Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1636/2021 24.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX Alayının YPX inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxx 1975-ci il tarixdə Laçın rayonunun Köhnəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Laçın rayonunun Köhnəkənd kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən pansionatda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər BPİ-nin DYPİ-dən daxil olmuş 28 oktyabr 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 28 oktyabr 2020-ci il tarixdə saat 08:20-də Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində “Renault Megane minik” markalı ** TE *** dövlət qeydiyyat nişanlı avtomobili işıq cihazlarından, səs siqnallarından istifadə qaydalarını pozmaqla və alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 28 oktyabr 2020-ci il tarixdə səhər saat 9 radələrində 498 nömrəli ekipajda olan X6 əməkdaşları tərəfindən idarə etdiyi “Renault Megane” markalı ** TE *** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılmışdır. Həmin əməkdaşlardan bir nəfər ona yaxınlaşaraq sənədlərini tələb etmiş, o, sənədlərini təqdim etmişdir. Polis əməkdaşı ondan spirtli içki qəbul edib-etmədiyini soruşmuş, o cavabında ötən gün axşam saat 5-6 radələrində 100 qram araq qəbul etdiyini, axşam evində yatdığını bildirmişdir. Polis əməkdaşlarından biri həkimə getməyi tələb etmiş, digəri isə bildirmişdir ki, ehtiyac yoxdur, xəbərdarlıq protokolu yazarlar. Digər polis əməkdaşı ona yaxınlaşaraq bildirmişdir ki, “komandir, iş verən əməkdaş var, buradan səni buraxsaq, elə bilərlər səndən pul almışıq, gedək cərimə meydançasına, oradan səni buraxarıq”. O, yenə də etiraz edərək onu tibbi müayinəyə aparmalarını tələb etmişdir. Lakin polis əməkdaşları ona bildirmişlər ki, “gedək cərimə meydançasına girib-çıxarıq, sən gedərsən”. Onlar cərimə meydançasına daxil olmuşlar, ona bir daha bildirmişlər ki, “sən otur maşınında, burada iş verən çoxdur”. O, maşında otursa da, diqqəti polis əməkdaşlarında olmuş, onlar yüksək səslə cərimə meydançasının gözətçisinə “bunun gecikmiş cəriməsi var idi, zəng etdi, evdən ödəniş ediblər, sistemə oturan kimi zəng edəcəm bu maşını burax” deyib getmişlər. O, həmin gözətçiyə yaxınlaşdıqda gözətçi ona bildirmişdir ki, “polis əməkdaşları mənə tapşırdı ki, səni Bakı şəhər X6 İdarəsinin inzibati binasında 20-ci otağa yönləndirim”. Bu zaman o, aldadıldığını başa düşmüşdür. O, oradan birbaşa həkimə getmiş, “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 2/10734 nömrəli 28 oktyabr 2020-ci il tarixli tibbi müayinə protokolu ilə ayıq olması barədə rəy verilmişdir. Həmin rəyin verilməsi üçün üç dəfə test aparmışlar, hər dəfə də “00” cavabı çıxmışdır. O, həmin protokolla Bakı şəhər X6 İdarəsinə gedərək 20-ci otağa yaxınlaşmışdır. Orada olan zabit ona gecikmiş cərimələrinin olduğunu, həmin cərimələri ödədikdən sonra saat 16:00-da gəlməyini, maşınını buraxacağını bildirmişdir. Saat 16:00-da o, Xeyrulla adlı zabitə yaxınlaşmış, həmin əməkdaş ona 176 manat cəriməsi olduğunu, cəriməni ödədikdən sonra buraxılış vərəqəsi yazacağını bildirmişdir. O, yerində 180 manat ödəmişdir. O, cəriməni ödədikdən sonra sürücülük vəsiqəsini istədikdə, ona sənədlərini məhkəməyə göndərəcəyini bildirmişdir. O, protokolun surətini tələb etmiş, lakin verməmişlər. O, protokol tərtib edən polis əməkdaşlarının Səfərov Nüsrət və Əlimanov Samir olduğunu öyrənmişdir. Səhərisi gün onlarla rastlaşmış, ona nə üçün böhtan atdıqlarını, içkili olmadığı halda barəsində protokol tərtib etdiklərini soruşmuş, onlardan prokurora şikayət edəcəyini bildirmişdir. Həmin polis əməkdaşlarından biri bildirmişdir ki, “şikayət et, prokurorluqda polisə nəzarət idarəsinin rəisi mənim dayımdır”. İşdə olan protokolda içkili olmasını etiraf edən izahatı özü yazmışdır, bunu etiraf edir. Lakin izahatı yazması üçün polislər onu aldatmışlar. Saxlanılan zaman o, içkili olmamışdır. Polislərin təqdim etdiyi görüntülərdə də var ki, o, içkini axşam içdiyini bildirir. Saxlanılıb protokol tərtib ediləndə isə ayıq olmuşdur. Bunu təsdiq edən müayinə protokolu da vardır. Göstərdiklərinin nəzərə alınaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX Alayının YPX inspektoru X3 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, sürücü Şəxs ödənilməyən cəriməsi olduğuna və avtomobili işıq cihazlarından, səs siqnallarından istifadə qaydalarını pozmaqla idarə etdiyinə görə tərəflərindən saxlanılmışdır. Araşdırma zamanı sürücünün spirtli içki qəbul etməsi özünü biruzə vermiş, spirtli içkinin iyi də gəlmişdir. Xidməti istifadədə olan alkotesterlə yoxlama zamanı sürücünün qəbul etdiyi alkoqolun dərəcəsi 0.418% kimi göstərmişdir. Sürücü Şəxs həmin göstərici ilə razılaşaraq protokolda öz xətti ilə yazdığı izahatında həmin faktı təsdiq etmişdir. Eyni zamanda yoxlama zamanı çəkilmiş görüntülərdən də görünür ki, Şəxs spirtli içki içdiyini etiraf edir və alkotesterlə müayinənin nəticəsi ilə qane olaraq həkim müayinəsinə getməyə ehtiyac olmadığını bildirir. Bundan sonra nəqliyyat vasitəsi duracağa yerləşdirilmişdir. İnzibati araşdırma və protokolun tərtib olunması zamanı qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX Alayının YPX inspektoru X2, N.Ə.Səfərovun izahatında göstərilənlərə uyğun izahat vermişdir. Məhkəmə iclasında YPX inspektoru X1 təqdim etdiyi videogörüntülərə baxış keçirilərkən müəyyən edilmişdir ki, Şəxs xidməti avtopatrulda onunla söhbət aparan YPX əməkdaşına spirtli içki içdiyini etiraf edərək içkini qanqaraçılıqdan içdiyini, bir də spirtli içki içməyəcəyini və həkim müayinəsinə ehtiyac olmadığını bildirir. İşdə olan sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında 28 oktyabr 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş xüsusi texniki vasitənin hesabatından görünür ki, Şəxs spitli içki qəbul etməsi aşkar şəkildə biruzə verdiyindən bu faktın müəyyən edilməsi üçün sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitədən istifadə edilmiş, 28 oktyabr 2020-ci il tarixdə saat 08:15-də keçirilən müayinə zamanı onda alkoqolun miqdarı 0.418% olmuşdur. Şəxs həmin göstərici ilə razılaşaraq, protokolu imzası ilə təsdiq etmişdir. Şəxs məhkəməyə təqdim etdiyi “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə”yə dair 28 oktyabr 2020-ci il tarixli 2/10734 nömrəli protokolun surətindən görünür ki, Şəxs həmin tarixdə saat 10:15-də keçirilən tibbi müayinəsi zamanı onun ayıq olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 333-cü maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin işin halları ilə bağlı verdikləri izahatları dinləyib və inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə tövsif olunmuşdur. Həmin maddənin tələbinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə qeyd edir ki, Şəxs məhkəmə iclasında izahatında irəli sürdüyü dəlillər işin faktiki halları ilə təkzib olunur, belə ki, həmin şəxsin alkoqoldan istifadə etməsi və bunun nəticəsində sərxoş vəziyyətdə avtomobil idarə etməsi faktı yerində olmaqla xüsusi texniki vasitənin vasitəsi ilə müəyyən olunmuşdur, bu nəticənin şübhə altına alınması üçün əsaslar yoxdur. Sərxoşluq faktı xüsusi texniki vasitə ilə saat 08:15-də yerində aşkar olunmuş, Şəxs isə saat 10:15-də tibbi müayinədən keçmişdir. Aradakı saat fərqinin özü də şəxsin təbii yolla və ya müxtəlif vasitələrdən istifadə etməklə ayılmasına, sərxoşluq vəziyyətinin aradan qaldırılmasına yetərli hesab oluna bilər. Bundan başqa sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında 28 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Şəxs “həkimə ehtiyac yoxdur, söz verirəm bir də spirtli içki qəbul edib nəqliyyat vasitəsini idarə etməyəcəm, xahiş edirəm məni nəzərə alın. X6inin alkotesterində qanuni şəkildə üflədim, alkotesterdə olan göstərici ilə razıyam” qeydlərini yazaraq imzası ilə təsdiq etmişdir. Bununla yanaşı məhkəməyə təqdim edilmiş videogörüntüyə baxış zamanı da Şəxs spirtli içki içdiyini etiraf etdiyi, ayrıca həkim müayinəsinə getməyə ehtiyac olmadığını bildirdiyi müəyyən olunmuşdur. Ona görə məhkəmə Şəxs hazırda irəli sürdüyü dəlilləri onun inzibati məsuliyyətdən yayınmağa cəhd etməsi kimi qiymətləndirərək nəzərə almır. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon-şəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmişdir və həmin inzibati xətalar içərisində İXM-nin 329.3-cü maddəsi nəzərdə tutulmamışdır. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli qərarına əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi, İXM-nin 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair işə baxılması rayon-şəhər məhkəmələrinin səlahiyyətinə aid deyildir, ona görə Şəxs barəsində həmin maddə ilə inzibati tənbeh məhkəmə tərəfindən tətbiq oluna bilməz, bu hal İXM-nin 34.1 və 34.3-cü maddələrinin tələblərinə zidddir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1636/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1636/2021
24.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver