Məhkəmə qərarları › İş №3(007)-1602/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1602/2025

11.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1602/2025 11.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, Bakı şəhəri Nizami rayon prokurorunun köməkçisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1963-cü ildə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala əsasən vəzifəli şəxs "xxxx" ASC-nin idarə heyətinin sədri Şəxs tərəfindən "xxxx" ASC-nin fasonlu hissələrin metaltökmə sahəsində istifadə olunan hadisə baş vermiş avadanlığın quraşdırılmasında, istismara buraxılmasında və istismarında təhlükəli şəraitin qarşısının alınmasına dair tələblər olan istismar sənədləri ilə komplektləşdirilmədən həmin avadanlığın istifadəsində yol verildiyinə görə, “istehsalat avadanlıqları.Ümumi təhlükəsizlik tələbləri”. 12.2.003-91 DÜST-nin (Dövlət Standartının) 1.4 bəndinin tələblərinin pozulması nəticəsində xx.xx.2024-cü il traixdə "xxxx" ASC-yə məxsus zavodun fasonlu hissələrin metaltökmə sahəsində işləyən Zərərçəkmiş şəxs metal ərintinin ayağının üzərinə sıçraması nəticəsində yanıq xəsarətləri almış, bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə nəzərdə tutulmuş texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərər vurulması inzibati xətasını törətmişdir. Bu barədə Bakı şəhəri Nizami rayon prokuroru, baş ədliyyə müşaviri Pərviz İbayev tərəfindən xx.xx.2025-ci il tarixli qərarla Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon prokurorunun köməkçisi X5 inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərarın məzmununa uyğun izahat verərək məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs rəhbərlik etdiyi “ünvan 3 ünvanında yerləşən metaləritmə sexində ilməkçi-fəhlə vəzifəsində işləmişdir. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə xəsarət alması barədə məlumatı ona rəhbərlik etdiyi "xxxx" ASC-də idarə heyətinin sədr müavini vəzifəsində işləyən Emin Məmmədov vermişdir. Emin Məmmədovun məlumat verməsindən sonra o, dərhal işçiyə hər cür maddi dəstəyin verilməsi və aldığı xəsarətin müalicəsi üçün tədbirlər görülməsi barədə tapşırıq vermişdir. Ancaq sonradan ona bildirilmişdir ki, Zərərçəkmiş şəxs dəfələrlə əməkdaşlar tərəfindən çağırılsa da çağırışlara gəlməmiş, müayinə və müalicə olunmaqdan imtina etmişdir. Zərərçəkmiş şəxs işə gəlməsə də onu işdən azad etməmişlər. O, ASC-nin adından Zərərçəkmiş şəxs xəsarət almasına görə Zərərçəkmiş şəxs maddi və mənəvi dəstəyin göstərilməsinə hazırdır. Hadisə ilə bağlı X3 məlumat verilməsinə zərurət olmadığını hesab etmiş, bu səbəbdən məlumat verməmişlər. ASC-nin tibb məntəqəsində Zərərçəkmiş şəxs müayinə olunarkən ciddi xəsarət almaması müəyyən edilmişdir. Məhkəmədən qeyd etdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 X8 canlı şəxsin ekspertizasına dair xx.xx.2025-ci il tarixli, 28 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sol daban nahiyəsinin termiki yanığı olmuşdur. Qeyd olunan xəsarətqızğın maddənin, ola bilər ki, qızğın dəmirin yerli təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə zərərçəkmişin göstərdiyi şəraitdə alınması mümkündür, dərəcəsinə görə sağlamlığın qısa müddətli pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının xx.xx.2025-ci il tarixli, 10/511 saylı rəyinin nəticə hissəsindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar “istehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 DÜST”-ün 1.2 bəndinin (5-ci və 8-ci abzaslarının) tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki səbəbi olmuşdur. ünvan 4 ünvanında yerləşən "xxxx" ASC-nin fasonlu hissələrin metal tökmə sahəsində baş vermiş hadisə istifadə olunan avadanlığın quraşdırılmasında, istismara buraxılmasında və istismarında təhlükəli şəraitin qarşısının alınmasına dair tələblər olan istismar sənədləri ilə komplektləşdirilmədən həmin avadanlığın istifadəsinə yol verildiyinə görə, “İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri” 12.2.003-91 DÜST-ün (dövlət standartının) 1.4 bəndinin tələbləri cəmiyyətin direktoru tərəfindən pozulmuşdur. ünvan 4 ünvanında yerləşən "xxxx" ASC-nin fasonlu hissələrin metal tökmə sahəsində əmək şəraitinin vəziyyətinə daimi nəzarət etməklə iş yerlərinin normal olmasını, təhlükəsizlik tələblərinə cavab verməsini, təhlükəli iş ərazilərinin çəpərlənməsini təmin etmədiyinə görə, vəzifə təlimatının 2.1 və 2.2 bəndlərinin və “istehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri, 12.2.003-91 DÜST”-ün 1.2 bəndinin (5-ci və 8-ci abzaslarının) tələbləri "xxxx" ASC-nin ustası tərəfindən pozulmuşdur. (Konkret şəxs(lər) araşdırılmalarla istintaq tərəfindən müəyyən edilə billər.) - cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış materialda Azərbaycan Respublikası CM-nin 162 və 222-ci maddələrinin tərkibi müəyyən edilmədiyinə görə cinayət işinin başlanması rədd edilmişdir. "xxxx" ASC-nin idarə heyətinin sədri vəzifəsində Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2 və 555.1-ci maddələri ilə, ASC-də növbə ustası vəzifəsində işləyən X1 əməlində isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2 maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən həmin faktlar üzrə inzibati xəta haqqında iş üzrə icraatların başlanılması məsələsinə baxılması üçün toplanmış materialdan müvafiq sənədlərin ayrılaraq rayon prokurora təqdim edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla "xxxx" ASC-nin idarə heyətinin sədri Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1000 (bir min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar