Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-16/2024 26.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs MMC 26578.78 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də 17878.74 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş, valyuta vəsaiti geri qaytarılmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs (əvvəlki adı "xxxx" MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tələblərinin pozulmasına dair tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli EP № ******* saylı protokola etiraz edirlər. Şəxs 11 oktyabr 2021-ci il tarixdə "xxxx" MMC ilə xx.xx.2021 nömrəli müqavilə imzalamış, müqavilə şərtlərinə uyğun olaraq Şəxs AFB BANK ASC vasitəsilə müxtəlif vaxtlarda müxtəlif məbləğdə, o, cümlədən xx.xx.2021-ci il tarixdə 26578,78 ABŞ dolları məbləğində vəsaiti "xxxx" MMC-nin hesabına köçürmüşdür. İnzibati protokolda həmin məbləğin 17878,74 ABŞ dolları hissəsində alınan mallar ölkəyə idxal edilmədiyi, valyuta vəsaitinin geri qaytarılmadığı göstərilmişdir. Lakin Cəmiyyət tərəfindən valyuta tənzimi qaydalarının pozulması hallarına yol verilməmiş, ödənilmiş valyuta vəsaitinin müqabilində müvafiq mal, yəni soya məhsulu ölkəyə idxal edilmişdir. Belə ki, Şəxs ilə "xxxx" MMC arasında bağlanan müqavilənin şərtləri dünyada baş vermiş pandemiya və eləcə də Rusiya-Ukrayna müharibəsi səbəbilə kontragent tərəfindən icra edilə bilməmiş, nəticədə hüquqların digər ödəyiciyə yönləndirilməsi razılığına gəlinmişdir. Bunun üçün Şəxs MMC, "xxxx" MMC və "xxxx" MMC arasında 12 aprel 2022-ci il tarixli üç tərəfli Razılaşma imzalanaraq hüquqlar "xxxx" MMC-yə buraxılmışdır. Nəticədə, "xxxx" MMC-nin tapşırığı ilə "xxxx" MMC-nin öhdəlikləri “TAVRİYA FEED AGRO İNVEST” LLC tərəfindən icra edilmiş, mal xx.xx.2022-ci il tarixli, **********5870 nömrəli X5 ilə göndərilmiş və xx.xx.2022 tarixli Təhvil-Təslim aktı ilə qəbul olunmuşdur. X5 məhkəməyə təqdim edilmiş və Bank tərəfindən həmin X5 qəbul olunaraq üzərində müvafiq qeyd aparılmışdır. Beləliklə, Şəxs MMC tərəfindən ölkə xaricinə köçürülmüş valyuta müqabilində mal ölkəyə idxal edilmiş və xaricə köçürülən valyutanın məbləğində soya məhsulları alınmışdır. Göründüyü kimi Cəmiyyət tərəfindən xaricə köçürülən 17878,74 ABŞ dolları müqabilində soya məhsulu ölkəyə idxal edilmiş və valyuta tənzimi qaydalarının pozulmasına yol verilməmişdir. Qeyd olunanları nəzərə alaraq Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsni xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2021-ci il tarixli köçürmə haqqında ərizədən görünür ki, "xxxx" MMC ilə "xxxx" şirkəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 0309.2021 nömrəli müqavilə üzrə xx.xx.2021-ci il tarixdə "xxxx" MMC tərəfindən ”POSEİDON TRADEWAVES LİMİTED” şirkətinin hesabına 26578,78 ABŞ dolları köçürülmüşdür. - “borc öhdəliklərinin köçürülməsinə dair xx.xx.2021-ci il tarixli, 0309.2021 nömrəli müqavilə” əsasında bağlanmış xx.xx.2022-ci il tarixli, 01 saylı müqavilədən görünür ki, satıcı "xxxx" şirkəti, alıcı "xxxx" MMC və üçüncü tərəf -təchizatçı "xxxx" şikrəti ilə öhdəliyin icrasının həvalə edilməsi, malların üçüncü şirkət tərəfindən göndərilməsi, malların alıcıya çatdırılması barədə razılığa gəlmişlər. -xx.xx.2022-ci il tarixli, **********5870 saylı gömrük bəyannaməsindən görünür ki, xx.xx.2021-ci il tarixli, CCL032 nömrəli müqavilə üzrə “TAVRİYA FEED AGRO İNVEST” LLC tərəfindən "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixdə 18830,70 ABŞ dolları məbləğində mal idxal olunmuşdur. 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X4 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na dəyişikliklər edilmiş, 4.3.1.3-cü yarımbənd aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir;”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən "xxxx" şirkətinin hesabına köçürülmüş vəsaitin müqabilində 17878,74 ABŞ dolları məbləğində mallar idxal olunmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından MMC-nin barəsində başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-16/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-16/2024
26.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver