Məhkəmə qərarları › İş №3(007)-160/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-160/2024

25.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-160/2024 25.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 426-cı maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 426-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 19 dekabr 2023-cü il tarixli, EP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi Rasim Məmmədov tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən "xxxx" ASC tərəfindən, ASC-nin səhmdarı X3 “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsi ilə müəyyən edilmiş hüquqları pozularaq, onun səhmdar cəmiyyətinin emissiya prospekti ilə tanış olmasına şərait yaradılmamış, səhmdarın müraciəti əsasında Mərkəzi Bankın 24 noyabr 2023-cü il tarixli, 6-1-26/2-M-42- 12352/2023 nömrəli məktubu ilə "xxxx" ASC-dən investisiya qiymətli kağızlarının emissiya prospekti ilə tanış olması üçün şəraitin yaradılması və bu barədə məktubda göstərilmiş müddət ərzində Mərkəzi Banka məlumat verilməsi xahiş edilmiş, "xxxx" ASC-nin Mərkəzi Banka ünvanlanmış 01 dekabr 2023-cü il tarixli, 25 nömrəli məktubunda tələb edilən sənədlərin X5 təqdim edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Nəticədə Azərbaycan Respublikası İXM-nin 426-cı maddəsi ilə nəzərdə tutulan həmin inzibati xəta hüquqi şəxsin hüquqi ünvanında 01 dekabr 2023-cü il tarixdə törədilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 3(007)-160/2024 saylı qərarına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 426-cı maddəsi ilə təqsirli bilinib, barəsində 3000 (üç min) manat məbləğində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 3(007)-160/2024 saylı qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri X13 şikayət verərək, şikayətin təmin edilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 3(007)-160/2024 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)-428/2024 saylı qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri X13 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 3(007)-160/2024 saylı qərarı ləğv edilərək inzibati xəta haqqında iş materialları yenidən baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmiş, 02 aprel 2024-cü il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC-nin sədri Emin Əliyev tərəfindən inzibati xəta haqqında protokola dair yazılı etiraz verilmiş, etiraz onunla əsaslandırılmışdır ki, Mərkəzi Bank tərəfindən qəbul edilmiş 19 dekabr tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tamamilə əsassız və qanunsuzdur və bu səbəbdən iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında protokola diqqət yetirdikdə məlum olmuşdur ki, Hüquq departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi X8 müəyyən etmişdir ki, "xxxx" ASC-nin səhmdarı X3 hüquqları pozulmuş və emissiya prospekti ilə tanış olmasına şərait yaradılmamışdır. Nəticədə "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası İXM-nin 426-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bununla bağlı diqqətə çatdırmaq istəyirlər ki, Cəmiyyət xx.xx.1997-ci il tarixdə keçmiş Dövlət Əmlak Komitəsinin 845 saylı sərəncamı ilə Bakı saxsı qablar zavodunun bazasında yaradılmış və səhmləri səhmdarlar tərəfindən tam özəlləşdirilmişdir. X1 2019-cu ildə Cəmiyyətin 50 ədəd (0,0028 %) səhmini almışdır. Cəmiyyətin xx.xx.2023cü il tarixdə səhmdarlarının ümumi yığıncağı keçirilmişdir. Lakin, səhmdarların ümumi yığıncağı keçirilməmişdən əvvəl həmin səhmdar ümumi yığıncağın keçirilməsinə süni maneələr törətməyə başlamış (guya ki, onun hüquqları pozulur) və hətta xx.xx.2023-cü il tarixində keçirilən ümumi yığıncaqda onun pozulmasına cəhd etmişdir. Ümumi yığıncaq keçirildikdən sonra (yeri gəlmişkən səhmdarlara dividendlər verilmişdir) həmin şəxs çoxsaylı ərizələrlə Mərkəzi Banka müraciət etməyə başlamışdır. Bu müraciətləri etməklə Cəmiyyətin rəhbərinə təzyiq göstərmək və qeyri-qanuni şəklidə əlavə dividend almaq niyyətində olmuşdur. Mərkəzi Bankın Cəmiyyətə ünvanladığı bütün müraciətlər tərəflərindən cavablandırılmış və heç bir pozuntuya yol verilməmişdir. X12 Cəmiyyətə dəvət edilmiş, tələb etdiyi sənədlərin surəti ona verilmiş və maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən bütün hesabatlarla tanış olmuşdur. Sonuncu dəfə Cəmiyyətə Mərkəzi Bankın xx.xx.2023-cü il tarixli, 6-1-262-M-42-12352/2023 saylı məktubu daxil olmuşdur. Həmin məktubda qeyd olunmuşdur ki, 2019-cu ildən etibarən Cəmiyyətin səhmini əldə etmiş X12 özəlləşdirmə planının surətinin ona verilməsini tələb edir. Mərkəzi Bankın xx.xx.2023-cü il tarixli məktubu cavablandırılmış və qeyd etmişlər ki, “tələb olunan emissiya prospekti əvvəlki rəhbərlik tərəfindən ona təhvil verilməmişdir. Ümumiyyətlə, 1997-ci ildə həmin planın Cəmiyyətə verilməsi haqda hər hansı məlumat yoxdur. Emissiya prospektinin surətinin alınması üçün xx.xx.2023-cü il tarixdə ƏMDX-nə müraciət edilmişdir. Lakin ƏMDX tərəfindən emissiya prospektinin artıq özəlləşmə dövründə Cəmiyyətə təqdim edilməsi səbəbindən Cəmiyyətə verilməsindən imtina edilmişdir”. Bu məlumat xx.xx.2023cü il tarixdə poçt vasitəsi ilə Mərkəzi Banka göndərilmişdir. Məktubdakı izahatlarından məlum olmuşdur ki, emissiya prospekti "xxxx" ASC-də yoxdur və onun surətinin bizə verilməsindən imtina edilmişdir”. Məlumdur ki, özəlləşdirmə planı (emissiya prospekti) Dövlət müəssisələrinin səhmdar cəmiyyətlərinə çevrilməsi zamanı hazırlanan sənəddir, emissiya prospektində özəlləşdirmə haqqında sərəncam, səhmlərin sayı, səhmlərin satılması forması, əmək kollektivi kimi güzəşt olunan şəxslərin sayı və sair məlumatlar olur. Emissiya prospekti ilə tanışlıq səhmlər ilkin hərracda satılan zaman Cəmiyyətin səhmdarı olmaq istəyən şəxslər üçün maraqlıdır. Səhmdar olmaq istəyən şəxslər bir qayda olaraq Hərrac Mərkəzinə müraciət edir və həmin sənəddəki məlumatlarla tanış ola bilirlər. Cəmiyyətin səhmləri tam özəlləşdiyi üçün həmin məlumatlar səhmdarlar üçün demək olar ki, artıq əhəmiyyətini itirmişdir. Vidadi Məmmədov səhmdar olduqdan 4 il sonra emissiya prospektinin surətinin ona verilməsini tələb edir və bu sənədin ona nə üçün lazım olduğunu əsaslandırmır. Ümumiyyətlə, Mülki Məcəllədə emissiya prospektinin səhmdara verilməsini nəzərdə tutan hər hansı norma yoxdur. Nəzərə alınsa ki, "xxxx" ASC 1997-ci ildə özəlləşdirməyə açılıbsa, onda emissiya prospekti Cəmiyyətə həmin ildə verilə bilərdi. Emissiya prospektinin Cəmiyyətə verilməsini təsdiq edən hər hansı məlumat Cəmiyyətdə yoxdur. Səhmdar V.Ə.Məmmədov 2019-cu ildən etibarən Cəmiyyətin səhmdarı olmuşdur. V.Ə.Məmmədov səhmdar olmamışdan 22 il əvvəl tərtib edilmiş sənədin olmaması onun hansı hüquqlarını pozur? Bu sual aydın deyildir. Beləliklə də, inzibati orqan tərəfindən Cəmiyyətdə olmayan sənəd üzrə inzibati xəta haqqında protokol qəbul edilmişdir. Halbuki, inzibati xətalara dair qanunvericiliyin prinsipləri insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qeyd edilənləri nəzərə alaraq, 3(007)-160/2024 saylı iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC-nin nümayəndəsi X4 yazılı etirazın məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, X9 hansı sənədi tələb edibsə, həmin sənədlər X5 təqdim edilmiş, səhmdar protokol və reyestrlə tanış edilmişdir. Emissiya prospekti 1997-ci ildə tərtib olunmuşdur və həmin sənəd "xxxx" ASC-də yoxdur. Hazırki, rəhbərlik 2010-cu ildən "xxxx" ASC-nə rəhbərlik etsə də, özəlləşdirmə dövründə emissiya prospekti hazırki rəhbərliyə təqdim edilməmişdir. "xxxx" ASC tərəfindən kommersiya sirri daşıyan bütün sənədlər səhmdar X5 təqdim edildiyi halda, heç bir kommersiya sirri daşımayan və əhəmiyyət kəsb etməyən özəlləşdirmə planının səhmdara verilməməsi heç bir şübhə yaratmamalıdır. Dəfələrlə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə özəlləşdirmə planının təqdim edilməsi xahiş olunsa da, lakin həmin sənəd onlara təqdim edilməmişdir. Hazırda özəlləşdirmə planı "xxxx" ASC-də yoxdur, olsa mütləq X5 təqdim edilərdi. Emissiya prospektinin itməsi barədə elan veriblər, lakin hazırda nəticəsi yoxdur. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən heç bir araşdırılma aparılmadan emissiya prospektinin harada olması müəyyən edilmədən "xxxx" ASC barəsində protokol tərtib edilmişdir. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "xxxx" ASC-yə ünvanlanmış 30 oktyabr 2023-cü il tarixli, 3-21-3/2-15897/2023 nömrəli məktubundan görünür ki, "xxxx" ASC yaradılan zaman müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən hazırlanmış emissiya prospektinin bir nüsxəsi "xxxx" ASC-nin idarəetmə orqanlarına təqdim olunmuşdur. - Azərbaycan Respublikasının Mərkəzi Bankının "xxxx" ASC-yə ünvanlanmış 24 noyabr 2023-cü il tarixli. 6-1-26/2-M-42-12352/2023 nömrəli məktubundan görünür ki, vətəndaş X9 təkrar müraciətində "xxxx" ASC tərəfindən emissiya prospektinin ona təqdim edilmədiyini bildirmişdir. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci və 83.1.9-cu maddələrinə müvafiq olaraq, həmin səhmdarın investisiya qiymətli kağızlarının emissiya prospekti ilə tanış olması üçün şəraitin yaradılması və bu barədə 7 iş günü ərzində Mərkəzi Banka məlumat verilməsi "xxxx" ASC-dən xahiş edilmişdir. - Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin 13 dekabr 2023-cü il tarixli G- 2334-12 nömrəli məktubundan görünür ki, depozitar sistemində 13 dekabr 2023-cü il tarixinə X3 adına "xxxx" ASC üzrə 50 ədəd öhdəliklərlə yüklənməmiş adi adlı səhm mövcuddur. Həmin səhmləri o, 06 fevral 2019-cu il tarixdə "xxxx"xxxx"xxxx" QSC vasitəsi ilə əldə etmişdir. - "xxxx" ASC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış 01 dekabr 2023-cü il tarixli 25 nömrəli məktubundan görünür ki, tələb olunan emissiya prospekti əvvəlki rəhbərlik tərəfindən təhvil verilməmişdir. Emissiya prospektinin surətinin alınması üçün Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilmiş, lakin Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən emissiya prospektinin artıq özəlləşmə dövründə təqdim edilməsi səbəbindən imtina edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "xxxx" ASC-nə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirmə planının (emissiya prospektinin) surətinin təqdim edilməsi barədə məktuba Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 845 nömrəli sərəncamı ilə keçmiş “Xalq üçün mallar” Dövlət Konserninin Bakı saxsı qablar zavodunun bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2016-cı il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirmə planı (emissiya prospekti) səhmdar cəmiyyəti özəlləşdirilən zaman cəmiyyətin icra orqanına təqdim edilmişdir. Müraciətdə qeyd olunan məsələyə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus özəlləşdirmə planının (emissiya prospektinin) tapılmaması barədə müvafiq dövlət orqanının arayışı təqdim edildiyi təqdirdə baxıla bilər. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən investisiya qiymətli kağızlarının emissiya prospekti və informasiya memorandumu emitentin ünvanında, investisiya qiymətli kağızlarının satış yerlərində olmalıdır və tanışlıq üçün emitent və ya yerləşdirməni həyata keçirən investisiya şirkəti tərəfindən heç bir ödəniş tələb edilmədən təqdim edilməlidir. Azərbaycan Respublikası İXM-nin 426-cı maddəsinə əsasən səhmdarın qanunvericiliklə müəyyən edilmiş hüquqlarının pozulmasına və ya qanunsuz olaraq hər hansı şəkildə məhdudlaşdırılmasına görə vəzifəli şəxslər altı yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi Rasim Məmmədov tərəfindən "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikası İnzibаti Xətаlаr Məcəlləsinin 426-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsinə əsas kimi "xxxx" ASC tərəfindən ASC-nin səhmdarı X3 “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsi ilə müəyyən edilmiş hüquqları pozularaq, onun səhmdar cəmiyyətin emissiya prospekti ilə tanış olmasına şərait yaradılmaması göstərilmişdir. Halbuki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" ASC tərəfindən emissiya prospektinin surətinin alınması üçün bir neçə dəfə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirmə planı (emissiya prospekti) səhmdar cəmiyyəti özəlləşdirilən zaman cəmiyyətin icra orqanına təqdim edildiyi bildirilsə də, lakin Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi Rasim Məmmədov "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən emissiya prospektinin və digər sənədlərin özəlləşmə üçün nə vaxt Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilməsi, həmçinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən emissiya prospektinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə nə vaxt, yəni əvvəlki rəhbərliyin və ya hazırki rəhbərliyin dövründə göndərilməsi, əvvəlki rəhbərlik tərəfindən emissiya prospektinin hazırkı rəhbərliyə təhvil verilib-verilməməsi, hansı səbəbdən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən emissiya prospektinin X5 təqdim edilmədiyi araşdırılmamış, özəlləşdirmə planının (emissiya prospektinin) "xxxx" Açıq Səhmdar Cəmiyyətində olmasına dair iş materiallarına mötəbər sübut əlavə edilməmişdir. Məhkəmə icraatı dövründə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hazırki rəhbərliyi özəlləşdirmə planının (emissiya prospektinin) "xxxx" Açıq Səhmdar Cəmiyyətində olmadığını bildirmiş, həmçinin, qeyd olunan özəlləşdirmə planının (emissiya prospektinin) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən dəfələrlə tələb edilməsinə dair sənədlər təqdim etmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC təqsirlilik məsələsini mübahisələndirir və özünü təqsirli bilmir. Belə bir vəziyyətdə iş üzrə törədilmiş inzibati xətaya dair əhəmiyyət kəsb edən sübut toplanılmamışdır. Halbuki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti barəsində inzibati məsuliyyətin yaranması üçün təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. İşin müəyyən edilmiş qeyd edilən mübahisəsiz hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs "xxxx" ASC tərəfindən ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) əməl (hərəkət və ya hərəkətsizlik) törədilməsi məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamışdır İnzibati Xətalar Məcəlləsinin prinsiplərinə dair normalar xətada təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübutetməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı qərarda həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad edilməlidir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar "xxxx" ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 426-cı maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Törədilməsi ehtimal edilən inzibati xətaya münasibətdə qeyd edilməlidir ki, "xxxx" ASC tərəfindən belə bir inzibati xətanın baş verməsini təsdiq edən hər hansı sübut təqdim edilmədiyi üçün və inzibati qanunvericiliyin tələblərinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan məhkəmə hesab edir ki, etirazın dəlilləri əsaslıdır, iş üzrə kifayət qədər pozuntuların mövcud olmasına və sübut etmək vəzifəsi üzərlərinə düşməsinə baxmayaraq, protokolu tərtib etmiş orqan hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Hazırki halda ümumiyyətlə, "xxxx" ASC-nin Azərbaycan Respublikası İnzibаti Xətаlаr Məcəlləsinin 426-cı maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada müəyyən edilmir və sübut olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9-cu maddəsinin həmin Məcəllənin 38, 145.1.6 və 146.1-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2023-cü tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, inzibati məsuliyyətə cəlbetmə müddəti elə bir müddətdir ki, məhz həmin müddət ərzində şəxs, hüquqpozmaya yol verdiyinə görə inzibati tənbehə məruz qala bilər. X7 Məcəlləsinin 53-cü maddəsinə müvafiq olaraq inzibati məsuliyyətə cəlbetmə müddətinin bitməsi inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasını istisna edən, başlanmış icraata isə xitam verilməsinə səbəb olan hallardan biridir. Göründüyü kimi, inzibati tənbehin tətbiq edilməsi qanunvericilikdə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlbetmə müddəti ilə şərtləndirilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" ASC tərəfindən törədilməsi ehtimal olunan inzibati xəta 01 dekabr 2023-cü il tarixdə törədilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi Rasim Məmmədov tərəfindən "xxxx" ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 426-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 19 dekabr 2023-cü il tarixli, EP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 3(007)-160/2024 saylı qərarına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 426-cı maddəsi ilə təqsirli bilinib, barəsində 3000 (üç min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)-428/2024 saylı qərarı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 3(007)-160/2024 saylı qərarı ləğv edilərək inzibati xəta haqqında iş materialları yenidən baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmiş, 02 aprel 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi "xxxx" ASC barəsində hal-hazırda inzibati xəta haqqında materiala məhkəmədə baxıldığı zaman törədilməsi ehtimal edilən inzibati xətanın törədildiyi vaxtdan 04 aydan çox müddət keçmiş, bununla da inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" ASC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 426-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından və inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən onun barəsində başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 426-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar