Məhkəmə qərarları › İş №3(007)-1561/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1561/2022

15.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1561/2022 15.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məhkəmə iclasının katibi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, qərardan şikayət vermiş X2 iştirakı ilə, X2 Bakı Nəqliyyat Agentliyinin 03 oktyabr 2020-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 məhkəməyə şikayət verərək Bakı Nəqliyyat Agentliyinin 03 oktyabr 2020-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Bununla yanaşı, X3 yazılı vəsatətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, 2022-ci ilin mart ayında sürücülük vəsiqəsinin müddəti bitdiyindən, həmin vəsiqəni dəyişmək istədikdə, “ASAN xidmət”in əməkdaşı adında Bakı Nəqliyyat Agentliyinin cərimələrinin olduğunu bildirmişdir, halbuki, bu qərarların heç biri ona rəsmi surətdə təqdim olunmamış, heç birindən məlumatı olmamışdır. Bundan sonra müraciət edərək qərarları almışdır. Qeyd olunanlara əsasən qərardan şikayət verilməsi üçün buraxılmış müddətin bərpa olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X3 vəsatətin dəlillərini əsaslandırıb, vəsatətin, eyni zamanda şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən qərarı barəsində şikayət verilmiş Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət vermiş şəxsi dinləyib, vəsatəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, vəsatət təmin edilməməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, daha əvvəl Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə X2 Bakı Nəqliyyat Agentliyinin 03 oktyabr 2020-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayəti təmin olunmuş, mübahisələndirilən qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin şikayətin baxılması üçün icraata qəbul edilməsinə dair qərardadı və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə işin baxılmağa hazırlanması mərhələsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, X1 orqanın qərarından şikayət verərkən, səlahiyyətli orqanın qərarından şikayətin verilməsi üçün qanunla nəzərdə tutulan buraxılmış prosessual müddətin bərpa edilməsi ilə bağlı vəsatət verməmişdir. Birinci instansiya məhkəməsinin hakimi isə bu hallara münasibət bildirmədən işə mahiyyəti üzrə baxıb qərar qəbul etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsi qeyd olunanları nəzərə alaraq, özünün qərardadı ilə X2 şikayətini geri qaytarmış, mübahisələndirdiyi qərarın rəsmi qaydada ona verildiyi (müvafiq qaydada məlumatlandırıldığı) vaxtdan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin buraxılmasının üzürlü səbəbini göstərməklə və müvafiq sübutunu təqdim etməklə, şikayət və zəruri sənədlərlə birlikdə, prosessual müddətin bərpasına dair aidiyyəti məhkəməyə vəsatət vermək hüququnu izah etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 57.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üzrə qərar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: 57.6.1. nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; 57.6.2. nəqliyyat vasitəsinin istifadəçisi bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda); 57.6.3. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi, yaxud nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi zamanı barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərarın verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda); 57.6.4. bu Məcəllənin 97.4-cü maddəsində nəzərdə tutulmuş halda barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərar verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda). 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər; 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir; 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, X3 mübahisələndirilən 03 oktyabr 2020-ci il tarixli qərardan qanunla müəyyən edilmiş müddətdə şikayət verməmiş, hazırki halda isə mübahisələndirdiyi qərarın rəsmi qaydada ona verildiyi (müvafiq qaydada məlumatlandırıldığı) vaxtdan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin buraxılmasının üzürlü səbəbini göstərməmiş və buna dair müvafiq sübutunu təqdim etməmişdir. X2 buraxılmış prosessual müddətin bərpasına əsas kimi irəli sürdüyü dəlillərin isə əsası yoxdur, qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin üzrlü səbəbdən buraxılmış kimi qəbul edilməsinə əsas ola bilməz, hüquqi müəyyənlik prinsipi ilə uyğunluq təşkil etmir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il qərarına görə, “atılmalı olan formal addımları və şikayətin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar”. Belə olan halda, məhkəmə hesab edir ki, 03 oktyabr 2020-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət üzrsüz səbəbdən buraxıldığından həmin müddətin bərpası üçün qanuni əsaslar yoxdur, ona görə vəsatət təmin edilməməlidir. Bununla yanaşı, prosessual müddət ötürüldüyü, bərpası üçün əsaslar olmadığı halda, qərarın əsaslı olub-olmaması ilə bağlı məsələ müzakirə oluna və qərara yenidən baxıla bilməz, ona görə şikayətə də mahiyyəti üzrə baxıla bilməz. Beləliklə, məhkəmə hesab edir ki, X2 Bakı Nəqliyyat Agentliyinin 03 oktyabr 2020-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatəti təmin edilməməli, həmin vəsatət təmin edilmədiyindən mübahisələndirilən qərara mahiyyəti üzrə baxılmamalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 57, 126, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Bakı Nəqliyyat Agentliyinin 03 oktyabr 2020-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatəti təmin edilməsin, vəsatət təmin edilmədiyindən mübahisələndirilən qərara mahiyyəti üzrə baxılmasın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar