Məhkəmə qərarları › İş №3(007)-1622/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1622/2025

18.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1622/2025 18.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X4, Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinin nümayəndəsi, YNH üzrə inspektor X2 iştirakları ilə, X4 Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin 19 mart 2025ci il tarixli, EQ seriyalı, 26759277 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin 19 mart 2025ci il tarixli, EQ seriyalı, 26759277 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində onun elektron ünvanına mülkiyyətində olan “Changan Oshan Z6 Plug-in Hibrid minik” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəçisi kimi Bakı şəhəri Nizami rayonu Kamil Balakişiyev küçəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsi ilə (Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə) 60 manat və 2 bal cərimə olunmağı haqda məlumat daxil olmuşdur. Həmçinin 3 ədəd fotoşəkil əlavə olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 346.9-cu maddəsində göstərilmişdir ki, nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə 60 manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 16-cı bəndində göstərilmişdir ki, səki – yolun hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsilə ondan ayrılmış, piyadaların hərəkəti üçün nəzərdə tutulan hissəsidir. İş materiallarına əlavə edilmiş şəkillərdən və digər sübutlardan da göründüyü kimi ona məxsus avtomaşın yaşadığı binanın yanında yoldan və səkidən kənarda binanın ərazisinə daxil olan, avtomobillərin dayanması, durması üçün nəzərdə tutulmuş, eyni zamanda binada olan obyektlərin, sakinlər və digər şəxslərin istifadə etdiyi ümumi istifadədə olan sahədə dayanmışdır, həmin yer yolun hərəkət hissəsinə bitişik deyil. Eyni zamanda təqdim edilmiş sübutlardan da göründüyü kimi sözügedən ərazidə yolun bir tərəfində səki vardır, digər tərəfində, yəni inzibati xətanın qeydə alındığı yer kimi göstərilmiş sahədə isə səki yoxdur. İnzibati xətanın qeydə alındığının göstərildiyi ərazi isə binanın yoldan kənarda yerləşən binaya məxsus sahəsidir. Bundan başqa həmin qərarın əlavəsindəki fotoşəkillərdə göstərilən “xəta yeri”nə vizual baxış keçirdikdə müəyyən etmişdir ki, həmin fotoşəkillər “Təhlükəsiz şəhər” (TŞ) sisteminə aid müşahidə kamerası vasitəsilə aparılan videogörüntü kadrının pauzaya dayandırılması vasitəsilə çıxarılaraq kustar üsulla çap edilmişdir ki, bu hal özü-özlüyündə qanuna ziddir. Ona görə ki, həmin videomüşahidə kamerası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini aşkar etmək üçün nəzərdə tutulmuş “foto ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitəsi” kateqoriyasına aid avadanlıq deyildir. Bundan əlavə, müəyyən etmişdir ki, ona təqdim edilmiş həmin qərar elektron imza ilə də imzalanmayıbdır. Göstərilənlərlə bağlı ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 12 may 2017-ci il tarixli, Q25-001-17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməli haqqında Təlimat”ın 8-ci (İnzibati xətaların sənədləşdirilməsi və qeydiyyatı) bəndinin 8.1, 8.2 və 8.3-cü yarımbəndlərində göstərilmişdir: 8.1 Dövlət yol polisinin yol hərəkətinə nəzarəti həyata keçirməyə səlahiyyətli əməkdaşları tərəfindən videomüşahidə kameraları vasitəsilə qanunvericiliklə nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta aşkar edildikdə xüsusi texniki vasitələrin məlumatları (inzibati xəta hadisəsinin baş verməsini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədilməsini sübut edən nəqliyyat vasitəsinin qayda pozuntusunu əks etdirən iki fərqli və dövlət qeydiyyat nişanını əks etdirən bir fotoşəkil və video materiallar) real vaxt rejimində elektron formada birbaşa BDYPİ-nin mərkəzi informasiya sisteminə ötürülür. 8.2 İnzibati xəta hadisəsi DYP-nin səlahiyyətli əməkdaşı tərəfindən bilavasitə, o cümlədən xüsusi texniki vasitələrin (foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar istisna olmaqla) köməyi ilə aşkar edildikdə onun törədilməsində təqsirli hesab edilən şəxs barədə protokol və ya qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli 466 nömrəli qərarı ilə təsdiq edilmiş əlavələrə uyğun olaraq sürücülük vəsiqəsi və ya şəxsiyyəti təsdiq edən sənəd əsasında tərtib edilir (çıxarılır). 8.3 İnzibati xəta törətmiş şəxs sürücülük vəsiqəsi əvəzinə müvəqqəti idarə etmək hüququ verən sənədi təqdim etdikdə onun barəsində sənədləşmə yalnız şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılır.” Lakin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 122.1-ci (İnzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası) maddəsində göstərilmişdir: “122.1. Bu Məcəllənin 327.1 - 327 5. 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir.” Göründüyü kimi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 12 may 2017-ci il tarixli, Q25-001-17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yolpatrul xidməti haqqında Təlimat”ın 8-ci (İnzibati xətaların sənədləşdirilməsi və qeydiyyatı) bəndinin 8.2-ci yarımbəndində nəzərdə tutulmuş istisna halları məhz, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 122.1-ci maddəsinə göstərilmiş - Həmin Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətaların yalnız foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi tələbi ilə bağlıdır və qüvvədə olan qanunvericilikdə həmin inzibatı xətaların xüsusi texniki vasitələr və ya “Təhlükəsiz şəhər” videomüşahidə kameralarının köməyi ilə aşkar edilməsinə yol verilmir. Foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin, xüsusi texniki vasitələrin və “Təhlükəsiz Şəhər” sisteminin müşahidə kameralarının təyinatlarını və xüsusiyyətlərini məhkəmənin diqqətinə çatdırır. Belə ki, qüvvədə olan qanunvericiliyə əsasən foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr əsasən yol hərəkəti qaydalarının pozulmasını aşkar etmək və inzibatı tədbirlər görmək üçün tətbiq olunur. Hətta qanunsuz tərtib edilsə belə, 19 mart 2025-ci il tarixdə ona verilmiş AR DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi Elvin Abduləlizadə tərəfindən imzalanması göstərilən “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında Elektron qərar (EQ********) qanunun tələbinə uyğun şəkildə elektron imza ilə də ümumiyyətlə imzalanmayıb (təsdiqlənməyib). Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 122.1ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1- 1, 346, 346-1, 353.1, 353.2. 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Hazırkı məhkəmə araşdırmasının tam, hərtərəfli və obyektiv aparılmasından ötrü məhkəmə tərəfindən müvafiq sorğu vasitəsilə AR DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi Elvin Abduləlizadə tərəfindən imzalanması göstərilən “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında Elektron qərar”ın (EQ ********) həmin şəxs (həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşı) tərəfindən özünün elektron imzası ilə təsdiqlənmiş nüsxəsinin (əgər varsa) məhkəməyə göndərilməsinin təmin edilməsini xahiş edir. Sonda, göstərilənlərə əsasən, Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi Elvin Abduləlizadə tərəfindən imzalanması göstərilən “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında Elektron qərar”ın (EQ********) ləğv edilərək, barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X6 şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, şikayətinin təmin edilməsini və barəsində şikayət verdiyi qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinin nümayəndəsi, YNH üzrə inspektor X3 izahatında göstərmişdir ki, “Changan Oshan Z6 Plug-in Hibrid minik” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Nizami rayonu Kamil Balakişiyev küçəsində 19 mart 2025-ci il tarixdə saat 09:04-də səkilərdə dayanma və durmağa görə Azərbaycan Respublikası İXM-nin 346.9-cu maddəsi ilə 60 manat məbləğində cərimə edilmişdir. Məhkəməyə təqdim etdiyi video görüntüdən göründüyü kimi, K.Balakişiyev küçəsində, "xxxx" MMC tərəfindən inşa edilmiş yaşayış binasının yerləşdiyi küçədə əsas yolla binanın arasında avtomobillərin saxlanılması nəzərdə tutulan asfalt örtüklü ərazi vardır, həmin ərazidən sonra isə xüsusi ayrılmış və piyadalar üçün nəzərdə tutulan səki sahəsidir. Qərardan şikayət vermiş X5 məxsus avtomobil də məhz piyadalar üçün nəzərdə tutulan səki sahəsində saxlanılmışdır. Bunu təsdiq edən foto görüntülər işdə mövcuddur. Asfalt örtüklü sahə ilə səki sahəsinin bərabərliyini qaldıran beton bordür vardır. Bu bordür onu göstərir ki, bura səkidir, piyadaların hərəkəti üçün nəzərdə tutulmuşdur. Asfalt örtüklü sahədə isə avtomobillər bir cərgə boyu park edilir və bununla heç bir qanun pozuntusuna yol vermirlər. Lakin səki sahəsi piyadaların gedişi və gəlişi üçün nəzərdə tutulduğundan orada avtomobillərin saxlanılması qadağandır, inzibati xətaya səbəb olur, həmin səki irəlidə piyada zolağına birləşir. Şikayət əsassız olduğundan mübahisələndirilən 19 mart 2025-ci il tarixli, EQ seriyalı, 26759277 nömrəli inzibati xəta haqqında qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin 19 mart 2025-ci il tarixli, EQ seriyalı, 26759277 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “Changan Oshan Z6 Plug-in Hibrid minik” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X6 Bakı şəhəri Nizami rayonu Kamil Balakişiyev küçəsində 19 mart 2025-ci il tarixdə saat 09:04:23-də “Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə” Azərbaycan Respublikası İXM-nin 346.9-cu maddəsi ilə 60 manat məbləğində cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 346.9-cu maddəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə altmış manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 36-cı maddəsinin İ hissəsinin 1-ci hissəsinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; 1-ci maddəsinin 16-cı hissəsinə əsasən səki – yolun hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsilə ondan ayrılmış, piyadaların hərəkəti üçün nəzərdə tutulan hissəsidir; 45-ci maddəsinin İ hissəsinə əsasən yaşayış zonası olan ərazidə piyadaların hərəkətinə həm səkilərdə, həm də yolun hərəkət hissəsində icazə verilir. Yaşayış zonasında piyadalara üstünlük verilir, lakin onlar nəqliyyat vasitələrinin hərəkəti üçün əsassız maneə yaratmamalıdırlar; 52-ci maddəsinin İV hissəsinin 9-cu bəndinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa - səkilərdə dayanma qadağandır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X6 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun yuxarıda istinad olunan tələblərinə əməl etməyib, nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmadığı halda 19 mart 2025-ci il tarixdə saat 09:04:23-də Bakı şəhəri Nizami rayonu Kamil Balakişiyev küçəsində “Changan Oshan Z6 Plug-in Hibrid minik” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini piyadaların hərəkəti üçün nəzərdə tutulan səkidə saxlamışdır ki, onun bu hərəkəti nəticə etibarı ilə Azərbaycan Respublikası İXM-nin 346.9-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanın təsiri altına düşmüşdür. X1 tərəfindən törədilməsi və xətada həmin şəxsin təqsirinin olması inzibati araşdırma zamanı öz təsdiqini tapmış və sübuta yetirilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanılaraq aparılmasına, inzibati xəta haqqında protokolun tərtib olunmasına mane olan hallar, o cümlədən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X4 Azərbaycan Respublikası İXM-nin 346.9-cu maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X4 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin 19 mart 2025ci il tarixli, EQ seriyalı, 26759277 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar