Məhkəmə qərarları › İş №3(007)-16/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-16/2022

11.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-16/2022 11.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə, "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş 01 dekabr 2021-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən "xxxx" ASC Mərkəzi Bankın 27 oktyabr 2021-ci il tarixli 26-13207-2021 nömrəli məktubu ilə tələb edilən sənədləri (cəmiyyətin 2020-ci ilə dair illik hesabatları, həmçinin səhmdarların reyestrinin, həmin ilin yekunlarına görə keçirilən səhmdarların ümumi yığıncaqlarının protokollarının surətini və aidiyyəti şəxslərlə bağlanılan əqdlər və xüsusi əhəmiyyətli əqdlərin əlavələrini) göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. İnzibati xəta hüquqi şəxsin hüquqi ünvanında 02 noyabr 2021-ci il tarixdə törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X7 protokolun məzmununa uyğun izahat verərək, "xxxx" ASC-nin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC-nin nümayəndəsi X5 izahatında göstərmişdir ki, Mərkəzi Bankın sorğusu 27 oktyabr 2021-ci il tarixdə "xxxx" ASC-yə daxil olmuş, sorğunun icrası tərəfindən təmin edilərək iki gün sonra, 29 oktyabr 2021-ci il tarixdə müvafiq sənədlər poçt vasitəsi ilə şikayət vermiş X4 ünvanına göndərilmiş, eləcə də X12 adlı əməkdaşının emailinə qısa mətnlə cavab yazaraq, X8 tərəfindən tələb edilən sənədlərin surətinin tələbkarın ünvanına göndərildiyini bildirmişdir. Cavabın alındığı həmin əməkdaş tərəfindən təsdiq edilmişdir. Ona görə hesab edir ki, ASC-nin əməlində inzibati xəta tərkibi yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -X4 06 sentyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, səhmdarı olduğu "xxxx" ASC-nin rəhbərliyinə müraciət edərək müvafiq sənədlərin ona verilməsini xahiş etmişdir; -Poçt qəbzinin və xəbərnamənin surətlərindən görünür ki, həmin ərizə 06 sentyabr 2021-ci il tarixdə göndərilmiş, 09 sentyabr 2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşı “Əliyev” tərəfindən imza edilərək alınmışdır; -X4 01 oktyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, səhmdarı olduğu "xxxx" ASC-nin rəhbərliyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 102.4, 106-1.3.2, 106-2.3 və 107-6.3-cü maddələrini kobud surətdə pozduğuna görə ASC-nin rəhbərliyi barəsində lazımi tədbir görülməsini Mərkəzi Bankdan xahiş etmişdir; -Azərbaycan Respublikası Mərkəzi Bankının "xxxx" ASC-yə ünvanlanmış 04 oktyabr 2021-ci il tarixli 26-12254-2021 nömrəli məktubundan görünür ki, X1 Banka etdiyi müraciətində "xxxx" ASC-nin 2020-ci ilə dair illik hesabatının, həmçinin səhmdarların reyestrinin, həmin illərin yekunlarına görə keçirilən səhmdarların ümumi yığıncaqlarının protokollarının surətlərini və aidiyyəti şəxslərlə bağlanılan əqdlər və xüsusi əhəmiyyətli əqdlərinin əlavələrini əldə etmək üçün cəmiyyətə müraciət etdiyini, lakin qeyd edilən məlumat və sənədlərin ona təqdim edilmədiyini bildirmişdir. Səhmdar, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106-1.3.2, 106-1.3.8-4, 106-2.3 və 107-6.3-cü maddələrinə müvafiq olaraq səhmdar cəmiyyətinin fəaliyyətinə dair məlumat almaq, ildə bir dəfə onun illik hesabatı, mühasibat balansı, bağlanacaq əqdlərin (aidiyyəti şəxslərlə əqdlərin və xüsusi əhəmiyyətli əqdlərin) əlavələri ilə tanış olmaq, səhmdarların reyestrinin və səhmdarların ümumi yığıncaqlarının protokollarının surətlərinin ona təqdim edilməsini tələb etmək hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq, “Qiymətli kağızlar bazarı haqqında” Qanunun 83.0.9-cu maddəsinə müvafiq olaraq, Ramiz Əliyevin "xxxx" ASC-nin fəaliyyəti ilə tanış olması üçün şəraitin yaradılması, yuxarıda göstərilən sənədlərin surətlərinin ona təqdim edilməsi və bu barədə 7 gün ərzində Mərkəzi Banka məlumat verilməsi tələb olunmuşdur; -Poçt xəbərnaməsinin surətindən görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının "xxxx" ASC-yə ünvanlanmış 04 oktyabr 2021-ci il tarixli 26-12254-2021 nömrəli məktubu 11 oktyabr 2021-ci il tarixdə ASC-nin “Hacıyev” soyadlı əməkdaşı tərəfindən imza edilməklə alınmışdır; -Azərbaycan Respublikası Mərkəzi Bankının "xxxx" ASC-yə ünvanlanmış 20 oktyabr 2021-ci il tarixli 26-13011-2021 nömrəli məktubundan görünür ki, Mərkəzi Bankın 04 oktyabr 2021-ci il tarixli 26-12254-2021 nömrəli göstərişi ilə tələb edilən məlumatların həmin tarixədək təqdim edilmədiyi bildirilməklə, sözügedən məlumatların 5 gün ərzində Mərkəzi Banka təqdim edilməsi "xxxx" ASC-yə təklif edilmiş, əks halda Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq edilmişdir; -Sürətli poçt xidmətinə aid poçt qəbzinin surətindən görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının "xxxx" ASC-yə ünvanlanmış 20 oktyabr 2021-ci il tarixli 26- 13011-2021 nömrəli məktubu 25 oktyabr 2021-ci il tarixdə imza edilməklə alınmışdır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin mənasına görə, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsinin tərkibini yaradır. Hansı ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, "xxxx" ASC Mərkəzi Bankın rəsmi məktubu ilə tələb edilən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106-1.3.2, 106-1.3.8-4, 106-2.3 və 107-6.3-cü maddələrində nəzərdə tutulmuş sənədləri, yəni cəmiyyətin 2020-ci ilə dair illik hesabatları, həmçinin səhmdarların reyestrinin, həmin ilin yekunlarına görə keçirilən səhmdarların ümumi yığıncaqlarının protokollarının surətini və aidiyyəti şəxslərlə bağlanılan əqdlər və xüsusi əhəmiyyətli əqdlərin əlavələrini göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla ASC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə - vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatında göstərilənlərə münasibətdə məhkəmə qeyd edir ki, irəli sürülən dəlillər məhkəməyə təqdim olunan sənədlərin tədqiqi ilə təkzib olunmuşdur, həmin dəlillərin əsası yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs "xxxx" ASC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsi ilə təqsirli bilinib, barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar