Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1639/2025 05.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, qərardan şikayət vermiş X3 nümayəndəsi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil, qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X7 iştirakları ilə, X3 inzibati tənbeh vermə haqqında qərardan şikayətinə dair işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinin 12 mart 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti 12 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası Elm Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi 3 nömrəli Xüsusi təhsil məktəbinin direktoru X5 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinin tələblərinin pozulmasına əsaslanaraq 900 manat məbləğində cərimə etmişdir, inzibati tənbehin tətqbiq edilməsini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti onunla əsaslandırmışdır ki, müəllimə X4 2024-cü ilin sentyabr ayında 15 günlük əmək haqqı ödənilməmişdir. Orqan tərəfindən qəbul edilən qərar tamamilə qanunsuzdur. X10 Xidməti işin hallarını ətraflı, tam və obyektiv araşdırmamış və onun nəticəsində qanunsuz və əsasız qərar qəbul etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti hazırki iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamışdır. Belə ki, orqan tərəfindən təhsil müəssisəsində şagirdlərin hansı formada təhsilə cəlb edilməsi və bununla bağlı təhsil müəssisəsi tərəfindən hansı qərarların qəbul edilməsini araşdırmamışdır. Təhsil müəssisəsi tərəfindən müəlliməyə şagird təhkim edəndə dərs yükü barədə əmr verilir və həmin əmrə əsasən müəllimənin dərs saatı artırılır. Dərs saatı ilə bağlı əmr verilməmişdən qabaq Xüsusi təhsil Proqramı ilə təhsilə cəlb olunan şagirdlərlə bağlı Psixoloji-tibbi-pedaqoji komissiyanın (PTPK) apardığı yoxlamadan və onların verdiyi razılıq məktubundan sonra tələbələr tədris proqramına buraxılır və onlara müəllim təhkim edilir. Qeyd etdiyi hallar araşdırılmamış və bunun nəticəsində də qanunsuz protokol tərtib edilərək onun əsasında qanunsuz qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən Bakı Şəhəri üzrə Təhsil İdarəsi 3 nömrəli Xüsusi təhsil məktəbinin direktoru kimi barəsində qəbul edilmiş inzibati xəta haqqında 12 mart 2025-ci il tarixli, MN seriyalı, ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Qərardan şikayət vermiş X3 nümayəndəsi Vəkil məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti 12 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası Elm Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi 3 nömrəli Xüsusi təhsil məktəbinin direktoru X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinin pozulmasına əsaslanaraq cərimə etmişdir. İnzibati tənbehin tətbiq edilməsini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti onunla əsaslandırmışdır ki, müəllimə X4 2024-cü ilin sentyabr ayında 15 günlük əmək haqqı ödənilməmişdir. Orqan tərəfindən qəbul edilən qərar tamamilə qanunsuzdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti hazırki iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamışdır. Belə ki, orqan tərəfindən təhsil müəssisəsində şagirdlərin hansı formada təhsilə cəlb edilməsi və bununla bağlı təhsil müəssisəsi tərəfindən hansı qərarların qəbul edilməsini araşdırmamışdır. Təhsil müəssisəsi tərəfindən müəlliməyə şagird təhkim edəndə dərs yükü barədə əmr verilir və həmin əmrə əsasən müəllimənin dərs saatı artırılır. Dərs saatı ilə bağlı əmr verilməmişdən qabaq Xüsusi təhsil proqramı ilə təhsilə cəlb olunan şagirdlərlə bağlı Psixoloji-tibbi-pedaqoji komissiyanın (PTPK) apardığı yoxlamadan və onların verdiyi razılıq məktubundan sonra tələbələr tədris proqramına buraxılır və onlara müəllim təhkim edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsili) haqqında“ Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası 2001-ci il 19 iyul tarixli, 540 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili qaydaları təsdiq edilib. Qeyd edilən qərara əsasən məktəb rəhbərləri hər il mayın 25-dən iyunun 25-dək evdə təhsil alan şagirdlərin həmin məktəblərdə və yaxud başqa məktəblərdə təhsillərini davam etdirmək üçün siyahılarını Psixoloji-tibbi-pedaqoji komissiyanın təsdiqinə təqdim etməlidirlər. Bundan başqa həmin qərarın 20-ci hissəsinə əsasən müəllimin əmək haqqı tabelik qaydasında, Bakı Şəhəri Təhsil İdarəsi və regional təhsil idarələri tərəfindən yerinə yetirilən proqram materialları əsasında təsdiq olunmuş stavkaya uyğun ödənilir. Nazirlər Kabinetinin 29 aprel 2002-ci il tarixli 74 nömrəli qərarına əsasən Psixoloji-tibbi-pedaqoji komissiyanın əsasnaməsi təsdiq edilmişdir. Həmin əsasnamənin 3.10-cu maddəsinə əsasən şagirdlərin sinifdən sinifə keçmə və buraxılış imtahanlarından azad edilməsi üçün qərar qəbul etmək Psixoloji-tibbi-pedaqoji komissiyanın vəzifəsidir. Bununla da başa düşmək olar ki, Psixolojitibbi-pedaqoji komissiyanın şagirdin sinifdən-sinifə keçməsi barədə rəyi olmadığı halda həmin şagirdin müəlliməyə təhkim edilməsi mümkün deyildir. Həmin komissiyanın qərarı xx.xx.2024-cü il tarixində verilib və məktəb direktoru da əmrə əsasən həmin şagirdin müəllim ilə təmin edilməsi barədə əmr verərək həmin tarixdə müəllimənin dərs saatının artırılması barədə əmr qəbul edib. Qeyd edilən hallara diqqət yetirilsə görünər ki, məktəb direktorunun vəzifəli şəxs kimi nə qəsdən, nə də ehtiyatsızlıqdan heç bir günahı olmamışdır. Qərarı qəbul etmiş orqan əsas gətirir ki, müəllimənin əmək haqqını məktəb direktoru tutmuşdur. İş materiallarından da sübuta yetirilir ki, əmək haqqının tutulmasını məktəb direktoru aparmamışdır. Hətta məktəb direktorunun belə bir səlahiyyəti yoxdur. Müəllimləri işə götürən Bakı Şəhər Təhsil İdarəsidir və bu hal əmək müqaviləsində də öz əksini tapmışdır. Müəllimlərin əmək haqqı ilə bağlı ödəməni və tutulmanı təhsil məktəbi həyata keçirmir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən Bakı Şəhəri üzrə Təhsil İdarəsi 3 nömrəli Xüsusi təhsil məktəbinin direktoru X5 barəsində qəbul edilmiş inzibati xəta haqqında 12 mart 2025-ci il tarixli, MN seriyalı, ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X3 nümayəndəsi Vəkil şikayətin və ərizənin dəlillərini müdafiə edərək eyni məzmunlu izahat vermiş və şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X12 izahatında göstərmişdir ki, 26 dekabr 2024-cü il tarixində X6 tərəfindən X10 Xidmətinə müraciət ünvanlanmış və müraciətdə onun sentyabr ayının 15-dən 30-na qədər işlədiyi dövr ərzində əmək haqqının əvəzi ödənildiyi halda noyabr ayında həmin əmək haqqının tutulmasını qeyd etmişdir. Səbəbini soruşduqda isə bildirmişlər ki, o, sentyabr ayının 15dən 30-na kimi işləməməli idi. Ona artıq pul ödənilmiş, sonra isə həmin artıq pul geri tutulmuşdur. Ona əmək haqqının ötən ilin siyahısı ilə verildiyi deyilmişdir. Səbəb isə bu olmuşdur ki, Psixoloji-tibbi-pedaqoji komissiyanın keçirilməsi qərarı komissiya tərəfindən gec təsdiqlənmişdir. Bu səbəbdən müəllimənin əmək haqqı köhnə tədris ilindəki dərs saatı ilə ödənilmişdir. Sonra isə köhnə tədris ili ilə yeni tədris ili arasındakı əmək haqqı fərqi olaraq 264 manat geri tutulmuşdur. Müraciətinə sübut kimi əlavə etdiyi gündəliyin surətlərindən aydın olur ki, X6 şagirdə evdə xidmət göstərmiş, həm şagirdin valideyni tərəfindən, həm də məktəb rəhbərliyi tərəfindən onun dərsdə olması faktı öz imzaları ilə əksini tapmışdır. Nümayəndənin də bildirdiyi kimi əmr gec verilmişdir, lakin bu o demək deyil ki, müəllim şagirdə dərs keçməmişdir. Sadəcə sənədləşmə işləri gec həyata keçirilmişdir. Müəllimənin əmək haqqının tam şəkildə ödənilmədiyi də deyilənlərdən öz əksini tapır. Məhkəmədən əsassız olduğuna görə şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X13 tərəfindən qəbul edilmiş 12 mart 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Bakı şəhəri üzrə Təhsil İdarəsi 3 nömrəli xüsusi təhsil məktəbindən təqdim edilmiş məktubda X1 2024-cü il tarixində 15 günlük əmək haqqının ödənilmədiyi məlum olmuşdur. İşəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin tələbləri pozulmuşdur. X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməyə görə 900 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 3 nömrəli xüsusi təhsil məktəbinin kollektivinə ünvanlanmış məktubdan görünür ki, 50 nəfər şagirdin 2024-2025-ci tədris ili üzrə xüsusi təhsilə cəlb edilməsi ilə bağlı psixoloji-tibbi-pedaqoji komissiyanın qərarının tarixi xx.xx.2024-cü il olaraq qeyd olunduğundan ərizədə qeyd olunan müəllimlərin dərs yükünə görə əmək haqları həmin tarixə əsasən ödənilmişdir. - Əmək müqaviləsi bildirişindən görünür ki, X6 (işçi) Bakı şəhəri üzrə Təhsil İdarəsi (işəgötürən) tərəfindən 15 sentyabr 2023-cü il tarixdən Bakı şəhəri 3 nömrəli xüsusi təhsil məktəbində əsas iş yeri olmaqla müəllim kimi işə qəbul edilmişdir; - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi 3 Saylı Xidmət və Əməliyyat Mərkəzi tərəfindən Bakı şəhəri Nizami rayonu 3 nömrəli xüsusi təhsil məktəbinin direktoru Nüşabə Məmmədovaya ünvanlanmış məktubdan görünür ki, tədris ili 15 sentyabrda başladığı üçün hər bir müəllimin dərs yükü yeni tədris ilinin tarifləşməsi əsasında yaranır. Sentyabr ayının əmək haqqısı 15 sentyabr tarixədək keçmiş dərs yükü ilə, 15 sentyabr tarixdən etibarən yeni dərs yükü ilə hesablanıb ödənilir. Həmçinin məktəbin müəllimi X1 əmək haqqısı eyni şəkildə hesablanmışdır. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 29 aprel tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Psixoloji-tibbi-pedaqoji komissiya barədə” Əsasnamənin 3.10-cu bəndinə əsasən şagirdlərin sinifdən-sinifə keçmə və buraxılış imtahanlarından azad edilməsi üçün qərar qəbul etmək Psixoloji-tibbi-pedaqoji komissiyanın vəzifələrindəndir. “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli, 540 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 may tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmiş “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları”nın 20-ci bəndinə əsasən müəllimin əmək haqqı tabelik qaydasında, Bakı şəhəri üzrə Təhsil İdarəsi və regional təhsil idarələri tərəfindən yerinə yetirilən proqram materialları əsasında təsdiq olunmuş stavkaya uyğun ödənilir. Şagirdin psixoloji inkişaf xüsusiyyəti sinif rəhbəri və məktəbin psixoloqu tərəfindən işlənir, ailə üzvlərinin xəstəyə baxması üçün şərait və ya fasilələr yaradılır. Nazirlər Kabinetinin istinad olunan 10 may tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmiş “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları”nın 20-ci bəndində müəyyən edildiyi kimi, müəllimin əmək haqqı tabelik qaydasında, Bakı şəhəri üzrə Təhsil İdarəsi və regional təhsil idarələri tərəfindən yerinə yetirilən proqram materialları əsasında təsdiq olunmuş stavkaya uyğun ödənilir. Hazırkı şəraitdə də Bakı şəhəri 3 nömrəli xüsusi təhsil məktəbinin ev təhsili müəllimi X4 əmək haqqı Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ödənilməli olmuş və onlar tərəfindən də ödənilmişdir. Bu, həmçinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Maliyyə-mühasibatlıq sektorunun 20 fevral 2025-ci il tarixli 3-29-59/2-1004/2025 nömrəli məktubu ilə öz təsdiqini tapmışdır. Həmin məktubla eyni zamanda müəyyən edilmişdir ki, ümumilikdə 50 nəfər şagirdin 2024-2025-ci tədris ili üzrə xüsusi təhsilə cəlb edilməsi ilə bağlı Psixoloji-tibbipedaqoji komissiyanın qərarının tarixi 01 oktyabr 2024-cü il olaraq qeyd olunduğundan Bakı şəhəri 3 nömrəli xüsusi təhsil məktəbinin müvafiq müəllimlərinin dərs yükünə görə əmək haqqları həmin tarixə əsasən ödənilmişdir. Həmin qərar 01 oktyabr 2024-cü il tarixdə qəbul olunduğu üçün də Bakı şəhəri 3 nömrəli xüsusi təhsil məktəbi üzrə məktəbin ev təhsili müəllimi X4 dərs yükü 01 oktyabr 2024-cü il tarixdən həmin qaydada hesablanmışdır. Bütün bu qeyd edilənlər isə, Bakı şəhəri 3 nömrəli X üsusi təhsil məktəbinin direktoru X3 ehtimal olunan “işçinin əmək haqqının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə müşayiət edilən” inzibati xətanın törədilməsində hər hansı təqsirinin olmadığını təsdiq və sübut etməklə, onun əməlində inzibati xətanın tərkibi olmasını istisna edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmışdır, baxılan şikayətə münasibətdə əməlində inzibati xəta tərkibi olmadığından, mübahisələndirilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməyə görə 900 manat məbləğində inzibati cərimə növündə tənbeh edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinin rəis müavini X13 tərəfindən qəbul edilmiş 12 mart 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-1639/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1639/2025
05.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver