Məhkəmə qərarları › İş №3(007)-1574/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1574/2021

06.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1574/2021 06.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1994-cü il tarixdə Yevlax rayonunun Malbinəsi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, mənzil 149-da qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi tərəfindən tərtib edilmiş 16 may 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs tərəfindən 16 may 2021-ci il tarixdə saat 12:17-də Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 102 ünvanında yerləşən “Madam” adlı obyektin üzərində, açıq məkanda müvafiq icazə olmadan reklam yerləşdirilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X3 protokolda qeyd edilənlərə uyğun izahat vermiş, Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, reklam idarəsinin əməkdaşları tərəfindən 16 may 2021-ci il tarixdə onun barəsində inzibati protokol tərtib etmələri əsassız olmuşdur, belə ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 102 ünvanında yerləşən “Madam” adlı qadın geyimləri mağazasını o, fərdi sahibkar kimi icarəyə götürüb işlətmiş, 2019-cu ilin sentyabr ayından isə fəaliyyətini dayandırmışdır. Protokolun tərtib edilməsində iştirakı təmin olunmamışdır, barəsində protokol tərtib olunması barədə məlumatı ona mağazanın hazırkı icarədarı Şahgəldiyev İdris vermişdir. Bundan sonra o, reklam idarəsinə, eləcə də digər orqanlara müraciət edərək məlumat vermiş, lakin bunun faydası olmamış, reklam idarəsi tərəfindən inzibati material məhkəməyə göndərilmişdir. Hesab edir ki, hər hansı inzibati xətaya yol verməmişdir. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 102 ünvanında yerləşən “Madam” adlı qadın geyimləri mağazasını o, icarə əsasında işlədir. 16 may 2021-ci il tarixdə reklam idarəsinin əməkdaşları mağazaya baxış keçirən zaman da mağaza onun icarəsində olmuşdur, Şəxs mağazanı əvvəllər icarə əsasında işlətmiş, 2019-cu ilin sentyabr ayında təhvil vermişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 üzrə Baş İdarəsinin 24 iyun 2021-ci il tarixli **********080400 nömrəli məktubundan görünür ki, vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlara əsasən Şəxs sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları 04 sentyabr 2019-cu il tarixdən 04 sentyabr 2024-cü il tarixədək dayandırılmışdır, hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasının ərazisində reklam fəaliyyətinin subyektləri arasında reklamın sifarişi, istehsalı, yayımı, istehlakı ilə bağlı yaranan münasibətlərə tətbiq edilir; 2.0.9-cu maddəsinə əsasən reklam yayıcısı - reklamı bu Qanunda nəzərdə tutulmuş qaydada, müxtəlif forma, üsul və vasitələrlə yayımlayan şəxsdir; 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozularaq müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, müvafiq obyektin üzərində, açıq havada reklam yerləşdirilməsi qaydaları istinad olunan Qanunun müvafiq müddəaları ilə tənzimlənir, açıq məkanda reklam haqqında qanunvericiliyin pozularaq müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirildiyi halında isə əməl İXM-nin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Hansı ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, belə bir xətaya Şəxs tərəfindən yol verilməmişdir, vergi ödəyicisi olan Şəxs sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları 04 sentyabr 2019-cu il tarixdən 04 sentyabr 2024-cü il tarixədək dayandırılmışdır, hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 102 ünvanında yerləşən “Madam” adlı obyekt inzibati xəta haqqında protokolun tərtib edildiyi 16 may 2021-ci il tarixində məhz X2 icarə və istifadəsində olmuşdur. Belə olan halda, müəyyən olunur ki, Şəxs İXM-nin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığından, yəni 16 may 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 102 ünvanında yerləşən “Madam” adlı obyektdə keçirilən yoxlama zamanı obyektin üzərində, açıq məkanda müvafiq icazə olmadan reklam yerləşdirildiyi müəyyən edilərkən obyekt Şəxs istifadəsində və ya icarəsində olmadığından, o, vergi ödəyicisi kimi sahibkarlıq fəaliyyətini 04 sentyabr 2019-cu il tarixdən dayandırdığından və hazırda fəaliyyəti dayandırılmış vəziyyətdə olduğundan, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığından, iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar