Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-157/2025 17.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X5, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər Baş Polis İdarəsinin X12 İdarəsinin Yol-nəqliyyat hadisələri üzrə şöbəsinin inspektoru X3 iştirakları ilə, X5 Bakı şəhər Baş Polis İdarəsinin X12 İdarəsinin 16 dekabr 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 Bakı şəhər Baş Polis İdarəsinin X12 İdarəsinin 16 dekabr 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 27 iyul 2024-cü il tarixdə saat 20-21 radələrində idarə etdiyi “Hundai Sonata” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə baş yol olan Bakı şəhəri Heydər Əliyev prospekti ilə Sabunçu rayonu Bakıxanov qəsəbəsi istiqamətində hərəkətdə olarkən “VAZ-2107” markalı **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü - Bakı şəhəri Nizami RPİ-nin polis əməkdaşı həmin yola sağdan birləşən ikinci dərəcəli yolla yüksək sürətlə hərəkət edib manevr edərək sağdan birinci hərəkət zolağından ikinci zolağa keçib 2.4 “Yol verin” üstünlük nişanının tələblərinə məhəl qoymayıb ara məsafəsi saxlamadan avtomobilini sağdan onun hərəkət zolağına daxil edib avtomobilinin sağ arxa qapısından toqquşdurmaqla yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə avtomobilinin həmin hissəsini yararsız vəziyyətə salmaqla ona 1500 manat məbləğində maddi ziyan vurmuşdur. Hadisə Bakı şəhəri Nizami rayonu ərazisində “Koroğlu” metrostansiyasının yaxınlığında baş vermişdir. O, hadisə barədə mobil telefonla Azərbaycan Respublikası DİN-in 102 Xidməti Zəng Mərkəzi sisteminə məlumat verdikdən sonra Bakı şəhəri X12 İdarəsinin əməkdaşı, polis mayoru Zaur Abbasov uzun müddətdən sonra hadisə yerinə gəlmişdir. Polis mayoru Zaur Abbasov hadisə yerində yalnız onun və digər sürücünün sənədlərini və avtomobilin sənədlərini almaqla kifayətlənmiş, o, hadisə yerini tərk edərək getmişdir. O, polis mayoru Zaur Abbasovdan hadisə yerində müvafiq sənədləşmə aparmasını tələb etsə də, polis əməkdaşı buna əhəmiyyət verməmiş və hadisə yerindən qaçıb getmişdir. Qeyd edir ki, polis mayoru Zaur Abbasov hadisə yerinə baxış keçirməmiş, avtomobillərin toqquşduğu yeri müəyyən etməmiş, yol elementlərinin ölçülərini, toqquşma yerinin ölçülərini ölçməmiş, hadisə yerinə baxış protokolu və hadisə yerinin sxemini tərtib etməmiş, fotoşəkillər çəkməmiş, hadisə şahidlərinin dairəsinin müəyyən edilməsi və izahatlarının alınmasına təşəbbüs göstərməmiş, onun və digər sürücünün sərxoşluq müayinəsindən keçmələrini təmin etməmiş, hadisə ilə bağlı ondan izahat götürməmiş, avtomobilinə dəymiş ziyanı müəyyən etməmiş və digər zəruri hərəkətlər aparmamışdır. Beləliklə, polis mayoru Zaur Abbasov baş vermiş yol-nəqliyyat hadisəsi üzrə heç bir araşdırma aparmadan, qeyd etdiyi hərəkətləri etmədən, material üzrə məhkəmə yol-nəqliyyat hadisəsi üzrə ekspertiza təyin etmədən səhəri gün, yəni xx.xx.2024-cü il tarixdə həftənin bazar günü onun iştirakı olmadan barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə İXP6437711 nömrəli protokol tərtib edib onu 40 manat məbləğində cərimə etmişdir. Polis mayoru Zaur Abbasovun vəzifəsinə laqeyd yanaşıb, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə vəzifəsini aşıb heç bir araşdırma aparmadan onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə İXP6437711 nömrəli protokol tərtib edib onu 40 manat məbləğində cərimə etməsi nəticəsində “VAZ-2107” markalı **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığortası “Xalq Sığorta” təşkilatı ona dəymiş ziyanı ödəməkdən boyun qaçırmışdır. Polis mayoru Zaur Abbasov onuin sürücülük vəsiqəsini və avtomobilinin qeydiyyat şəhadətnaməsini 27 iyul 2024-cü il tarixdən 29 avqust 2024-cü il tarixədək özündə saxlamışdır. Zaur Abbasovun onun barəsində tərtib etdiyi protokol üzrə xx.xx.2024-cü il tarixli qərar ona 29 avqust 2024-cü il tarixdə təqdim edilmişdir. Şikayəti əsasında Bakı şəhəri Nizami rayon Məhkəməsində iclas keçirilmiş, həmin məhkəmənin xx.xx.2024-cü il tarixli 3(007)-4223/2024 saylı qərarı ilə barəsində polis mayoru Zaur Abbasovun qəbul etdiyi 08 avqust 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş, xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılması üçün material Bakı şəhəri Baş Polis İdarəsinin X12 idarəsinə göndərilmişdir. Lakin, Bakı şəhəri Baş Polis İdarəsinin X12 idarəsinin əməkdaşı, polis mayoru X4 heç bir araşdırma aparmadan, hadisə yerinə baxış keçirmədən, protokol və sxem tərtib etmədən, hadisə üzrə məhkəmə yol-nəqliyyat ekspertizası təyin etmədən 16 dekabr 2024-cü il tarixdə onun barəsində əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərar qəbul etmiş, həmin qərarı ona 24 dekabr 2024-cü il tarixdə təqdim etmişdir. Qeyd etdiyi kimi, hadisədə o, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmamış, hərəkətində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. O, idarə etdiyi “Hundai Sonata” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə baş yol olan Bakı şəhəri Heydər Əliyev prospekti ilə Sabunçu rayonu Bakıxanov qəsəbəsi istiqamətində hərəkətdə olarkən “VAZ-2107” markalı **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü həmin yola sağdan birləşən ikinci dərəcəli yolla yüksək sürətlə hərəkət edib, sol tərəfində olan bütün avtomobilləri ötməklə manevr edib, onun avtomobilinin sağ güzgüsünün görmə bucağından kənar vəziyyətdə sağdan birinci hərəkət zolağından ikinci zolağa keçib 2.4 “Yol verin” üstünlük nişanının tələblərinə məhəl qoymayıb ara məsafəsi saxlamadan avtomobilini sağdan onun hərəkət zolağına daxil edib avtomobilinin sağ arxa qapısından toqquşdurmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Qeyd olunan hallar hadisə üzrə məhkəmə yol-nəqliyyat hadisəsi üzrə ekspertiza təyin edilməklə təsdiq oluna bilər və o, həmin ekspertizanı araşdırmanı aparan əməkdaşlardan tələb etsə də onlar buna əhəmiyyət verməmişlər. Odur ki, Bakı şəhəri Baş Polis İdarəsinin X12 idarəsinin əməkdaşı, polis mayoru X4 tərəfindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi, məhkəmə yol-nəqliyyat hadisəsi üzrə ekspertizası təyin edilməsi və əlavə araşdırma aparılması üçün materialın Bakı şəhər prokurorluğuna göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X7 şikayətin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, baş yola sağdan birləşən ikinci dərəcəli yolla yüksək sürətlə hərəkət edib manevr edərək sağdan birinci hərəkət zolağından ikinci zolağa keçib 2.4 “Yol verin” üstünlük nişanının tələblərinə məhəl qoymayıb ara məsafəsi saxlamadan avtomobilini sağdan onun hərəkət zolağına daxil edərək avtomobilinin sağ arxa qapısından toqquşan sürücü onu görməli, ona yol verməli idi. O, hələ də maşınını düzəltməmişdir, düzəltməyəcəkdir də, çünki, yol hərəkəti qaydasını pozmamışdır. Şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər Baş Polis İdarəsinin X12 İdarəsinin Yol-nəqliyyat hadisələri üzrə şöbəsinin inspektoru X6 izahatında göstərmişdir ki, 27 iyul 2024-cü il tarixdə saat 20:06-da Bakı şəhəri Nizami rayonu Heydər Əliyev prospektində X7 tərəfindən idarə olunan “Hyundai Sonata minik” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmişdir. Bazar günü olmasına baxmayaraq vətəndaş çağırılmış, izahatı alınmış və görüntülər çıxarılmışdır. Hadisə yerinin video görüntsü də ona verilmişdir. Video görüntü ilə təsdiq olunur ki, X2 qayda pozuntusu törətmişdir. Şikayət əsassız olduğundan təmin olunmamasını, qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş inspektorun iştirakını nəzərə alaraq, qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X12 İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhər Baş Polis İdarəsinin X12 İdarəsinin 16 dekabr 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 27 iyul 2024-cü il tarixdə saat 20:06-da Nizami rayonu Heydər Əliyev prospektində “Hyundai Sonata minik” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyə görə” Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə barəsində 40 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar; 42-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır; 64-cü maddəsinin İ hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X7 27 iyul 2024-cü il tarixdə saat 20:06da “Hyundai Sonata minik” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobili Nizami rayonu Heydər Əliyev prospektində idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda istinad olunan normalarının tələblərini pozmaqla, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməklə hərəkətini davam etdirmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Nəzərə alınmalıdır ki, daha əvvəl Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)- 4223/2024 nömrəli iş üzrə 12 sentyabr 2024-cü il tarixli qərarı ilə Bakı şəhər Baş Polis İdarəsinin X12 İdarəsinin 08 avqust 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş, material yenidən araşdırılması üçün həmin orqana göndərilmiş və müvafiq araşdırma aparılmışdır. X1 irəli sürdüyü dəlillər həmin araşdırma zamanı öz təsdiqini tapmamışdır. Baxılan işə münasibətdə qanunvericiliyin tələbləri və toplanaraq tədqiq edilmiş sübutlar baxımından, X5 yol verdiyi inzibati xətanın törədilməsi və bu inzibati xətanın törədilməsində onun təqsirinin olması təsdiq və sübut edilir, bu sübutların şübhə altına alınmasına, X5 inzibati xətanı törətməməsi, onun təqsirinin olmaması ilə bağlı nəticəyə gəlinməsinə hüquqi əsaslar yoxdur. O cümlədən, məhkəməyə təqdim olunmuş videogörüntünün tədqiqi ilə şikayətdə irəli sürülən dəlillər təkzib olunmaqla, sözügedən xətanın X7 tərəfindən törədilməsi və xətada həmin şəxsin təqsirinin olması öz təsdiqini tapmış və sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 82.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı əhəmiyyət kəsb edən hər hansı məsələnin həlli üçün elm, incəsənət, texnika və ya sənət sahəsində xüsusi bilik tələb edən məsələlərin aydınlaşdırılması məqsədi ilə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərardadı ilə ekspertiza təyin edir. Məhkəmə əlavə olaraq qeyd edir ki, mübahisələndirilən məsələ üzrə işin həlli xüsusi bilik tələb etmədiyinə, yol hərəkəti qaydaları və inzibati xətalar qanunvericiliyi baxımından hüquqi qiymətləndirilməsi aşkar olmaqla şübhə yaratmadığından, ekspertizanın təyin olunmasına əsaslar olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X5 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X5 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 Bakı şəhər Baş Polis İdarəsinin X12 İdarəsinin 16 dekabr 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-157/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-157/2025
17.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver