Məhkəmə qərarları › İş №3(007)-159/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-159/2025

12.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-159/2025 12.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X7 və onun nümayəndəsi “Universal” Vəkil Bürosunun vəkili Nümayəndə1 iştirakı ilə, Bakı şəhər Baş Polis İdarəsi X17 İdarəsinin polis mayoru X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X7 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X12 Bakı şəhər Baş Polis İdarəsi X17 İdarəsinin polis mayoru X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 04 dekabr 2024-cü il tarixdə, təxminən, saat 15:50 radələrində Nizami rayonu, Fəhlə küçəsində ona məxsus olan “BMW markalı, “F10” modelli, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən XX-YP-536 dövlət qeydiyyat nişanlı operativ nəqliyyat vasitəsini idarə edən Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən avtomobili saxlanılmışdır. Yol Patrul Xidmətinin əməkdaşları özlərini təqdim etmədən, etik davranış kodeksini ciddi şəkildə pozmaqla avtomobildə normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqa qeyri-qanuni konstruksiya dəyişiklikləri olduğunu bildirmiş, avtomobili idarə etməkdən kənarlaşdıraraq və heç bir protokol tərtib etmədən cərimə meydançasına aparmışlar. Göründüyü kimi yol patrul xidməti əməkdaşları tərəfindən qanunvericiliyin tələbləri ciddi şəkildə pozulmuş, heç bir əsas olmadan, sadəcə İXM-nin 96.1.5-ci maddəsinə vizual müşahidə apararaq əsaslanmaqla (halbuki baqaja baxılan zaman da kompressor aşkar olunmamışdır) avtomobili qanunsuz saxlanılmış, nəqliyyat vasitəsini idarəetmədən kənarlaşdırma, nəqliyyat vasitəsinə baxış və inzibati xətanın törədilməsi barədə heç bir protokol tərtib edilmədən avtomobili mühafizə olunan duracağa yerləşdirilmişdir. Onun avtomobili xx.xx.2024-cü il tarixdə saxlansa da, protokol xx.xx.2024-cü il tarixdə tərtib olunsa da SMS radar təbiqində kabinetə xx.xx.2024-cü il tarixində, qərar isə xx.xx.2024-cü il tarixdə tərtib olunsa da SMS radar təbiqində kabinetə xx.xx.2024-cü il tarixində yerləşdirilmişdir. Onlar guya onu mobil telefon istifadə edərkən saxlamışlar. Lakin belə bir hal olmamışdır. Onlar onu saxladıqda mobil telefondan istifadə etməklə bağlı ona heç bir irad bildirməmişlər. Çünki belə bir hal baş verməmişdir. O, qərarla tanış olanda görmüşdür ki, guya mobil telefondan istifadə etdiyinə görə İXM-nin 342.6-cı maddəsinin tələblərini pozmuşdur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi YPX əməkdaşı onu heç bir əsas olmadan saxlamış və qanunvericiliyin tələbinə uyğun heç bir yoxlama aparmadan qeyd olunan avadanlıq barədə heç bir mütəxəssis və ekspert rəyi almadan, ən əsası isə həmin avadanlığı avtomobilin üzərindən çıxarıb hər hansı baxış keçirmədən və həmin avandanlıq barədə protokol tərtib etmədən ona cərimə tətbiq olunmuşdur. Sözügedən avadanlıq Almaniya Federativ Respublikasından gətirilmişdir və xüsusi sertifikatı var. Yəni həmin avadanlıq kustar üsulla kəsilməmiş və ya yonulmamışdır. Avadanlıq müvafiq standartlara uyğun olaraq avtomobilin üzərinə qoyulmuşdur. Məhkəmədən xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X12 və onun nümayəndəsi Nümayəndə1 şikayətin məzmununa uyğun izahat verərək məhkəmədən Bakı şəhər Baş Polis İdarəsi X17 İdarəsinin polis mayoru X8 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Bakı şəhər Baş Polis İdarəsi X17 İdarəsinin nümayəndəsi X5 izahat verərək bildirmişdir ki, sürücü sükan arxasında olarkən əlində telefon olduğuna görə saxlanılmışdır. Sonra müəyyən olunmuşdur ki, avtomobilin vizual görünüşü fərqlidir. Belə ki, avtomobilə sonradan quraşdırılmış avadanlıq həmin avtomobil üçün nəzərdə tutulmamışdır. Şikayət əsassızdır. Məhkəmədən şikayətin təmin edilməməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında şahid qismində iştirak edən Bakı şəhər Baş Polis İdarəsi X17 İdarəsinin YPX Alayının Müşayiət-eskort bölüyünün yol-patrul xidmətinin baş inspektoru, polis leytenantı X3 izahat verərək bildirmişdir ki, X12 avtomobili idarə edərkən telefondan istifadə etdiyi üçün saxlanılmış, saxlanıldıqdan sonra avtomobilə əlavə avadanlıq quraşdırıldığı müəyyən edilmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2 və 342.6-cı maddələri ilə protokol tərtib edilmişdir. Məhkəmədən şikayətin təmin edilməməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında şahid qismində iştirak edən Bakı şəhər Baş Polis İdarəsi X17 İdarəsinin YPX Alayının Müşayiət-eskort bölüyünün yol-patrul xidmətinin inspektoru, polis baş serjantı X1 Vladik Natiq oğlu ilə oxşar məzmunda izahat vermişdir. Məhkəmə şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhər Baş Polis İdarəsi X17 İdarəsinin polis mayoru X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X12 xx.xx.2024-cü il tarixdə, saat 15:14-də idarə etdiyi “BMW 528İ” minik markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində idarə edərkən telefonu əlində saxlamaqla ondan istifadə etmiş və normativ tələbləri pozmaqla avadanlıqlar quraşdırmışdır. X2 Azərbaycan Respublikası İXM-nin 342.2.2 və 342.6-cı maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 150 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 9-cu maddinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin tələbindən göründüyü kimi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Şəxsin inzibati xəta törətməsini sübut etmək vəzifəsi qərar qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşdüyündən, inzibati orqana məlumat verilərək sübutları təqdim etməsi təklif edilmiş, lakin X7 barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən əməlində inzibati xətanın olub-olmamasının, inzibati xəta törədən şəxsin təqsirinin və işin düzgün həlli üçün əhəmiyyətli olan halların müəyyən edilməsi üçün hansı sübutlara istinad edilməsinə dair hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, bu cür sübutlar əldə edilmədən şəxs inzibati xətanın törədilməsində təqsirli bilinə bilməz və tənbeh edilə bilməz. İş üzrə sübutlar qərar qəbul etmiş səlahiyyətli orqan tərəfindən toplanılmalıdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X12 təqsirlilik məsələsini mübahisələndirir və özünü təqsirli bilmir. Belə bir vəziyyətdə iş üzrə törədilmiş inzibati xətaya dair əhəmiyyət kəsb edən sübut toplanılmamışdır. Halbuki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalı və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Bakı şəhər Baş Polis İdarəsi X17 İdarəsinin polis mayoru X8 isə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün əsaslana bildiyi sübutları əldə etməli, onları işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymətləndirməli, bu zaman şəxsin təqsirli olmasına dair yaranmış şübhələri onun xeyrinə həll etməli olduğu halda, qeyd edilən halları ümumiyyətlə müəyyən etmədən X7 Azərbaycan Respublikası İXM-nin 342.2.2 və 342.6-cı maddələri ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli olması qənaətinə gəlmişdir. Göründüyü kimi X7 təqsirliliyi sübuta yetirilmədiyi halda onun barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə iş üzrə icraata başlanılmış və X2 xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərarla təqsirli bilinərək 150 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilməmiş, X12 tərəfindən Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini təsdiq və sübut edən müvafiq sübutlar əldə edilməmişdir. Belə ki, əməlin İXM-nin 342.2.2-ci maddəsi ilə tövsif edilməsi, həmin maddənin təsiri altına düşməsi üçün nəqliyyat vasitəsinin sürücüsü tərəfindən nəqliyyat vasitəsinin texniki vəziyyətinə dair normativ tələblər pozularaq, avadanlıq quraşdırılmalı və ya dəyişdirilmiş olmalıdır. Avadanlığın quraşdırılmasının və ya dəyişdirilməsinin müəyyən edilməsi isə texniki məsələdir və belə halda texnika sahəsində xüsusi bilik tələb edən məsələnin araşdırılması məqsədi ilə Azərbaycan Respublikası İXM-nin 70-ci maddəsinin tələbinə uyğun olaraq mütəxəssisin texniki rəyi alınmaldır. Azərbaycan Respublikası İXMnin 76-cı maddəsinin tələblərinə uyğun olaraq inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri və sair sübutlar götürülməmişdir. Bununla yanaşı Azərbaycan Respublikası İXM-nin 93 və 94-cü maddələrinin tələblərinə uyğun olaraq nəqliyyat vasitəsinə hal şahidlərinin iştirakı ilə baxış keçirilməmiş, protokol tərtib edilməmiş, aşkar edilmiş sübut əhəmiyyətli əşya və ya predmetlərin götürülməsi təmin edilməmişdir. X6 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Həmin Məcəllənin İXM-nin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X12 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhər Baş Polis İdarəsi X17 İdarəsinin polis mayoru X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar