Məhkəmə qərarları › İş №3(007)-1574/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1574/2023

05.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1574/2023 05.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi X3 iştirakı ilə, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 538-1.2-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən "xxxx" MMC tərəfindən akkreditasiya nişanından fəaliyyət sahəsinə uyğun istifadə edilməməklə 68 sayda ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamələr verilmişdir. Bu barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin böyük məsləhətçisi Y.Z.Hüseynov tərəfindən xx.xx.2023-cü il tarixdə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X2 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aparılan araşdırmalar zamanı "xxxx" MMC tərəfindən müxtəlif qurumlara verilmiş yoxlama haqqında şəhadətnamələrin bir qismində akkreditasiya sahəsindən kənaraçıxma halları, akkreditasiya haqqında və ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində qüvvədə olan qanunvericiliyin bir sıra tələblərinin pozulması müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, uyğunluğu qiymətləndirən qurum tərəfindən verilmiş 68 sayda yoxlama haqqında şəhadətnamədə aşkar edilmiş akkreditasiya sahəsindən kənaraçıxma halları inzibati xəta tərkibi yaratdığından, qurum barəsində İnzibati Xətalar Məcəlləsinin 538-1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.7-ci maddəsinə əsasən akkreditasiya nişanı – uyğunluğu qiymətləndirən qurumun akkreditasiya olunduğunu bəyan etmək məqsədi ilə istifadə etdiyi nişan; 1.0.9-cu maddəsinə əsasən sertifikatlaşdırma - uyğunluğu qiymətləndirən qurum tərəfindən malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin, işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ-hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunun kağız üzərində yazılı və ya elektron formada təsdiqidir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum akkreditasiya nişanından müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, fəaliyyət sahəsinə uyğun istifadə etməlidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.44-cü yarımbəndinə əsasən “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya üzrə prinsip və qaydalara riayət edilməsini, uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiyanı həyata keçirmək, habelə uyğunluğu qiymətləndirən qurumların vahid dövlət reyestrini aparmaq Dövlət Xidmətinə həvalə olunmuşdur. "xxxx" MMC-nin nümayəndəsinin müddətin keçməsi ilə bağlı etiraz ərizəsində göstərdiklərinə münasibətdə bildirmişdir ki, 1357/4- 2022, 1382/4-2022, 1380/4-2022, 1379/4-2022, 1377/4-2022, 1378/4-2022, 1375/4-2022, 1376/4-2022, 1373/4-2022, 1371/4-2022, 1372/4-2022, 1369/4-2022, 1367/4-2022, 1368/4-2022 və. s nömrəli 27 sayda şəhadətnamələrin növbəti yoxlama dövrü xx.xx.2023cü il tarixdə olduğu üçün Dövlət Xidməti tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli protokol tamamilə qanunidir. Belə ki, inzibati icraat aparılan zaman problem aşkar edilən və qanunvericiliyin tələblərinə uyğun olmayaraq verilən şəhadətnamələrin hüquqi qüvvəsi var idi və hələki, növbəti yoxlama dövri başlamamışdır. Məhz qeyd edilənlərə əsasən barəsində icraat aparılan hüquqi şəxsin nümayəndəsinin göstərdikləri qanunsuz və əsassızdır. Məhkəmədən "xxxx" MMC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi X5 izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. "xxxx" MMC tərəfindən törədilməsi iddia edilən inzibati xəta 2021-ci il 2, 3 və 6 dekabr tarixlərində habelə, 2022-ci il 28 fevral tarixində baş vermişdir. Əgər tərəflərindən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin iddia etdiyi kimi inzibati xəta törədilmiş olsa idi belə bununla bağlı inzibati tənbeh 3 ay müddətində, yəni 2022-ci il 2, 3 və 6 mart, habelə 2022-ci il 28 may tarixinədək verilməli idi. Bundan əlavə, "xxxx" MMC-nin ölçmə vasitələrinin yoxlanması və kalibrlənməsi laboratoriyası tərəfindən verilmiş yoxlama şəhadətnamələri “Azərbaycan Akkreditasiya Mərkəzi” X7 tərəfindən təsdiq edilmiş akkreditasiya sahəsində mövcuddur. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən pozuntu aşkar edildiyi iddia olunan yoxlama şəhadətnamələri verilmiş ölçmə vasitələri (manometr, təzyiq sensoru) "xxxx" MMC-nin ölçmə vasitələrinin yoxlanması və kalibrlənməsi laboratoriyasının “Azərbaycan Akkreditasiya Mərkəzi” X7 tərəfindən təsdiq edilmiş akkreditasiya sahəsinin 1-ci sətrində qeyd edilmiş “Təzyiq ölçmə vasitələri” bölməsinə aiddir. Manometr və təzyiq sensoru təzyiq ölçmə vasitələridir. Hər iki ölçmə vasitəsi təzyiqi təyin edən cihazdır. Həmin ölçmə vasitələrinin yoxlanması isə akkreditasiya sahəsinin “Kalibrləmə metodunu müəyyyən edən NS-in şifrəsi” sütununda ГОСТ 8.053-73 “Манометры, вакуумметры, мановакуумметры, напоромеры, тягонапоромеры, тягомеры и манометры абсолютного давления с унифицированным пневматическим выходным сигналами. Методы поверки” və МИ 2124-50 “Манометры, вакуумметры, мзновакуумметры, напоромеры, тягомеры и тягонапоромеры показывающие и самопишущие. Методика поверки" standartları ilə həyata keçirilir. Həmin ölçmə vasitələrinə dair yoxlama şəhadətnaməsini rəsmiləşdirərkən (çap edərkən) yoxlayıcıların diqqətsizliyi səbəbindən şəhadətnamələrdə ГОСТ 2405-88 “Манометры, вакуумметры, мановакуумметры, напоромеры, тягомеры и тягонапоромеры. Общие технические условия” standartı qeyd edilmişdir. Qeyd edilən standart (ГОСТ 2405-88) manometr və təzyiq sensorunun yoxlaması metoduna dair tələbləri müəyyən edən standart deyildir. Həmin ölçmə vasitələrinin yoxlanması akkreditasiya sahəsinin 1-ci sətrində mövcud olan ГОСТ 8.053-73 və МИ 2124-50 standartları ilə həyata keçirilir. Qeyd olunanlara əsasən "xxxx" MMC tərəfindən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin iddia etdiyi akkreditasiya nişanından fəaliyyət sahəsinə uyğun istifadə edilməməklə 68 sayda ölçmə vasitəsinin yoxlanılması şəhadətnamələrinin verilməsi iddiası düzgün deyil və "xxxx" MMC-nin əməlində inzibati xəta hadisəsi və tərkibi yoxdur. Həmin şəhadətnamələrdə qeyd edilən ölçmə vasitələri (manometr, təzyiq sensoru) və onların yoxlanması metodu (ГОСТ 8.053-73 və МИ 2124-50) “Aze TEST Təcrübə Sınaq" MMC-nin akkreditasiya sahəsində mövcuddur. Sadəcə yoxlayıcının diqqətsizliyi səbəbindən ölçmə vasitələrinə verilmiş yoxlama şəhadətnamələrində ГОСТ 8.053-73 və МИ 2124-50 standartları əvəzinə səhvən ГОСТ 2405-88 standartı qeyd edilmişdir. Göstərilənlərə əsasən məhkəmədən "xxxx" MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Ölçmə vasitələrinin yoxlanılması haqqında” 5641/4-2021 nömrəli, 5640/4-2021 nömrəli, 5638/4-2021 nömrəli, 5639/4-2021 nömrəli şəhadətnamələrdən görünür ki, "xxxx" QSC 10 saylı YDM-nə məxsus “Wika” tipli təzyiq sensoru ölçmə vasitələri "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə yoxlanılaraq yararlı hesab edilmiş və müvafiq şəhadətnamələr verilmişdir. Həmin şəhadətnamələrdə yoxlama metodunun nömrəsi ГОСТ 2405-88 göstərilmişdir. - “Ölçmə vasitələrinin yoxlanılması haqqında” 5713/4-2021 nömrəli, 5714/4-2021 nömrəli, 5715/4-2021 nömrəli, 5716/4-2021 nömrəli şəhadətnamələrdən görünür ki, "xxxx" QSC 22 saylı YDM-nə məxsus “Wika” tipli təzyiq sensoru ölçmə vasitələri "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə yoxlanılaraq yararlı hesab edilmiş və müvafiq şəhadətnamələr verilmişdir. Həmin şəhadətnamələrdə yoxlama metodunun nömrəsi ГОСТ 2405-88 göstərilmişdir. - “Ölçmə vasitələrinin yoxlanılması haqqında” 5683/4-2021 nömrəli, 5684/4-2021 nömrəli, 5685/4-2021 nömrəli, 5686/4-2021 nömrəli şəhadətnamələrdən görünür ki, "xxxx" QSC 20 saylı YDM-nə məxsus “Wika” tipli təzyiq sensoru ölçmə vasitələri "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə yoxlanılaraq yararlı hesab edilmiş və müvafiq şəhadətnamələr verilmişdir. Həmin şəhadətnamələrdə yoxlama metodunun nömrəsi ГОСТ 2405-88 göstərilmişdir. - “Ölçmə vasitələrinin yoxlanılması haqqında” 5653/4-2021 nömrəli, 5654/4-2021 nömrəli, 5655/4-2021 nömrəli, 5656/4-2021 nömrəli şəhadətnamələrdən görünür ki, "xxxx" QSC 12 saylı YDM-nə məxsus “Wika” tipli təzyiq sensoru ölçmə vasitələri "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə yoxlanılaraq yararlı hesab edilmiş və müvafiq şəhadətnamələr verilmişdir. Həmin şəhadətnamələrdə yoxlama metodunun nömrəsi ГОСТ 2405-88 göstərilmişdir. - “Ölçmə vasitələrinin yoxlanılması haqqında” 5700/4-2021 nömrəli, 5701/4-2021 nömrəli, 5699/4-2021 nömrəli, 5698/4-2021 nömrəli şəhadətnamələrdən görünür ki, "xxxx" QSC 21 saylı YDM-nə məxsus “Wika” tipli təzyiq sensoru ölçmə vasitələri "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə yoxlanılaraq yararlı hesab edilmiş və müvafiq şəhadətnamələr verilmişdir. Həmin şəhadətnamələrdə yoxlama metodunun nömrəsi ГОСТ 2405-88 göstərilmişdir. - “Ölçmə vasitələrinin yoxlanılması haqqında” 5608/4-2021 nömrəli, 5609/4-2021 nömrəli, 5610/4-2021 nömrəli, 5611/4-2021 nömrəli şəhadətnamələrdən görünür ki, "xxxx" QSC 03 saylı YDM-nə məxsus “Wika” tipli təzyiq sensoru ölçmə vasitələri "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə yoxlanılaraq yararlı hesab edilmiş və müvafiq şəhadətnamələr verilmişdir. Həmin şəhadətnamələrdə yoxlama metodunun nömrəsi ГОСТ 2405-88 göstərilmişdir. - “Ölçmə vasitələrinin yoxlanılması haqqında” 5750/4-2021 nömrəli, 5649/4-2021 nömrəli, 5742/4-2021 nömrəli, 5743/4-2021 nömrəli, 5744/4-2021 nömrəli, 5745/4-2021 nömrəli, 5746/4-2021 nömrəli, 5747/4-2021 nömrəli, 5748/4-2021 nömrəli şəhadətnamələrdən görünür ki, "xxxx" QSC 03i saylı YDM-nə məxsus “Wika” tipli təzyiq sensoru ölçmə vasitələri "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə yoxlanılaraq yararlı hesab edilmiş və müvafiq şəhadətnamələr verilmişdir. Həmin şəhadətnamələrdə yoxlama metodunun nömrəsi ГОСТ 2405-88 göstərilmişdir. - “Ölçmə vasitələrinin yoxlanılması haqqında” 1357/4-2022 nömrəli, 1382/4-2022 nömrəli, 1380/4-2022 nömrəli, 1379/4-2022 nömrəli, 1377/4-2022 nömrəli, 1378/4-2022 nömrəli, 1375/4-2022 nömrəli, 1376/4-2022 nömrəli, 1373/4-2022 nömrəli, 1371/4-2022 nömrəli, 1372/4-2022 nömrəli, 1369/4-2022 nömrəli, 1370/4-2022 nömrəli, 1367/4-2022 nömrəli, 1368/4-2022 nömrəli, 1366/4-2022 nömrəli, 1363/4-2022 nömrəli, 1362/4-2022 nömrəli, 1361/4-2022 nömrəli, 1360/4-2022 nömrəli, 1359/4-2022 nömrəli, 1374/4-2022 nömrəli, 1356/4-2022 nömrəli, 1365/4-2022 nömrəli, 1364/4-2022 nömrəli, 1358/4-2022 nömrəli, 1381/4-2022 nömrəli şəhadətnamələrdən görünür ki, "xxxx" QSC-yə məxsus manometr ölçmə vasitələri "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə yoxlanılaraq yararlı hesab edilmiş və müvafiq şəhadətnamələr verilmişdir. Həmin şəhadətnamələrdə yoxlama metodunun nömrəsi ГОСТ 2405-88, növbəti yoxlama tarixi xx.xx.2023-cü il tarix göstərilmişdir. - “Ölçmə vasitələrinin yoxlanılması haqqında” 5670/4-2021 nömrəli, 5671/4-2021 nömrəli, 5669/4-2021 nömrəli, 5668/4-2021 nömrəli şəhadətnamələrdən görünür ki, "xxxx" QSC 13 saylı YDM-nə məxsus “Wika” tipli təzyiq sensoru ölçmə vasitələri "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə yoxlanılaraq yararlı hesab edilmiş və müvafiq şəhadətnamələr verilmişdir. Həmin şəhadətnamələrdə yoxlama metodunun nömrəsi ГОСТ 2405-88 göstərilmişdir. - “Ölçmə vasitələrinin yoxlanılması haqqında” 5623/4-2021 nömrəli, 5624/4-2021 nömrəli, 5625/4-2021 nömrəli, 5626/4-2021 nömrəli şəhadətnamələrdən görünür ki, "xxxx" QSC 07 saylı YDM-nə məxsus “Wika” tipli təzyiq sensoru ölçmə vasitələri "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə yoxlanılaraq yararlı hesab edilmiş və müvafiq şəhadətnamələr verilmişdir. Həmin şəhadətnamələrdə yoxlama metodunun nömrəsi ГОСТ 2405-88 göstərilmişdir. - "xxxx" MMC-nin ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi laboratoriyasının akkreditasiya sahəsini əks etdirən siyahıdan görünür ki, təzyiq ölçmə vasitələri üçün kalibrləmə metodlarını müəyyən edən NS-nin şifri ГОСТ 8.053-73 müəyyən edilmişdir. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538-1.2-ci maddəsinin tərkibi vardır və onun əməli tam sübuta yetirilir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" MMC tərəfindən verilmiş 68 sayda ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamələrdə onun akkreditasiyası sahəsinə aid olmayan akkreditasiya nişanından istifadə edilmişdir. “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.7-ci maddəsinə əsasən akkreditasiya nişanı - uyğunluğu qiymətləndirən qurumun akkreditasiya olunduğunu bəyan etmək məqsədi ilə istifadə etdiyi nişan; 1.0.9-cu maddəsinə əsasən sertifikatlaşdırma - uyğunluğu qiymətləndirən qurum tərəfindən malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin, işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ-hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunun kağız üzərində yazılı və ya elektron formada təsdiqidir Həmin Qanunun 8.2-ci maddəsinə əsasən akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum akkreditasiya nişanından müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, fəaliyyət sahəsinə uyğun istifadə etməlidir. Həmin Qanunun 12-ci maddəsinə əsasən bu qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538-1.2-ci maddəsinə əsasən akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum tərəfindən akkreditasiya nişanından fəaliyyət sahəsinə uyğun istifadə edilməməsinə görə vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçməmişdir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 538-1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538-1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 2000 (iki min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar