Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1639/2023 16.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru, polis kapitanı X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Ağdam rayonunda anadan olmuş, Ağdam rayonu Mollalar kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2023-cü il tarixdə saat 01:30-da sərxoş vəziyyətdə Q.Qarayev 81 ünvanında yerləşən 24-cü PŞ-nin inzibati binasının daxilində və həyətyanı sahəsində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru, polis kapitanı X8 tərəfindən xx.xx.2023-cü il tarixdə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru, polis kapitanı X8 protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Nizami rayonu ərazisində yerləşən “Qədim Qala” restoranında qohumları Elgün və Elmirlə birlikdə yeyib içdikdən sonra Elmir yaşadığı ünvana getmək üçün taksi çağırmışdır. Restoranın əməkdaşı gələrək onlara Elmiri və taksi sürücüsünü polis əməkdaşlarının apardığını bildirmişdir. O, Elgünlə avtomobilə əyləşərək 24-cü PŞ-nin inzibati binasına getmişlər. Elmirin hansı səbəbdən şöbəyə gətirilməsini soruşduqda polis əməkdaşları taksi sürücüsündən narkotik vasitə aşkar olunduğunu, onun yanında olan Elmirin də barəsində araşdırma aparılacağını bildirmişlər. Polis əməkdaşları onlara şöbəni tərk etməyi bildirmişlər. O, sərxoş olduğu üçün taksi sürücüsünün ünvanına nalayiq ifadə işlətmiş və oz avtomobilinə zərbə yetirmişdir. O, polisin ünvanına nalayiq ifadələr işlətməmiş, polisin qanuni tələbinə tabesizlik göstərməmişdir. Məhkəmə iclasında şahid Azərbaycan Respublikası DİN X11 Alayının patrul bölüyü, polis nəfəri X5 izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 00:40 radələrində PŞ-nə gətirilmiş 2 nəfər şəxsin qohumları Nicat və Elgün növbətçi hissəyə yaxınlaşaraq qohumlarının hansı səbəbdən saxlanılmasını soruşmuşlar. Həmin şəxslərə araşdırma aparıldığını və onlara məlumat veriləcəyi bildirilmişdir. Onlar qohumlarının dərhal sərbəst buraxılmasını tələb etmişlər. Həmin şəxslərdən şöbənin inzibati binasını tərk etmələri tələb edilmişdir. Onlar polisin qanuni tələbinə tabe olmayaraq, səs-küy salaraq polisin ünvanına təhqiredici ifadələr işlətmişlər. Həmin şəxslər şöbənin həyətində də səs-küy salaraq söyüş söymüşlər. Onlara yaxınlıqda yerləşən yaşayış binasında yaşayan insanları narahat etdikləri izah edilmişdir. Onlar polisin qanuni tələbinə tabe olmamışlar. Məhkəmə iclasında Azərbaycan Respublikası DİN X11 Alayının patrul bölüyü, polis nəfəri X3 şahid X5 ilə oxşar məzmunda izahat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası DİN-nin ƏÇPA-nın 5-ci PB-nün polis nəfərləri Emin Cəfərov, Hüseyn Bayramov və Kamran Məmmədov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 01:30 radələrində 2457 çağırışlı avtopatrulla 24-cü PŞ-nə təmin etdikləri X6 və X1 qohumları 24-cü PŞ-nin həyətində uca səslə onların xidməti fəaliyyətlərinə mane olaraq nalayiq küçə söyüşləri ilə polis əməkdaşlarını təhqir edərək, rəhbər şəxslərin adını çəkərək onlara hədə-qorxu gələrək tutulmuş qohumlarının dərhal sərbəst buraxılmasını tələb etmişlər. Onların sərxoş vəziyyətdə olduqlarını hiss edərək nizam-intizama dəvət etmişlər. Həmin şəxslər öz çirkin əməllərini davam etdirərək polisin qanuni tələbinə məhəl qoymayaraq polisin ünvanına nalayiq ifadələr istifadə etməyə davam etmişlər. Həmin şəxslərin barəsində qanunamüvafiq tədbir görülməsi xahiş edilmişdir. - Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları polis leytenantı K.Qasımov, polis mayoru O.İsgəndərov, polis leytenantı R.Qurbanov, polis mayoru N.Şıxəliyev, polis kapitanı M.Abbasov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 00:55 radələrində PŞ-nə gətirilmiş iki nəfər şəxsin qohumları Şəxs və X2 PŞ-nə gələrək şöbənin inzibati binasında yüksək səslə səs-küy salaraq polisin ünvanına təhqiramiz ifadələr işlətməklə növbətçi hissənin iş rejimini pozmuşlar. Həmin şəxslər nizam-intizama dəvət olunaraq sərxoş vəziyyətdə olduqları bildirilmiş, həmin şəxslər onların qanuni tələblərinə tabe olmayaraq öz əməllərini davam etdirmişlər. - xx.xx.2023-cü il tarixli tutma protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 01:45-də inzibati qaydada tutulmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” barədə 2/8105 saylı, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 02:30-da müayinə olunan Şəxs orta dərəcəli sərxoş olduğu müəyyən edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1 bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və Azərbaycan Respublikasının İXM-nin 31.2ci maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edərkən onun inzibati qaydada tutulmasını və Azərbaycan Respublikasının İXM-nin 31.4-1-ci maddəsinin tələblərini də nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: xx.xx.1996-cı ildə Ağdam rayonunda anadan olmuş, Ağdam rayonu Mollalar kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 150 (bir yüz əlli) manat məbləğində cərimə edilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-1639/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1639/2023
16.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver