Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-162/2025 04.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndələri X1 və X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X9 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 04 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospekti, ev 189 olan Şəxs MMC tərəfindən “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən əldə edilmiş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış Şahid1, Şahid2 və Şahid3 10 may 2024-cü il tarixdən hazırkı tarixədək əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi inzibati xəta haqqında protokola dair yazılı etiraz vermiş, etirazı onunla əsaslandırmışdır ki, eyni predmet üzrə Şəxs MMC-nin direktoru Hafiz Nəzərli barəsində X13 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət olunmuş, məhkəmənin xx.xx.2024-cü il tarixli 3(005)-2429/2024 nömrəli qərarı ilə inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi qərara alınmışdır. Bu qərardan X13 Xidməti apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Eyni zamanda, eyni predmet üzrə məsələyə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmış, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə inzibati xəta haqqında protokola dair material X13 Xidmətinə geri qaytarılmışdır. Həmin qərardadda qeyd edilmişdir ki, “nöqsanların araşdırılaraq aradan qaldırılması, inzibati araşdırma və protokolun tərtib olunması zamanı inzibati xətalar qanunvericiliyinin müvafiq tələblərinin pozulduğu, təqdim olunmuş materialların natamam olduğu və işə baxılarkən tamamlamaq mümkün olmadığı üçün” materiallar geri qaytarılmalıdır. Buna baxmayaraq X13 Xidməti tərəfindən məhkəmə qərardadında qeyd edilən nöqsanların aradan qaldırılması, məsələnin ətraflı araşdırılması istiqamətində iş aparılmadığı onların məhkəməyə göndərdiyi xx.xx.2024-cü il tarixli 3-17- 5/2-97661/2024 nömrəli məktubunda açıq-aşkar görünür. Xidmət yalnız üç şəxsə dəvət məktubu göndərməklə kifayətlənmiş, şirkəti məsələnin yenidən araşdırılması ilə əlaqədar dəvət etməmiş və 2024-cü ilin iyul ayında tərtib olunan protokola istinad edərək yenidən hər hansı əlavə sübut olmadan məhkəməyə eyni predmet üzrə müraciət etmişdir, halbuki İnzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Amma Dövlət Xidməti yeni inzibati araşdırma aparmamış, 2024-cü ildə tərtib olunan protokolu yenidən məhkəməyə təqdim etmişdir. X5 daxil olmuş xx.xx.2024-cü il tarixli 3-17-5/2-43478/2024 məktubla göndərilmiş inzibati xəta haqqında, 04 iyul 2024-cü il tarixli ******* nömrəli protokolun həm prosessual, həm də maddi baxımdan əsassız və qeyri qanuni olduğunu bildirirlər. İlkin olaraq qeyd etmək istəyirlər ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 78-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı inzibati xəta haqqında protokolda göstərilməli olan təqdirdə, X13 Xidmətinin əmək müfəttişi X14 tərəfindən tərtib olunan inzibati xəta haqqında protokollarda Şəxs MMC-nin icraatda iştirak etmədiyi qeyd edilmişdir. Halbuki, X8 xx.xx.2024-cü il tarixli 3-17-5/2-37169/2024 nömrəli məktubu yalnız xx.xx.2024-cü il tarixində Şəxs MMC-yə daxil olmuş və bu səbəbdən də inzibati xəta haqqında iş üzrə icraatın başlanması ilə əlaqədar xx.xx.2024-cü il tarixinə saat 14:30-a təyin edilən iclasda iştirak edilməmişdir. Buna baxmayaraq, məktub daxil olan günü həm “qaynar xətt” vasitəsilə, həm də cavab məktubu ilə iclasda iştirak edilməmənin səbəbi qeyd olunmuş, əmək müqaviləsi bildirişi sistemə daxil edilməmiş şəxslər haqqında məlumat verilməsi xahiş olunmuşdur. Bundan sonra “əmək və məşğulluq altsistemi” vasitəsilə (https://emas.sosial.gov.az/) xx.xx.2024-cü il tarixində daxil olan yeni məktubda inzibati xəta haqqında iş üzrə icraatın başlanması ilə əlaqədar xx.xx.2024-cü il tarixinə saat 12:00-a təyin edilən iclasda iştirak edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətindən Şəxs MMC-yə daxil olmuş məktuba əsasən şirkətin etibarnamə üzrə nümayəndəsi olan X15 xx.xx.2024-cü il tarixində X13 Xidmətinin dəvəti əsasında saat 12:00-da Xidmətdə olmuşdur. Əməkdaş Xidmətdə olarkən Əvəz Səfərov tərəfindən qəbul edilərkən, Ə.Səfərova etibarnamə və işlə bağlı olan digər sənədlər təqdim edilmişdir. Bundan başqa əməkdaşları məsələnin tərəflərindən ətraflı araşdırılması məqsədilə “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş informasiya sistemi”nə Şəxs MMC tərəfindən icazə alındığı iddia edilən şəxslərin adlı siyahısının verilməsi istənilsə də, Ə.Səfərov həmin adların onda olmadığını və dəqiq məlumata sahib olmadığını vurğulamışdır (halbuki Ə.Səfərov tərəfindən tərtib olunan inzibati xəta haqqında protokollarda üç şəxs barədə ətraflı məlumat verilmişdir). Xüsusilə vurğulayırlar ki, həm yazılı, həm də şifahi formada X5 əmək müqaviləsi bildirişi sistemə daxil edilməmiş şəxslər haqqında məlumat verilməsi xahiş olunsa da, bugünədək bu barədə Şəxs MMC-yə hər hansı rəsmi məlumat verilməmişdir. Məlum olduğu kimi, İnzibati Xətalar Məcəlləsinin 127-4-cü maddəsinə əsasən bu Məcəllənin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli 466 nömrəli qərarı ilə “Əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər, işsizlikdən və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar tərtib edilən inzibati xəta haqqında “Elektron Protokol”un forması təsdiq edilmişdir. Qanunun bu tələbinə baxmayaraq inzibati xəta “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən əldə olunsa da, inzibati xəta haqqında protokol elektron qaydada hazırlanmamışdır. Üstəlik inzibati xəta haqqında protokol tərtib edilərkən, İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinin tələblərinə riayət edilməyərək (inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilərkən, protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir), Şəxs MMC-nin əməkdaşı Müfəttişlikdə olduğu təqdirdə protokol onun iştirakı olmadan və hər hansı izahatı alınmadan tərtib edilmişdir. Bundan başqa həmin Məcəllənin 101-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra, işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokolun inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib olunmalı olduğu təqdirdə 2024-cü ilin may ayında aparılan monitorinqlər nəticəsində əldə olunan məlumata istinadən yalnız xx.xx.2024-cü il tarixində inzibati xəta haqqında protokol tərtib edilmişdir. X13 Xidməti tərəfindən Şəxs MMC-yə daxil olan bütün məktublarda işğaldan azad edilmiş ərazilərə “iş icazəsi” alındığı qeyd edilir, halbuki adından da göründüyü kimi (Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş informasiya sistemi) bu sistemdə hər hansı “iş icazəsindən” söhbət belə getmir. Xidmətin məhkəməyə təqdim etdiyi məktuba əlavə olunan cədvəlin hər hansı hissəsində “iş icazəsi” anlayışı yoxdur, orada qeyd olunub ki, “Qarabağ ərazisinə keçid üçün icazəyə dair müraciət edən müəssisənin adı”. X10 göndərilmiş cavab məktublarında dəfələrlə vurğulanmışdır ki, Şəxs MMC öz işçilərinin hamısı ilə qanunvericiliyin tələblərinə uyğun əmək müqaviləsi bağlayır və onları müvafiq qaydada qeydiyyatdan keçirir. “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sisteminə müraciət üçün daxili qaydalara əsasən, həmin sistemə giriş hüququ yalnız iqtisadi rayonda müvafiq tikinti və digər işlər üzrə sifarişçi olan dövlət qurumlarına aiddir. Sifarişçi olan dövlət qurumlarına isə yalnız həmin dövlət qurumları ilə müqaviləsi olan baş podratçı şirkətlər öz adından müraciət edə bilər. Belə olan halda subpodratçı şirkətlərin əməkdaşlarının da əraziyə giriş üçün müraciətləri, baş podratçı tərəfindən həyata keçirilir. Bu həmin işçilərin Şəxs MMC-nin işçilərinin olması anlamına gəlmir. Üstəlik Şəxs MMC ilə bütün subpodratçılar arasında bağlanan müqavilələrdə mütləq şəkildə vurğulanır ki, “işlərin görülməsi üçün cəlb etdiyi bütün işçilərlə əmək müqaviləsinin bağlanmasına zəmanət vermək, təmin etmək. Hər bir halda işçilərlə əmək müqaviləsinin bağlanmamasma görə tam maddi məsuliyyət daşımaq birbaşa podratçının öhdəliyindədir”. Buna baxmayaraq, Ə.Səfərov tərəfindən tərtib olunan yalnış “inzibati xəta haqqında” protokollarda İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə istinad olunmuşdur (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə). Bu maddəyə istinad edilməsi təkrarən sübut edir ki, Şəxs MMC tərəfindən X10 göndərilmiş məktublara səthi yanaşılır, protokolda göstərilən şəxslər şirkətin əməkdaşı olmadığı, həmin şəxslər şirkət tərəfindən hər hansı işə cəlb olunmadığı təqdirdə Şəxs MMC-yə qeyd edilən şəxslərə münasibətdə “işəgötürən” deyilir və buna istinadən qanunsuz olaraq 192.1-ci maddəyə əsasən protokol tərtib olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya basqa öhdəliklərin qovulması qadağandır. Həmin Qanunun 22-ci maddəsinə əsasən inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. İnzibati xəta haqqında protokollarda adları göstərilmiş Şahid1, Şahid2 və Şahid3 Şəxs MMC-yə hər hansı aidiyyəti yoxdur. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, onların Şəxs MMC ilə "xxxx" MMC arasında bağlanmış daşıma müqaviləsi əsasında “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş informasiya sisteminə əlavə edilməsi üçün "xxxx" MMC tərəfindən müraciət olunmuşdur. Şirkətləri ilə digər şirkətlər arasında olan müqavilələrdə “işlərin görülməsi üçün cəlb etdiyi bütün işçilərlə əmək müqaviləsinin bağlanmasına zəmanət vermək, təmin etmək; hər bir halda işçilərlə əmək müqaviləsinin bağlanmamasına görə tam maddi məsuliyyət daşımaq” birbaşa podratçının öhdəliyi olduğundan bu şəxslərin adları sistemə əlavə olunmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadında da göstərilib ki, həmin proses zamanı “məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirib ki, idarə etdiyi “Kamaz” markalı yük avtomobili ilə Qarabağa daş aparıb boşaldaraq gəlmişdir, amma həmin ərazidə qalıb işləməmiş, onunla bu məqsədlə müqavilə bağlanmamışdır, Şəxs MMC tanımır, həmin şirkət tərəfindən işə cəlb edilməmişdir”. İnzibati araşdırmanı aparan və protokolu tərtib edən orqan şəxslərin MMC-də işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi barədə nəticəyə gəlsə də, buna dair mötəbər sübutlar mövcud deyildir, yerinə yetirilmiş işlərin (xidmətlərin) məhz nədən ibarət olması, həmin işlər (xidmətlər) həyata keçirildiyi halda isə onların mülki qanunvericiliklə müəyyən olunmuş işlər (xidmətlər) (tapşırıq müqaviləsində nəzərdə tutulmuş) sırasına deyil, məhz əmək münasibətləri pozulmaqla, müqavilə bağlanılmadan işlərin, xidmətlərin görülməsinə cəlb edilməyə aid olması, bu zaman inzibati xətanın törədilməsi və bunda hüquqi şəxsin təqsirinin olması müəyyən və təsdiq olunmamışdır. Hansı ki, İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi onu özündə ehtiva edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bir sözlə, burada, sübutetmə yükü inzibati orqanın üzərinə düşür. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Qeyd olunanlara və İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X6 protokolun məzmununa uyğun izahat vermiş və protokol əsasında Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X2 digər nümayəndənin dəlillərini müdafiə etmiş və əlavə olaraq göstərmişdir ki, DİN-ə sorğu verilməlidir. Çünki MMC-nin başqa məhkəmələrdə də işləri olmuşdur. Onlar üçün artıq formalaşmış təcrübədir. Dəfələrlə başqa məhkəmələrdə də olub, şahid əvvəlcə gəlib deyib ki, o, Qarabağa getməmiş, işçi olmamışdır. Sorğu verdikdən sonra məlum olmuşdur ki, şahid dəfələrlə həmin ərazilərə getmiş, sürücü kimi işləmişdir. Əmək müqaviləsinə xitam verildikdən sonra da ərazilərə keçmişdir. Orada əmək fəaliyyəti ilə məşğul olmuşdur. Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X15 yazılı etirazla eyni məzmunlu izahat vermiş və əlavə olaraq göstərmişdir ki, onlar baş podratçıdırlar. Həmin şəxs subpodrat şirkətində işləyir. Həmin adam "xxxx" MMC-də işləyir. Onlar icazəni almalıdırlar, çünki baş podratçı alır icazəni. Amma həmin şəxs "xxxx" MMC-də işləyir. Qeyd etdiklərini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında göstərmişdir ki, onun icazəsini Tərtər uşaqları almışlar. O, kimin işini gördüyünü bilməmişdir. Orada daş daşımışlar. O, həmin əraziyə getmiş, bir həftə maşını orada qalmışdır. Çünki portal düzgün açılmamışdır. Portal Şuşa şəhərinə açılmış, oraya gediş olmamışdır. O, Laçın rayonunun Güləbird kəndinə getmiş, kubik daşımışdır. Şəxs MMC ilə onun əlaqəsi yoxdur. O, ev tikintisi üçün daş aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında göstərmişdir ki, o, "xxxx" MMC-də mal təchizatçısı vəzifəsində işləmişdir. "xxxx" MMC nəqliyyat şirkətidir. Sürücülər Şahid1, Şahid2 və Şahid3 Qarabağa daş daşımışlar. Həmin şəxslərlə onlar xidmət müqaviləsi bağlamışlar, qeyd olunan sürücülər də mal daşımış, həmin müqavilə ilə Qarabağa getmişlər. "xxxx" MMC-nin Şəxs MMC ilə müqaviləsi vardır. Şəxslərdən ikisi Qarabağa mal daşımışdır. Şəxs MMC sifarişi vermiş, onlar xidmət müqaviləsi bağlamışlar. Şəxs MMC ilə "xxxx" MMC arasında daşıma xidmətlərinin göstərilməsi ilə bağlı müqavilə olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd olunan Şahid1 məhkəmə iclaslarında iştirakının təmin edilməsi mümkün olmamışdır. Hansı ki, o, daha əvvəl eyni xətaya görə məhkəmənin icraatında olmuş 3(007)-3483/2024 nömrəli iş üzrə məhkəmə iclasında izahatında göstərmişdir ki, o, idarə etdiyi “Kamaz” markalı yük avtomobili ilə Qarabağa daş aparıb boşaldaraq gəlmişdir, amma həmin ərazilərdə qalıb işləməmiş, onunla bu məqsədlə müqavilə bağlanmamışdır. Şəxs adlı MMC-ni tanımır, həmin şirkət tərəfindən işə cəlb edilməmişdir. Eyni zamanda inzibati xəta haqqında protokolda qeyd olunan Şahid3 məhkəmə iclaslarında iştirakının təmin edilməsi mümkün olmamışdır. O, poçt vasitəsi ilə 06 fevral 2025-ci il tarixdə məhkəməyə göndərilmiş teleqramdan görünür ki, Ağdam rayonunda yaşadığı üçün məhkəmə iclasında iştirak edə bilməmişdir. 2024-cü ildə "xxxx" MMC tərəfindən özünə məxsus yük maşını ilə Qarabağa daş aparıb boşaldıb qayıtmışdır. Orada hər hansı bir iş görməmişdir. Şəxs MMC şirkətini tanımır. Onlarla iş görməyə dair müqavilə bağlamamışdır. Onu işlərə cəlb etməmişlər, o, sadəcə sürücüdür. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin 25 iyun 2024-cü il tarixli 3-17-5/2-40356/2024 nömrəli məktubundan görünür ki, 2024-cü ilin may ayı ərzində “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən aparılmış monitorinqlər nəticəsində əldə olunmuş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə Şəxs MMC tərəfindən iş icazəsi alınmış şəxslərin adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsistemində qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Xidmət tərəfindən 20 may 2024-cü il tarixli 3-17-5/2-30665/2024 nömrəli məktub göndərilsə də, iş icazəsi alınan işçilərlə əmək müqaviləsinin bağlanılmaması və müvafiq əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi təmin olunmamışdır; -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində qeydə alınmış məlumatlardan görünür ki, Şəxs MMC tərəfindən Şahid1, Şahid2 və Şahid3 10 may 2024-cü il tarixdən 09 iyul 2024-cü il tarixədək işğaldan azad edilmiş ərazilərə getmək üçün icazə alınmışdır; - 15 fevral 2021-ci il tarixdə bağlanmış 007/RT nömrəli müqavilənin surətindən görünür ki, "xxxx" MMC (Daşıyıcı) ilə Şəxs MMC (Sifarişçi) arasında yük daşıma xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmışdır; -"xxxx" MMC-nin Şəxs MMC-yə ünvanlanmış 07 may 2024-cü il tarixli məktubdan görünür ki, həmin MMC-lər arasında bağlanmış yük daşıma xidmətlərinin göstərilməsinə dair müqavilənin icrası ilə bağlı “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sisteminə Şahid1, Şahid2 və Şahid3 adlarının əlavə olunması xahiş edilmişdir; -Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli 3(005)- 2429/2024 nömrəli qərarından görünür ki, Şəxs MMC-nin direktoru X11 şikayəti qismən təmin edilmiş, onun Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib, (hazırkı iş üzrə adları qeyd olunan Şahid1, Şahid2 və Şahid3 ilə bağlı əmələ görə) inzibati qaydada tənbeh olunmasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin 19 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün X13 Xidmətinə göndərilmişdir; - 23 yanvar 2024-cü il tarixli, 05 nömrəli nömrəli müqavilənin surətindən görünür ki, "xxxx" MMC (Sifarişçi) ilə Şahid1 (Daşıyıcı) arasında yük daşıma xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmışdır; - 23 yanvar 2024-cü il tarixli, 06 nömrəli nömrəli müqavilənin surətindən görünür ki, "xxxx" MMC (Sifarişçi) ilə Şahid2 (Daşıyıcı) arasında yük daşıma xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmışdır; - 19 fevral 2024-cü il tarixli, 12 nömrəli müqavilənin surətindən görünür ki, "xxxx" MMC (Sifarişçi) ilə Şahid3 (Daşıyıcı) arasında yük daşıma xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmışdır; -Əmək müqaviləsi bildirişlərindən görünür ki, "xxxx" MMC-də təchisatçı işinə qəbul edilmiş X7 ilə əmək müqaviləsinə 27 sentyabr 2024-cü il tarixdən xitam verilmişdir Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fiziki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Hər hansı hüquq münasibətləri subyektlərinin hüquq və vəzifələri qiymətləndirilərkən həmin münasibətlərin məzmunu təhlil edilməli və subyektin prosessual münasibətlərdə mövcudluğu və bununla əlaqəli subyektiv hüququ və prosessual imkanları araşdırılmalıdır. Subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 44-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır; 44-cü maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. Törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmədə toplanaraq tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsinə, işğaldan azad edilmiş ərazilərə həmin cəmiyyət tərəfindən giriş icazəsi alınmış şəxslərin adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsistemində qüvvədə olan əmək müqaviləsinin aşkar edilməməsi əsas olmuşdur. Məhkəmə qeyd edir ki, qanunverici, inzibati xətalar haqqında işlər üzrə icraatda sübutetmə yükünü bilavasitə inzibati icraatı aparan orqanın üzərinə qoymuş, inzibati xəta törətməsi ehtimal olunan şəxsin isə öz təqsirsizliyini sübuta yetirməli olmamasını təsbit etmişdir. Baxılan işə münasibətdə, təqdim edilmiş sübut isə yalnız Şəxs MMC tərəfindən Şahid1, Şahid2 və Şahid3 adlarına işğaldan azad edilmiş ərazilərə keçid üçün icazənin alınması ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində qeydə alınmış məlumatlardan ibarətdir. Hansı ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsistemində qüvvədə olan əmək müqaviləsinin aşkar edilməməsindən ibarət araşdırma və belə bir məlumatın mövcudluğu və ya müvafiq şəxslərin işğaldan azad edilmiş ərazilərə hər hansı səbəbdən getməsi, hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respubikasının Əmək Məcəlləsində nəzərdə tutulan qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müvafiq şəxsləri işlərin yerinə yetirilməsinə cəlb etməsi barədə qənaətə gəlinməsi üçün yetərli və əsaslı sayıla bilməz. İnzibati araşdırma orqanı adlarına icazə alınmış şəxslərin işğaldan azad olunmuş ərazilərə gedib-getməmələrini, oraya getdikləri halda isə Şəxs MMC tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edilib-edilməmələrini, bu işlərin həcmini, növünü, işlərin davam etmə müddətini, onlara bu işlərin görülməsi haqqının ödənilib-ödənilməməsini və s. bu kimi xüsusi əhəmiyyət kəsb edən halları araşdırmamışdır. Həmçinin, belə sübutlar olmadığı halda həmin icazənin adının “iş icazəsi” kimi adlandırılmasına da əsaslar yoxdur. Məhkəmə bu qənaətə gəlməsini həm qanunvericiliyin tələbləri, həm də təqdim edilmiş sübutların məcmusu baxımından əsaslandırmaqla, belə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xətanın törədilmiş hesab olunması, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsinin əsaslı olması üçün, tövsifedici əlamət olaraq, hüquqi şəxs tərəfindən fiziki şəxslərin əmək müqaviləsi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinin müəyyən edilmiş olması mütləq şərt, tələbdir. Buna baxmayaraq, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi müəyyən edilməmiş, sübuta yetirilməmişdir. Vətəndaşlar Şahid1, Şahid2 və Şahid3 adlarına “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən icazə alınsa da, həmin şəxslərlə işəgötürən arasında əmək müqaviləsi bağlanılmamış və onlar heç bir işə cəlb olunmamışlar. Məhkəmə iclasında müəyyən edilmişdir ki, onlar Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına Şəxs MMC-nin işçisi qismində getməmiş, aralarında əmək münasibətləri yaranmamış, cəmiyyət tərəfindən işlərin görülməsinə cəlb edilməmişlər. Nəzərə alınmalıdır ki, "xxxx" MMC (Daşıyıcı) ilə Şəxs MMC (Sifarişçi) arasında yük daşıma xidmətlərinin göstərilməsinə dair 15 fevral 2021-ci il tarixli 007/RT nömrəli müqavilə mövcud olmuşdur və daşıyıcı şirkət sifarişçi şirkətə ünvanladığı 07 may 2024-cü il tarixli məktubunda, həmin MMC-lər arasında bağlanmış yük daşıma xidmətlərinin göstərilməsinə dair müqavilənin icrası ilə bağlı “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sisteminə Şahid1, Şahid2 və Şahid3 adlarının əlavə olunmasını xahiş etmişdir. Bunun özü də onu göstərir və təsdiq edir ki, adları qeyd olunan şəxslər üçün Şəxs MMC tərəfindən iş icazəsi alınmamış, həmin şəxsləri Şəxs MMC işlərin görülməsinə cəlb etməmişdir. Eyni zamanda, eyni inzibati xətaya görə təqsirli bilinərək inzibati qaydada tənbeh olunmuş Şəxs MMC-nin direktoru X11 şikayətinə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi özünün 15 avqust 2024-cü il tarixli 3(005)-2429/2024 nömrəli qərarı ilə həmin vəzifəli şəxsin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh olunmasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin 19 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarını ləğv edərək işi yenidən baxılması üçün X13 Xidmətinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli qərarı ilə həmin qərar dəyişdirilməsən saxlanılmışdır. Məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını qadağan edən, habelə artıq başlanmış icraatın davam etdirilməsini mümkünsüz edən hallar təsbit edilmişdir. Bu halların aşkar edilməsi icraatın istənilən mərhələsində mümkün olduğundan, qanunverici inzibati xəta haqqında iş üzrə icraatın hər bir mərhələsində, yəni inzibati xəta haqqında işin baxılmağa hazırlanması, inzibati xəta haqqında işə baxılması və inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması zamanı İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan birinin müəyyən edilməsi əsası ilə icraata xitam verilməsini nəzərdə tutmuşdur. Yuxarıda qeyd edildiyi kimi, İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Bir sözlə, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlar baxımından hesab edir ki, baxılan işə münasibətdə əlavə araşdırma aparılması üçün əsaslar qalmamışdır, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə, həmin Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə uyğun olaraq, MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və hüquqi şəxs inzibati məsuliyyətdən azad olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə, Azərbaycan Respublikası İXMnin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin icraatına xitam verilsin və hüquqi şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-162/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-162/2025
04.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver