Məhkəmə qərarları › İş №3(007)-1634/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1634/2024

16.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1634/2024 16.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X1 iclas katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1i ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2024-cü il tarixdə, saat 10 radələrində Şəxs idarə etdiyi “Daewoo BS090” avtobus markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsindən “Koroğlu” metro stansiyası istiqamətində hərəkətdə olan zaman idarə etməni itirmiş, avtobus yolun sağ kənarında səkiyə çıxaraq yaşıllıq ərazidəki ağaca dəymiş, nəticədə avtobuda olan sərnişinlar xəsarət almışlar. Bununla da Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Nizami RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı Muxtar Muxtarovun xx.xx.2024-cü il tarixli qərarı əsasında tərtib edilmişdir. Həmin qərarla Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir, barəsində inzibati tədbir görülməsi üçün materiallar aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 10 radələrində idarə etdiyi “Daewoo BS090” avtobus markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə M.Abbasov küçəsindən “Koroğlu” metro stansiyası istiqamətində hərəkətdə olan zaman idarə etməni itirmiş, nəticədə avtobus səkiyə çıxaraq ağaca dəymişdir. Bu zaman avtobusda olan sərnişinlər xəsarət almışlar. Hazırda zərərçəkmiş şəxslərlə barışıq əldə etmişdir. Əməlindən peşmandır. Barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə), zərərçəkmiş şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxslərlə əlaqə saxlanılmış, Şəxs qarşı hər hansısa şikayət və tələblərinin olmadığını, onlaraa dəymiş zərərin ödənildiyi bildirilmişdir. AR İXM-in 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması inzibati xəta kimi müəyyən edilmişdir. AR İXM-nin Məcəlləsinin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi İXM-in 327.8-ci maddəsinə əsasən inzibati xəta kimi müəyyən edilmişdir. Təhqiqat materiallarına əlavə edilmiş məhkəmə tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 50 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs1 aşkar olunmuş xəsarətlər – alnın əzilmiş yarası, sol qaşüstü nahiyənin sıyrığı - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Təhqiqat materiallarına əlavə edilmiş məhkəmə tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 70 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs6 aşkar olunmuş xəsarətlər sağ baldırın hematoması və qançlrl - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Təhqiqat materiallarına əlavə edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/270 saylı rəyinə əsasən “Daewoo BS090” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol ilə, ekspert rəyləri, cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərar ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, zərərçəkmiş şəxslərin şikayət və tələbinin olmaması, onunla barışması, habelə digər məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək, 300 manat (üç yüz manat) məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar