Məhkəmə qərarları › İş №3(007)-1655/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1655/2021

01.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1655/2021 01.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən tərtib olunmuş 26 noyabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsi ev 16, mənzil 68 olan Şəxs MMC tərəfindən X6 əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi yazılı vəsatətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, 26 noyabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin protokolun baxılması üçün göndərilməsi barədə MN seriyalı, ******* nömrəli, 26 noyabr 2020-ci il tarixli qərardadın tarixlərinə baxılsa, görünər ki, protokolun tərtib olunmasına əsas olmuş Abiyev Elşənin müraciəti 08 sentyabr 2020-ci il tarixdə saat 09:27-də inzibati orqana daxil olmuşdur. Əmək müfəttişliyində isə 18 sentyabr 2020-ci il tarixli **********22 nömrəli məktubda şikayətlə bağlı müraciətə 09 sentyabr 2020-ci il tarixdə baxıldığı bildirilir. Qəbul edilmiş həmin protokol Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin bildirişinə əsasən 06 yanvar 2021-ci il tarixə saat 15:00-a təyin edilmişdir. 08 sentyabr 2020-ci il tarixdən 06 yanvar 2021-ci il tarixə olan müddət isə 04 ay 08 gün edir ki, bu da Azərbaycan Respublikası İXM-nin 38.1 və 38.2-ci maddələrinin tələbləri ilə uzlaşmır, yəni qəbul edilmiş protokolun icra müddətinin ötürülmüş olduğu təsdiq olunur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin Şəxs MMC-nin barəsində tərtib etdiyi 26 noyabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol, inzibati xətanın aşkara çıxarıldığı gündən üç ay on səkkiz gün keçdikdən sonra qəbul edildiyindən və Azərbaycan Respublikası İXM-nin 38.1 və 38.2-ci maddələrinin tələbləri baxımından həmin inzibati xəta haqqında protokolun təmin edilməsi mümkünsüz olduğundan məhkəmənin icraatında baxılan inzibati xəta haqqında 3(007)- 1655/2021 nömrəli işə müddət tətbiq edilməsini və müddətin keçməsi ilə əlaqədar 26 noyabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında baxılan iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X7 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, MMC tərəfindən təqdim edilmiş əmək müqavilələri sonradan tərtib edilmişdir, tərəflərindən araşdırma aparılarkən belə müqavilələrin mövcud olması barədə məlumat verilməmiş və təqdim olunmamışdır. Əmək Məcəlləsinin 49-cu maddəsində nəzərdə tutulmuşdur ki, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hansı ki, Şəxs MMC tərəfindən bu tələbə əməl edilməmişdir, əgər belə qeydiyyata alınma mövcud olsa idi, elektron sistemdə aşkar edərək götürər və araşdırma materialına əlavə edərdilər. Müqavilə MMC-nin direktoru X10 ilə bağlanmalı olsa da, belə müqavilə bağlanmamışdır. Həmin faktı 26 noyabr 2020-ci il tarixdə aşkar edərək inzibati xəta haqqında protokol tərtib etmişlər. İnzibati xəta haqqında protokolda Əmək Məcəlləsinin 44-cü maddəsinin 3-cü hissəsinə istinad edilməsi işəgötürənlə işçi arasında əmək müqaviləsinin bağlanmadığını göstərməklə bağlı olmuşdur, Şəxs MMC tərəfindən məhz İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan xəta törədilərək X6 əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Protokol əsasında Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 yazılı vəsatətinin dəlillərinə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, inzibati xəta hadisəsi 26 noyabr 2020-ci il tarixdə aşkar olunaraq həmin tarixdə də protokol tərtib edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulan müddət keçdiyindən MMC inzibati məsuliyyətdən azad olunmaqla işin icraatına xitam verilməlidir. Vəsatətlərinin nəzərə alınaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, müddətin keçməsi ilə bağlı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs inzibati məsuliyyətdən azad edilməklə iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -X4 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə elektron müraciətindən görünür ki, 2018-ci ildən Şəxs MMC-də işlədiyini, 2020-ci ilin iyun ayında ona saxta əmr verərək işdən azad etdiklərini, əmri təsisçi X2 verdiyini, digər təsisçi qanuni təmsilçi Xalis Talobovun bundan xəbəri olmadığını göstərərək, 2018-2019-cu illərin məzuniyyət pulunun və son haqq-hesablaşmasını almağında ona köməklik göstərilməsini xahiş etmişdir; -Şəxs MMC-nin təsisçiləri X10 və X2 27 noyabr 2017-ci il tarixli qərarlarının surətindən görünür ki, MMC-nin Binəqədi filialı yaradılmış və direktoru X6 təyin edilmişdir; - 27 noyabr 2017-ci il tarixli əmək müqaviləsindən (kontrakt) görünür ki, həmin müqavilə Şəxs MMC (direktoru Xalis Talıbov) ilə MMC-nin Binəqədi filialının direktoru X6 arasında bağlanmış, ona filiala aid bütün səlahiyyətlər verilmişdir; - 21 iyun 2018-ci il tarixli əmək müqaviləsindən (kontrakt) görünür ki, həmin müqavilə Şəxs MMC (direktoru Xalis Talıbov) ilə MMC-nin Elm filialının direktoru X6 arasında bağlanmışdır; - 09 yanvar 2019-cu il tarixli əmək müqaviləsindən (kontrakt) görünür ki, həmin müqavilə Şəxs MMC (direktoru Xalis Talıbov) ilə MMC-nin Qaradağ filialının direktoru X6 arasında bağlanmışdır; -Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatdan görünür ki, Şəxs MMC ilə X6 arasında bağlanmış əmək müqaviləsi 01 mart 2019-cu il tarixli 2P936FR000800 nömrəli bildirişlə 02 mart 2019-cu il tarixdə elektron informasiya sistemində qeydiyyata alınmışdır; -Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatdan görünür ki, Şəxs MMC ilə X6 arasında bağlanmış əmək müqaviləsi 04 noyabr 2019-cu il tarixli 2P936FR001200 nömrəli bildirişlə 04 noyabr 2019cu il tarixdə elektron informasiya sistemində qeydiyyata alınmışdır. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Hazırkı halda məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz hüquqi şəxs Şəxs MMC tərəfindən törədilmişdir. Şəxs MMC ilə X6 arasında yazılı əmək müqaviləsi bağlanmadığından elektron informasiya sisteminə yerləşdrilmiş bildirişlər, yəni əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi hüquqi qüvvəsi olan sənəd kimi qəbul edilə bilməz, bununla da inzibati xətalar qanunvericiliyinin tələbləri Şəxs MMC tərəfindən pozulmuşdur ki, bu da, İXM-nin 192.1-ci maddəsinin təsiri altına düşməklə, həmin maddə ilə inzibati məsuliyyətə səbəb olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 44-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır; 44-cü maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. Törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXMnin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati xəta haqqında protokolda protokolun tərtib edilməsinə səbəb olmuş xətanın elementi kimi ...X5 qarşı Əmək Məcəlləsinin 44-cü maddəsinin 3-cü hissəsinin (əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunur, tərəflərin imzası ilə təsdiq edilir və bir nüsxəsi işçidə, digər nüsxəsi işəgötürəndə saxlanılır) tələbləri pozulmuşdur...” göstərilsə də, məhkəmə qeyd edir ki, Şəxs MMC-nin törətdiyi xətanın Azərbaycan Respublikası İXMnin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olması protokolda öz əksini tapmaqla yanaşı, məhkəmə tədqiqi zamanı toplanaraq tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmışdır, protokolun xətanın elementinin həmin qaydada göstərilməsi iş üzrə gəlinmiş hüquqi nəticəyə təsir göstərmir, məhkəmə iclasında araşdırılaraq aradan qaldırılması mümkün olduğundan natamamlıq kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.3-cü maddəsinə əsasən inzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarına əsasən hüquq nəzəriyyəsində “davam edən hüquqpozuntuları” dedikdə, zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni qanunsuz əməllər başa düşülür. “Davam edən hüquqpozuntuları” üçün aşağıdakı əlamətlər xasdır: bu hüquqpozuntuları bir-birindən zaman etibarilə ayrılan bir sıra eyni növdən olan müstəqil əməllərdir; bütün qanunsuz əməllər vahid niyyətlə bağlıdır; qanunsuz əməllərə görə qanunvericilikdə müvafiq hüquqi məsuliyyət nəzərdə tutulur. “Uzanan hüquqpozuntuları” isə (cinayət, xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda - qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında - subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir. Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi, sanitar qayda və normaların pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma və bir çox digər inzibati xətalar uzanan və ya davam edən inzibati xəta kimi də ifadə oluna bilər. Hazırkı halda törədilməsi ehtimal edilən inzibati xəta hadisəsi əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin 02 mart 2019-cu il tarixdə elektron informasiya sistemində qeydiyyata alınması ilə başlamış və 26 noyabr 2020-ci il tarixədək, yəni müəyyən müddət ərzində fasiləsiz törədilmişdir. Bundan əlavə, törədilməsi ehtimal edilən inzibati xəta aşkar inzibati xətadır və X4 əmək müqaviləsi olmadan işləməsi aşkar və sübut olunacağı halda, həmin şəxsin ən azından özü əmək müqaviləsi bağlanmadan işə cəlb edildiyini bilmiş və bununla da, Şəxs MMC tərəfindən inzibati xəta törədilməsi artıq ona aşkar olmuşdur. Məhkəmə iclasında isə X1 dəfə 26 noyabr 2020-ci il tarixdə Şəxs MMC-də işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, inzibati xətanın törədilmə vaxtı 26 noyabr 2020-ci il tarixi müəyyən edilməli, qanunla müəyyən edilmiş müddət keçdiyindən isə, Şəxs MMC inzibati məsuliyyətdən azad edilməklə iş üzrə icraata xitam verilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, işə daha əvvəl baxmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 yanvar 2021-ci il tarixli qərarını ləğv edərək işi yenidən baxılması üçün aidiyyəti məhkəməyə göndərən Bakı Apelyasiya Məhkəməsi özünün 03 may 2021-ci il tarixli qərarında da vurğulamışdır ki, inzibati işə baxılarkən Şəxs MMC-yə münasibətdə İXM-nin 38.1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata, həmin Məcəllənin 38.1-ci maddəsi ilə müəyyən edilmiş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən, xitam verilməli və MMC inzibati məsuliyyətdən azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 38, 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata, həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən, xitam verilsin və Şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar