Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1559/2020 06.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Əİiniyaz oğlunun iştirakı ilə, xx xxx 1968-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, “xxxxxxx” MMC-də sürücü işləmiş, hazırda işləməyən, Bakı şəhəri, Səbail rayonu, Badamdar yolu, ev 222, mənzil 82-də qeydiyyatda olmaqla yaşayan Şəxs Əİiniyaz oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ DYPŞ-dən daxil olmuş xx xxxxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs Əİiniyaz oğlu xx xxxxxx 2020-ci il tarixdə saat 11:40 radələrində “BMC Procity” markalı ** JU *** dövlət qeydiyyat nişanlı avtobusla Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə hərəkətdə olarkən, prospektin Nəsimi küçəsinin kəsişməsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbini pozaraq, avtobusun qabaq sağ hissəsi ilə prospektdə onunla eyni istiqamətdə hərəkətdə olan “Kia Optima” markalı ** RR *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, toqquşma zamanı avtobusda sərnişin olan Zərərçəkmiş şəxs sağlamlığına yüngül bədən xəsarəti yetirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Əİiniyaz oğlu izahat verərək bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 11:40 radələrində o, “xxxxxxx” MMC-yə məxsus olan “BMC” markalı ** JU *** dövlət qeydiyyat nişanlı avtobusla Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ilə üzü şəhər istiqamətində təxminən 20 km/saat sürətlə hərəkətdə olduğu vaxt prospektin Nəsimi küçəsi ilə kəsişməsindəki svetoforun qırmızı işığında orta zolaqda dayanıb gözlədiyi zaman “Kia Optima” markalı ** RR *** dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi avtobusun sağ tərəfində 1-ci zolaqda dayanmışdır. Svetaforun yaşıl işığı yananda hərəkətə başlamış, həmin anda “Kia” markalı avtomobil onun idarə etdiyi avtobusun qarşısına çıxmışdır. Toqquşmanın qarşısını almaq üçün o, dərhal əyləci basmış, lakin avtobusun qabaq sağ hissəsi ilə “Kia” markalı avtomobilin sol arxa hissəsindən toqquşmuşdur. Hadisə zamanı avtobusda olan qadın sərnişin, Zərərçəkmiş şəxs yüngül xəsarət almışdır. Zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi olmamışdır. Hesab edir ki, onun toqquşmanın qarşısını almaq imkanının olması barədə rəydə yazılanlar həqiqəti əks etdirmir. Bundan başqa artıq 2 ay olar ki, o, işsizdir, kiçik qardaşı hərbçidir, buna görə öz ailəsindən başqa qardaşının da ailəsinə baxır. Onun özünü də hərbi xidmətə çağırmışlar. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş Zərərçəkmiş şəxs gəlməmiş, Bakı şəhəri Nizami RPİ DYPŞ-si nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə zərərçəkmiş şəxsin və protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şahid izahatında bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 11:40 radələrində özünə məxsus olan “Kia Optima” markalı ** RR *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ilə üzü şəhər istiqamətində təxminən 40 km/saat sürətlə hərəkətdə olmuşdur. Q.Qarayev prospekti ilə Nəsimi küçəsinin kəsişməsində olan svetoforun qırmızı yanan işığında sağ zolaqda dayanıb gözlədiyi zaman “Baku bus”a məxsus avtobus onun sol tərəfində orta zolaqda dayanmışdır. Svetaforun yaşıl işığı yandığı zaman hərəkətə başlamış, avtobusun yanından keçmişdir. Bu zaman avtobusun qabaq sağ hissəsi ilə onun idarə etdiyi avtomobilin arxa sağ hissəsi arasında toqquşma olmuşdur. Hadisə zamanı avtobusda olan qadın sərnişin xəsarət aldığı üçün təcili tibbi yardımın həkimləri gələrək ona tibbi yardım göstərmişlər. Özünün barəsində məhkəmənin qərarı ilə inzibati cərimə tətbiq olunmuşdur. İşdə olan canlı şəxsin ekspertizasına dair xx xxxxxx 2020-ci il tarixli 593 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs təpə nahiyəsinin əzilmiş yarası olmuşdur. Qeyd edilən xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2020-ci il tarixdə baş vermiş yol- nəqliyyat hadisəsi zamanı sərnişini olduğu hərəkətdə olan sərnişin avtobusunun qəfil əyləci basması nəticəsində salonda yıxılması nəticəsində yarana bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 8/1335 nömrəli rəyindən görünür ki, Kia Optima markalı ** RR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 5-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. BMC markalı ** JU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, HK1-288 saylı araşdırma materialı üzrə baş vermiş yolnəqliyyat hadisəsi ilə əlaqədar sürücülər Şəxs və Şahid əməllərində cinayət tərkibi olmadığından onlar barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Şəxs və Şahid Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmələri üçün material Nizami RPİ DPYŞ-nin vasitəsi ilə Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 3(007)- 1521/2020 nömrəli qərarından görünür ki, Şahid Azərbaycan Respublikası İXM-nin 327.8ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 200 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin işin halları ilə bağlı verdikləri izahatı dinləyərək, o nəticəyə gəlir ki, Şəxs Əİiniyaz oğlu Azərbaycan Respublikası İXMnin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs Əİiniyaz oğlu həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə Şəxs məhkəmə iclasında izahatında göstərilənləri onun inzibati məsuliyyətdən yayınmağa cəhd etməsi kimi qiymətləndirir, hesab edir ki, işdə olan, yuxarıda istinad edilən sübutlarla onun həmin əməli törətməsi və təqsirli olması öz təsdiqini tapır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Zərərçəkmiş şəxs ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən Şəxs Əİiniyaz oğlunun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs Əİiniyaz oğlunun əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, məhkəmə Şəxs Əİiniyaz oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, iş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş pul vəsaitinin taleyi isə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 3(007)-1521/2020 nömrəli qərarı ilə həll edilərək dövlət hesabına ödənilməsi qərara alınmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Əİiniyaz oğlu Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat pul vəsaitinin taleyinin Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 3(007)-1521/2020 nömrəli qərarı ilə həll edilməsi nəzərə alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1559/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1559/2020
06.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver