Məhkəmə qərarları › İş №3(007)-1567/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1567/2023

11.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1567/2023 11.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 27 fevral 2023-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən hüquqi ünvanı ünvan 1əfindən 002/2016 nömrəli 01 iyun 2016-cı il tarixli, xx/xx/2019 nömrəli 28 oktyabr 2019-cu il tarixli və xx/xx/2021 nömrəli 28 yanvar 2021-ci il tarixli müqavilələrə əsasən Bakı Bas Gömrük İdarəsində müvafiq olaraq 28 iyun 2019-cu il tarixdə **********425 sorğu nömrəli, 27 may 2020-ci il tarixdə **********1868 sorğu nömrəli və 27 fevral 2021-ci il tarixdə **********3738 sorğu nömrəli gömrük bəyannamələri üzrə xarici iqtisadi fəaliyyət nəticəsində 3358.74 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının Qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülməmiş, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş, az miqdar hesab olunan həmin xarici valyuta vəsaiti xaricdən qaytarılmamışdır. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi X2 izahatında göstərmişdir ki, iş materiallarından göründüyü kimi, tərtib edilmiş inzibati xəta haqqında protokolda xarici iqtisadi fəaliyyət nəticəsində əldə olunan vəsait 155192.07 ABŞ dolları müəyyən edilmişdir. Lakin, sonradan araşdırma nəticəsində 3 vergi bəyannaməsi üzrə qaytarılmamış məbləğin 3358 ABŞ dolları olduğu müəyyən edilmişdir. Həmin vergi bəyannamələrindən 3150 ABŞ dolları “Jihd Qardaşları” şirkətinə, 106 ABŞ dolları “Tatco İnternational” şirkətinə, 101 ABŞ dolları “Winner Greenland” şirkətinə aiddir. Həmin şirkətlərlə danışıq zamanı onlara bildirmişlər ki, 106 dollar və 101 dollar bank komissiyasına çıxdığına görə həmin pulu MMC-yə ödənilən ödənişdən çıxmışlar. Yəni, həmin məbləğlər üzrə yayınma olmamışdır. 3150 dollar borcu olan “Jihd Qardaşları” şirkətinin ümumi borcu 29155 dollar olmuş, 26004 dollar ödəniş edildikdən sonra həmin məblığdə borc qalmışdır. Ödənişin təmin olunması üçün həmin şirkətlə dəfələrlə əlaqə saxlamağa çalışsalar da onlar tərəfdən heç bir geri dönüş və ya ödəniş olmamış, göstərdikləri səylər heç bir fayda verməmişdir, ona görə hesab edirlər ki, pul vəsaitinin göndərilməməsində MMC-nin heç bir təqsiri yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, hüquqi şəxs "xxxx" MMC ilə müxtəlif ölkələrdə fəaliyyət göstərən şirkətlər arasında bağlanmış 002/2016 nömrəli 01 iyun 2016cı il tarixli, xx/xx/2019 nömrəli 28 oktyabr 2019-cu il tarixli və xx/xx/2021 nömrəli 28 yanvar 2021-ci il tarixli müqavilələr əsasında Bakı Bas Gömrük İdarəsində müvafiq olaraq 28 iyun 2019-cu il tarixdə **********425 sorğu nömrəli, 27 may 2020-ci il tarixdə **********1868 sorğu nömrəli və 27 fevral 2021-ci il tarixdə **********3738 sorğu nömrəli gömrük bəyannamələri üzrə mallar ökə xaricinə ixrac edilmiş, lakin, həmin xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş 3358.74 ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının Qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməsi təmin edilməmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Hazırkı halda məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz hüquqi şəxs "xxxx" MMC tərəfindən törədilmiş, inzibati xətalar qanunvericiliyinin tələbləri həmin MMC tərəfindən pozulmuşdur ki, bu da, Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinin təsiri altına düşməklə, sözügedən maddə ilə inzibati məsuliyyətə səbəb olmuşdur. Törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinə görə, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Maddənin “Qeyd”indən görünür ki, bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” 17 may 2021-ci il tarixli Qərarına əsasən “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3 və 12-ci maddələrinin tələblərinə müvafiq olaraq məhkəmələr həmin Məcəllənin 483-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini müəyyən etməlidir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə hüquqi şəxsin qanuni nümayəndəsinin izahatında göstərilənlərə münasibətdə qeyd edir ki, həmin hallar işin icraatına inzibati xəta hadisəsinin və ya tərkibinin olmaması əsası ilə xitam verilməsinə əsas deyildir. Azərbaycan Respublikası İXM-nin 11.3-cü maddəsinə əsasən inzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İnzibati xəta haqqında işin materiallarından görünür ki, hüquqi şəxs "xxxx" MMC tərəfindən Bakı Baş Gömrük İdarəsində rəsmiləşdirilmiş müxtəlif məhsullar 28 iyun 2019cu il, 27 may 2020-ci il və 27 fevral 2021-ci il tarixlərdə bəyan edilmiş gömrük bəyannamələrinə əsasən ölkə xaricinə ixrac edilmişdir, lakin, ixrac edilmiş 3358.74 ABŞ dolları dəyərində yükün müqabilində qaytarılmalı olan pul məbləğləri müvəkkil bank hesabına köçürülməmişdir. Hansı ki, hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Belə olan halda, 180 gün müddətin axımı vəsaitlərin bəyan edildiyi 28 iyun 2019-cu il, 27 may 2020-ci il və 27 fevral 2021-ci il tarixlərdən başlanmış, müvafiq olaraq 29 iyun 2019-cu il, 28 noyabr 2020-ci il və 28 avqust 2021-ci il tarixlərdə başa çatmaqla inzibati xəta həmin günlərdən törədilmiş hesab olunmalıdır. Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasını özündə ehtiva edən İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi isə gömrük qaydaları əleyhinə olan inzibati xətalara aiddir və belə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İş üzrə inzibati xəta haqqında protokol isə həmin müddətlərin başa çatmasından xeyli sonra, 27 fevral 2023-cü il tarixdə tərtib edilmiş, 28 fevral 2023-cü il tarixli məktubla poçt vasitəsi ilə material baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmiş və 14 mart 2023-cü il tarixdə məhkəməyə daxil olmuş, material baxılması üçün icraata qəbul edilmiş və mahiyyəti üzrə baxılmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, inzibati xətanın törədilmə vaxtının müvafiq olaraq 29 iyun 2019-cu il, 28 noyabr 2020-ci il və 28 avqust 2021-ci il tarixləri olması müəyyən edilməli, inzibati xəta haqqında materialın həmin müddətlərin başa çatdıqdan sonra məhkəməyə daxil olması, baxılan xarakterli işlər üzrə inzibati tənbehin isə inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilməsinə dair qanunla müəyyən edilmiş müddət keçdiyindən isə, "xxxx" MMC inzibati məsuliyyətdən azad edilməklə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata, həmin Məcəllənin 38.1-ci maddəsi ilə müəyyən edilmiş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilməli və "xxxx" MMC inzibati məsuliyyətdən azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 38, 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İXMnin 483-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata, həmin Məcəllənin 38.1ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən xitam verilsin və həmin məhdud məsuliyyətli cəmiyyət inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar