Məhkəmə qərarları › İş №3(007)-158/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-158/2022

11.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-158/2022 11.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1988-ci il tarixdə Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində anadan olmuş və həmin ünvanda qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 74, Yataqxanada yaşayan, Şəxs barəsində Bakı şəhəri Nizami rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Füzuli Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs borc aldığı 800 manat pul və dövlət nəfinə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi alınıb X1 verilməlidir. İnzibati işdə olan 18.02.2020-ci il tarixli qərardan görünür ki, Füzuli Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli icra vərəqəsi Füzuli rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və icra sənədinin icrasına başlanılmışdır. İnzibati işdə olan 18.02.2020-ci il tarixli bildirişdən görünür ki, borclu Şəxs tələbin könüllü icrası barədə məlumat göndərilmişdir. İnzibati işdə olan 18.08.2020-ci il tarixli qərardan görünür ki, icra sənədi üzrə icra hərəkəti davam etdirilməsi üçün materiallar Bakı şəhər Nizami Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuşdur. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru X5 tərəfindən tərtib olunmuş 13 yanvar 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs Füzuli Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli icra vərəqəsi üzrə tələbkar X1 cəmi 830 manat pulu ödəməmiş və bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru X5 izahatında göstərmişdir ki, Füzuli Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli icra vərəqəsinə əsasən, cavabdeh Şəxs borc aldığı 800 manat pul və dövlət nəfinə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi alınıb X1 verilməlidir. İcra sənədi üzrə icra hərəkəti davam etdirilməsi üçün materiallar 18.08.2020-ci il tarixdə Bakı şəhər Nizami Rayon İcra Şöbəsinə daxil olmuşdur. Borclu Şəxs icra sənədi üzrə borcunu ödəmədiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında borclu Şəxs izahatında göstərmişdir ki, Füzuli Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli icra vərəqəsinə əsasən, X1 830 manat ödəməlidir. Həmin məbləği tələbkar V.X.Əliyevə ödəmiş, lakin sonuncu pulu aldığını etiraf etmir. Barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli araşdırıb, inzibati işin baxılmasında iştirak edən şəxslərin izahatını dinləyərək hesab edir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İnzibati işin baxılması zamanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Füzuli Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli icra vərəqəsinə əsasən 830 manatı tələbkar X1 ödədiyini, lakin sonuncunun pulu aldığını etiraf etmədiyini qeyd etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, Şəxs barəsində tərtib olunmuş 13 yanvar 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinin iş materialları ilə sübuta yetirilmədiyini qeyd edir və onun izahatında göstərdiyi xüsusatı təkzib edən halların müəyyən olunmadığını nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, borclu Şəxs barəsində tərtib olunmuş 13 yanvar 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar