Məhkəmə qərarları › İş №3(007)-1633/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1633/2024

09.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1633/2024 09.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs1 iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Sultanova küçəsi ev 5-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin təhqiqat şöbəsinin 12 mart 2024-cü il tarixli qərarı əsasında tərtib olunmuş 17 mart 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 28 yanvar 2024-cü il tarixdə saat 05 radələrində Şəxs etibarnamə ilə idarə etdiyi “Opel Zafira” markalı **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Qara Qarayev” metrosu istiqamətindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektinin əsas yolu ilə “Koroğlu” metrosu istiqamətinə doğru sağdan birinci hərəkət zolağı ilə, 90 km/saat surətlə hərəkət edib, yolun Ə.Vəliyev küçəsi ilə kəsişməsində nizamlanan yolayrıcının tələblərini pozaraq svetofurun qırmızı siqnalında stop xəttini keçib yolayrıcına daxil olmuş və sağdan, yəni Ə.Vəliyev küçəsi ilə hərəkət edərək svetoforun yaşıl siqnalında stop xəttini keçib, qanunla nəzərdə tutulmuş yerdən sola dönmək niyyəti ilə çəpinə yolayrıcına daxil olan X1 40 km/saat surətlə idarə etdiyi “Chevrolet Nexia” markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolayrıcında toqquşmuş, zərbədən “Opel Zafira” markalı **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobil əks istiqamətli yola çıxaraq svetoforun qırmızı siqnalında əks istiqamətli yolda dayanan Zərərçəkmiş şəxs1 idarə etdiyi “Hyundai Avante” markalı **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmış, nəticədə sürücü Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər almışlar. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məhkəmə iclasına gəlməmişlər, məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, “Opel Zafira” markalı **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi ilə idarə etmişdir. 28 yanvar 2024-cü il tarixdə saat 05 radələrində o, təxminən 90 km/saat surətlə idarə etdiyi avtomobillə “Qara Qarayev” metrosu istiqamətindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektinin əsas yolu ilə “Koroğlu” metrosu istiqamətinə doğru sağdan birinci hərəkət zolağı hərəkət etmişdir. Yolun “Ruslan-93” marketin yerləşdiyi Ə.Vəliyev küçəsi ilə kəsişməsinə çatmamış hissəsində işıqforun qırmızı siqnalında stop xəttini keçərək yolayrıcına daxil olmuş və həmin vaxt, sağdan Ə.Vəliyev küçəsi ilə yolayrıcına çıxan “Chevrolet” markalı avtomobillə yolayrıcında toqquşmuşdur. Zərbədən onun avtomobili əks istiqamətli yola çıxaraq svetoforun qırmızı siqnalında əks istiqamətli yolda dayanmış “Hyundai Elantra” markalı avtomobilə çırpılmışdır. Hər iki toqquşma idarə etdiyi avtomobilin qabaq hissəsi ilə digər avtomobillərin qabaq hissələri arasında baş vermişdir. İlkin toqquşma Q.Qarayev prospektinin əsas yolunun sağ kəsişməsndən təxminən 2 metr sol kənarına doğru məsafədə baş vermişdir. Hadisə nəticəsində o və avtomobilində sərnişin kimi olan qonşusu İqor xəsarət almışlar. Buna görə avtomobildən düşüb xəstəxanaya tərəf getmişlər, lakin İqor xəsarəti nəticəsində ona xələl gəlməsini istəməmiş, ona görə İqorun sözü ilə onu evə aparmış, özü də yaşadığı evə getmiş, ev şəraitində müalicə olunmuşdur. Maddi imkanı olmadığına görə zərərçəkmiş şəxslərə dəymiş zərəri ödəyə və onlarla barışıq əldə edə bilməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında göstərmişdir ki, o, “Hyundai Elantra” markalı **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə taksi kimi idarə etmişdir. 28 yanvar 2024-cü il tarixdə saat 05 radələrində idarə avtomobili “Koroğlu” metrosu istiqamətindən Q.Qarayev prospekti ilə “Q.Qarayev” metrosu istiqamətinə doğru soldan birinci hərəkət zolağı ilə hərəkət edib Ə.Vəliyev küçəsi ilə kəsişmədəki svetoforun qırmızı siqnalında, birinci sırada avtomobili saxlamışdır. Təxminən 10-15 saniyə svetoforun qırmızı siqnalında dayandıqda əks istiqamətdən hərəkət edən “Opel Zafira” markalı avtomobil svetoforun qırmızı siqnalında yolayrıcısına daxil olaraq onun solundan, Ə.Vəliyev küçəsi ilə svetoforun yaşıl siqnalında yolayrıcısına daxil olan “Chevrolet” markalı avtomobillə yolayrıcında toqquşmuşdur. Zərbədən həmin “Opel Zafira” markalı avtomobil yoluna çıxıb qabaq hissəsi ilə onun avtomobilinin qabaq hissəsinə çırpılmışdır. Nəticədə o və avtomobilində sərnişin kimi olan müştəri xəsarət almışlar. O, avtomobildən düşdükdə hadisəni törədən avtomobilin sürücüsünün də xəsarət aldığını görmüşdür. Fikri avtomobilində olan sərnişinə və özünə qarışdığı üçün həmin avtomobilin sürücüsünü tapa bilməmiş, sonra o və avtomobilində olan müştəri xəstəxanaya getmişlər. Sonradan hadisəni törədənin Şəxs olduğunu bilmişdir. Lakin həmin şəxs ona dəymiş zərəri ödəməmişdir, ona görə şikayətçidir, maddi zərərin ödənilməsini tələb edir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etmədiyindən onun təhqiqat zamanı verdiyi izahatı məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs həmin izahatında göstərmişdir ki, 28 yanvar 2024-cü il tarixdə saat 04 radələrində o, Yasamal rayonu ərazisində taksi kimi sifariş etdiyi “Hyundai Elantra” markalı **-ON-*** dövlət qeydiyyat nişanlı avtomaşına əyləşdikdən sonra həmin avtomobilin sürücüsü avtomobili idarə edib “Koroğlu” metrosu istiqamətindən Q.Qarayev prospekti ilə “Qara Qarayev” metrosu istiqamətinə doğru soldan birinci hərəkət zolağı ilə hərəkət etməyə başlamışdır. Yolun Ə.Vəliyev küçəsi ilə kəsişməsindəki svetoforun qırmızı siqnalında, birinci sırada sürücü avtomobili saxlamışdır. Təxminən 10-15 saniyə svetoforun qırmızı siqnalında dayandıqda əks istiqamətdən hərəkət edən “Opel Zafira” markalı avtomobil svetoforun qırmızı siqnalında yolayrıcısına daxil olaraq onların solundan, Ə.Vəliyev küçəsi ilə svetoforun yaşıl siqnalında yolayrıcısına daxil olan “Chevrolet” markalı avtomobillə yolayrıcında toqquşmuşdur. Zərbədən “Opel Zafira” markalı avtomobil onların yoluna çıxıb qabaq hissəsi ilə sərnişin kimi avtomobilin qabaq hissəsinə çırpılmışdır. Nəticədə o və avtomobilin sürücüsü xəsarət almışlar. Xəsarəti ilə bağlı o, təcili tibbi yardımla xəstəxanaya getmişdir. Zərərçəkmiş şəxs3 məhkəmə iclasında iştirak etmədiyindən onun təhqiqat zamanı verdiyi izahatı məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs həmin izahatında göstərmişdir ki, 28 yanvar 2024-cü il tarixdə saat 05 radələrində qonşusu Seyidcalal idarə etdiyi “Opel Zafira” markalı **-MY-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Q.Qarayev metrosu istiqamətindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektinin əsas yolu ilə “Koroğlu” metrosu istiqamətinə doğru sağdan birinci hərəkət zolağı hərəkət etmişdir. O, “Ruslan-93” marketə, yəni Ə.Vəliyev küçəsi ilə kəsişməyə çatmamış hissədə işıqforun qırmızı siqnalında stop xəttini keçərək yolayrıcısına daxil olmuş və həmin vaxt, sağdan Ə.Vəliyev küçəsi ilə yolayrıcına çıxan “Chevrolet” markalı avtomobillə yolayrıcında toqquşmuşdur. Zərbədən onların avtomobili əks istiqamətli yola çıxaraq svetoforun qırmızı siqnalında əks istiqamətli yolda dayanmış “Hyundai Elantra” markalı avtomobilə çırpılmışdır. İlkin toqquşma Q.Qarayev prospektinin əsas yolunun sağ kəsişməsndən təxminən 2 metr sol kənarına doğru məsafədə baş vermişdir. Hadisə nəticəsində o və Seyidcalal yüngül xəsarət almışlar. Buna görə avtomobildən düşüb xəstəxanaya tərəf getmişlər. Lakin Seyidcalala xələl gəlməsin deyə o, xəstəxanaya getməkdən imtina edib yaşadığı evə getmişdir. İşdə olan canlı şəxsin ekspertizasına dair 02 fevral 2024-cü il tarixli 82 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs3 alnın sağ yarısının və sağ gözətrafı nahiyənin şişkinlik halında əzilməsi və sıyrıqları, sağ gözün üst qapağının iç səthinin səthi əzilmiş yarası müəyyən edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İşdə olan canlı şəxsin ekspertizasına dair 20 fevral 2024-cü il tarixli 81 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs2 aşkar olunmuş xəsarətlər - sağ gözaltı nahiyənin qançırı, tənəffüs məhdudluğu və burun çəpərinin əyriliyi ilə müşayiət olunan burnun şişkinlik halında əzilməsi, sağ əlin İV barmağın şişkinlik halında əzilməsi - bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə sərnişin qismində baş vermiş yol nəqliyyat hadisəsi zamanı yaranmaları istisna olunmur, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. İşdə olan canlı şəxsin ekspertizasına dair 20 fevral 2024-cü il tarixli 81 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs1 aşkar olunmuş xəsarət - sol gicgah nahiyəsinin əzilmiş yarası, sol diz oynağının şişkinlik halında əzilməsi, sağ diz oynağının ön səthinin sıyrığı - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə sürücü qismində baş vermiş yol nəqliyyat hadisəsi zamanı yaranmaları istisna olunmur, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. İşdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 29 fevral 2024-cü il tarixli 8/353 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunan məlumatlara əsasən “Opel Zafira” markalı **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 90 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında“ Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Təhqiqat tərəfindən təqdim olunan məlumatlara əsasən “Chevrolet-Nexia” markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12 mart 2024-cü il tarixli qərardan görünür ki, HK/1-47 nömrəli araşdırma materialında cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü toplanmış material Nizami Rayon Məhkəməsinə təqdim edilməsi üçün Nizami RPİ-nin DYPŞ-nə göndərilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, inzibati xəta törədən Şəxs fiziki şəxs olduğundan, iş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş pul vəsaiti dövlət hesabına ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Məhkəmədə işə baxılarkən vurulmuş zərərin ödənilməsi ilə bağlı zərərçəkmiş şəxslər tərəfindən tələb irəli sürülməmişdir, lakin müəyyən olunmuşdur ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı mübahisə vardır, ona görə məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərin mülki icraat qaydasında belə tələb irəli sürmək hüquqları izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş 85 manat pul vəsaiti dövlət hesabına Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia verə bilmək hüquqları zərərçəkmiş şəxslərə izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar