Məhkəmə qərarları › İş №3(007)-164/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-164/2025

11.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-164/2025 11.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi ilə, Bakı şəhəri Nizami rayon İcra Şöbəsinain icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri, H.Əliyev prospekti, 139 ünvanında yerləşən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti barəsində barəsində Bakı şəhəri Nizami rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-107/2021 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Zərərçəkmiş şəxs MMC-nin mülkiyyətində olmuş Bakı şəhəri, H.Əliyev prospekti ilə kəsişən R.Qafur küçəsi, 845-ci məhəllədə yerləşmiş, 18.2 kv.m ölçüdə qeyriyaşayış sahəsinə görə 45500,0 manat məbləğində kompensasiya məbləğinin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilmişdir. İnzibati iş üzrə materiallardan görünür ki, icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixli “icra hərəkətlərinin davam etdirilməsi haqqında” qərar ilə 2-1(112)-107/2021 saylı, xx.xx.2023-cü il tarixli iş üzrə icra hərəkətləri davam etdirilmiş və borcluya tələbin könüllü icrası barədə məlumatlar göndərilmişdir. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, icra sənədini icra etmək mümkün olmadığından məhkəmə qərarı icra edilməmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X5 izahatında göstərmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-107/2021 saylı qərarı 2024-cü ilin mart ayında Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icraatına daxil olmuşdur. Borclu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən kompensasiya məbləğinin tələbkara ödənilməsi barədə Maliyyə Nazirliyinə müraciət olunmuş, lakin hələ də heç bir nəticə əldə olunmamışdır. Buna görə də borclu barəsində müvafiq protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi X4 izahatında göstərmişdir ki, 2-1(112)-107/2021 saylı iş Bakı İnzibati Məhkəməsinin icraatında olarkən mübahisəli evlər sökülmüş və orada X8 tikilmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin kompensasiya ödəmək kimi səlahiyyəti və büdcəsi mövcud deyildir. Qeyd olunan məsələnin həlli ilə bağlı qurum tərəfindən Maliyyə Nazirliyinə müraciət olunmuşdur. Göründüyü kimi, Əmlak Məsələləri Dövlət Xidmətinin inzibati məsuliyyətə cəlb olunması və üzərinə hər hansı öhədlik qoyulması üçün heç bir əsas mövcud deyildir. Qeyd olunanların nəzərə alınaraq inzibati xəta haqqında materiala xitam verilməsini məhkəmədən xahiş etdi. İş üzrə tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli araşdırıb, inzibati işin baxılmasında iştirak edən şəxslərin izahatını dinləyərək hesab edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İnzibati xəta haqqında materiala əlavə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı şəhəri Nizami Rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məktublardan görünür ki, qeyd olunan icra vərəqəsinin icrası ilə bağlı Zərərçəkmiş şəxs MMC-yə ödənilməli olan 45500,0 manat məbləğində vəsaitin, AR Mülki Məcəlləsinin 1100-cü maddəsinə uyğun olaraq dövlət büdcəsi hesabına tələbkara ödənilməsi barədə Maliyyə Nazirliyinə xx.xx.2023-cü il tarixli məktub göndərilmişdir. Göründüyü kimi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-107/2021 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi məhkəmə araşdırılması ilə aşkar olunmamış və bununla bağlı mötəbər sübutlar inzibati materiala əlavə edilməmişdir. Əksinə əlavə olunmuş sənədlərlə icra sənədinin icra olunması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müvafiq tədbirlər görüldüyü, xx.xx.2023-cü il tarixli məktubla məslənin həlli üçün maliyyə Nazirliyinə müraciət olunmuş, xx.xx.2024-cü il tarixli məktub ilə bu barədə Nizami rayon İcra Şöbəsinə məlumat verilmişdir. Qeyd olunanlar isə icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmə kimi qiymətləndirilə bilməz. Odur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, borclu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar