Məhkəmə qərarları › İş №3(007)-1620/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1620/2021

21.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1620/2021 21.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs 15.05.2021-ci il tarixdə saat 00:25 radələrində Bakı şəhəri, Babək prospektində idarə etdiyi “BMW 316” minik markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etmədiyindən saxlanılmış, yoxlama zamanı sürücünün avtomobili sərxoş halda idarə etdiyi müəyyən edilmişdir. Bu barədə Bakı şəhər DYPİ-nin YPX inspektoru, polis kiçik serjantı E.N.Hüseyinli tərəfindən 15.05.2021-ci il tarixdə İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, “9933” taksi şirkətində taksi fəaliyyəti ilə məşğul olur. 15.05.2021-ci il tarixdə idarə etdiyi “BMW 316” minik markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Babək prospekti ilə hərəkətdə olmuşdur. Həmin vaxt avtomobilində müştəri olmuş, naviqator sola dönməyi göstərmiş, avtomobilindəki müştəri isə avtomobili düz sürməyini demiş, o da dönmədən düz hərəkətini davam etdirmişdir. Bu zaman, saat 00:20 radələrində Bakı şəhər BPİ-nin DYPİ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Ona avtomobildən düşməyini bildirmişlər, o, avtomobildən düşmüşdür. Polis əməkdaşı ona sərxoş olduğunu demiş, o isə cavabında “hər qoşa xətti tapdalayan sərxoş olur?” deyə bildirmişdir. O, siqaret belə çəkmədiyini, içkili olmadığını, yalnız “Full” enerji içkisi içdiyini, həmçinin əgər sərxoşdursa zəng edib işlədiyi şirkətə bildirmələrini demişdir. Ona aparata üfləməyini bildirmişlər, o da üfləmişdir. Polis əməkdaşı ona dediyi məzmunda izahat yazmasını, onu tibbi müayinəyə aparacaqlarını, əgər ayıq olduğu məlum olarsa yazdığı izahatı cırıb atacağını bildirmişdir. O da polis əməkdaşına inanıb protokolda onun dediyi məzmunda “tibbi müayinəyə ehtiyac yoxdur, spirtli içki qəbul etmişəm, alkotesterin göstəricisini gördüm, razıyam, söz verirəm bir daha spirtli içki qəbul edib nəqliyyat vasitəsi idarə etməyəcəm, xahiş edirəm köməklik göstərəsiniz” yazıb imzalamışdır. Sonra onu cərimə meydançasına aparmışlar. O, orada 2 saat gözləmiş, sonra aldadıldığını başa düşmüş, 102 və 902-ə zəng edib şikayət etmişdir. O, əvvəlcə körpə uşağının yeməyini alıb yaşadığı evə gedib vermiş, sonra Respublika Narkoloji Mərkəzinə gedib orada müayinə olunmuş və müayinə zamanı ayıq olduğu məlum olmuşdur. O, 15.05.2021-ci il tarixdə avtomobili sərxoş vəziyyətdə idarə etməmişdir. Məhkəmədən göstərilənləri nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhər Baş Polis İdarəsinin X2 İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Bakı şəhər Baş Polis İdarəsinin X2 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokoldan görünür ki, 15.05.2021-ci il tarixdə saat 00:20-da müayinə olunan Şəxs spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Həmçinin protokolda sürücü “tibbi müayinəyə ehtiyac yoxdur, spirtli içki qəbul etmişəm, alkotesterin göstəricisini gördüm, razıyam, söz verirəm bir daha spirtli içki qəbul edib nəqliyyat vasitəsi idarə etməyəcəm, xahiş edirəm köməklik göstərəsiniz” qeyd etmiş və protokolu imzalamışdır. - Tibbi müayinə protokoluna əlavə edilmiş xüsusi texniki vasitənin hesabatından görünür ki, Şəxs 15.05.2021-ci il tarixdə saat 00:22-də keçirilən müayinəsi zamanı onda alkoqolun miqdarı 0,458%0 olmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 2/13343 saylı, 15.05.2021-ci il tarixli aktdan görünür ki, 15.05.2021-ci il tarixdə saat 04:10-da müayinə olunan Şəxs ayıq olduğu müəyyən edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 333-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 15.05.2021-ci il tarixdə saat 00:22də alkotester vasitəsi ilə sərxoşluq vəziyyəti yoxlanılmış və alkoqolun miqdarı 0,458%o olmuşdur. Şəxs öz təşəbbüsü ilə 15.05.2021-ci il tarixdə saat 04:10 radələrində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində müayinədən keçmiş və ayıq olduğu barədə rəy verilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş Şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından və sübut etmək yükü inzibati xəta hadisəsini aşkar edən orqanın üzərinə düşdüyündən, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair mötəbər sübut təqdim edilmədiyindən məhkəmə Bakı şəhər DYPİ-nin YPX inspektoru, polis kiçik serjantı E.N.Hüseyinli tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolun əsassız olduğu qənaətinə gəlmişdir. Beləliklə, məhkəmə iclasında Şəxs 15.05.2021-ci il tarixdə saat 00:25 radələrində avtomobili sərxoş vəziyyətdə idarə etməsi sübuta yetirilmədi. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 2/13343 saylı, 15.05.2021-ci il tarixli aktı mötəbər sübut kimi qiymətləndirir və ona görə də Şəxs 15.05.2021-ci il tarixdə ayıq olması qənaətinə gəlir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə baxmaq həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid deyildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: xx.xx.1989-cu ildə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar