömrəli əmri ilə təsdiq edilmiş və reyestrdə qeydiyyata alınmış yoxlama suallarına uyğun olaraq aparılması, Plandankənar yoxlamada X20 X1 şöbəsinin Əmək münasibətlərinin monitorinqinin təşkili sektorunun baş məsləhətçisi X14, böyük məsləhətçiləri X15, X9, aparıcı məsləhətçiləri X6, X18, X23, məsləhətçiləri X10, X16, X3 iştiraklarının təmin olunması qərara alınmışdır. - AG-SPB-06/23 nömrəli, xx.xx.2024-cü il tarixli Subpodrat müqaviləsindən görünür ki, bu müqavilə "xxxx" MMC ilə Şəxs MMC arasında bağlanılmış, müqavilənin predmeti aşağıdakılardan ibarətdir. Subpodratçı. Podratçının tapşırığı ilə. özünün və/və ya Podratçının materiallarından və avadanlıqlarından istifadə etməklə. Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavələrdə nəzərdə tutulan konkret tikinti, təmir, quraşdırma, sazlama-işəsalma və sair işlərini (bundan sonra "İşlər" adlandırılacaq) həmin Əlavələrdə müəyyən olunmuş müddətdə mövcud norma və qaydalara, standartlara və Müqavilə şərtlərinə uyğun yerinə yetirməyi öz öhdəsinə götürür. Podratçı isə görülmüş İşləri təhvil götürməyi və müəyyən edilmiş müddətdə şərtləşdirilmiş qiymətlə haqqını ödəməyi öhdəsinə götürür. Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavələr sazişlər, qoşmalar, layihələr, cizgilər (çertyojlar), təsnifatlar, smetalar, razılaşma protokolları, cədvəllər və s. daxil olmaqla, bütün sənəd və materialların siyahısından ibarət olur.Əlavələrin bu və ya digər adla adlandırılması onların mahiyyətini dəyişmir və Əlavələr hər iki tərəfdən imza və möhürlə təsdiqləndikdən sonra qüvvəyə minir. Əlavələr qüvvəyə mindikdən sonra tərəflər arasında görülən işlər barədə tam razılaşmanı təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; Azərbaycan Respublikası Əmək Məcəlləsinin əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi məsələlərini tənzimləyən 49-cu maddəsinin 1-ci hissəsinin tələbinə görə «Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir». Əmək qanunvericiliyinin yuxarıda istinad olunan müddəasından göründüyü kimi, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınması və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsi ilə şərtləndirilir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi isə «Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə» məsuliyyət nəzərdə tutur. Beləliklə, əmək müqaviləsi hüquqi qüvvəyə minməmiş işçinin (hətta əmək müqaviləsi kağız daşıyıcıda artıq bağlanıbsa da belə) işəgötürən tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən Şəxs MMC tərəfindən müvafiq əmək müqaviləsi bağlamadan və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən işçilər ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında iş materiallarına və videogörüntüyə baxış keçirilərək müəyyən olunmuşdur ki, Şəxs MMC tərəfindən X13 və X5 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi barədə pozuntuya yol verilməsini aşkar etməklə işəgötürən tərəfindən İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş Şəxs MMC barəsində haqlı olaraq inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.3-cü maddəsində göstərilən digər halları nəzərə alaraq Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20000 (iyirmi min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar