Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1656/2021 29.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X1, qərarı barəsində şikayət verilmiş Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X2 iştirakları ilə, X1 Bakı Nəqliyyat Agentliyinin 30 aprel 2021-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Bakı Nəqliyyat Agentliyinin 30 aprel 2021-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı 30.04.2021-ci il tarixli qərarı ilə AR İXM-nin 346.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. Qərarda göstərilir ki, Nizami rayonu Q.Qarayev prospekti Neftçilər metrostansiyasının qarşısında ümumi istifadədə olan nəqliyyat vastələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metr az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına görə inzibati xəta törədilmişdir. Aşağıda göstərilənlərə əsasən həmin qərarı qanunsuz və əsassız hesab edir. Fotoşəkildən görünür ki, idarə etdiyi avtomobili ümumi istidadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında saxlamamışdır, oranı göstərən nişandan (avtobus dayanacağını bildirən) çox aralı məsafədə, yəni ora çatmamış yerdə Ticarət Mərkəzinin qarşısında saxlamışdır. Avtomobili saxladığı ərazidə avtomobillərin dayanmasının və ya durmasının qadağan edilməsinə dair nişan və ya 5.12, 5.13 yol nişanları quraşdırılmamışdır. Digər tərəfdən həmin yol nişanları quraşdırılsa belə, oradan 15 metr məsafənin olub-olmamasını müəyyən etmək onun vəzifəsi deyildir. Bakı Nəqliyyat Agentliyinin Nizamnaməsində göstərilir ki, müntəzəm sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinin yerlərini müəyyənləşdirmək, yol nişanlarının yerlərini, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin rəyi nəzərə alınmaqla müəyyən etmək və ya dəyişdirmək, onları quraşdırmaq və lazımi qaydada saxlanılmasına nəzarət etmək Agentliyin vəzifəsidir. Ona görə də cərimə edəndən sonra qadağanedici nişan qoyulmadığı halda Ticarət Mərkəzinə gələn sürücülərə gün ərzində qanunsuz və əsassız protokol tərtib edildiyi üçün X5 sədri Vüsal Kərimliyə 05.05.2021-ci il tarixdə rəsmi müraciət edərək qanunsuz protokolun ləvğ edilməsi və həmin əraziyə lazımi nişan qoyulmasını təmin etmək üçün göstəriş verməsini xahiş etsə də, ona 27.05.2021-ci il tarixli məktubla əsassız cavab verilərək həmin məsələyə münasibət bildirilməmişdir. Halbuki, “Yol hərəkəti haqqında” AR qanununda göstərilir ki, nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində - yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yolun hərəkət hissəsinə bitişik səkinin kənarında durmağa yalnız minik avtomobillərinə, motosikletlərə, mopedlərə və velosipedlərə bu şərtlə icazə verilir ki, onlar piyadaların hərəkətinə mane olmasın. Dayanacaq meydançasına, meydança olmadıqda isə ümumi istifadə olan nəqliyyat vasitələrinin dayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarına 15 metrdən az yaxınlıqda dayandırması qadağandır. Qadağan nişanları müvafiq məhdudiyyətin qoyulduğu küçə və yolların sahələrinin bilavasitə qabağında və ya onun ləğv edildiyi yerlərdə quraşdırılır. Nişanların qüvvəsi, qarşısında nişan qoyulmuş yolun hərəkət hissəsinin kəsişmə yerinə aiddir. Nişanların qüvvəsi qoyulduğu yerdən ən yaxın yol ayrıcına qədər qüvvədədir. Avtobus fotosu 1.17 olan nişan-ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaqlarını göstərir. Göründüyü kimi qanunda göstərilir ki, dayanacaq meydançasına oranın bildirən nişan qoyulmalıdır və həmin nişanın qoyulduğu yerdən sonra digər avtomobillərin dayanması qadağandır. Eyni zamanda nişan qoyulduğu yerdən əvvəl ümumi istifadədə olan nəqliyyat vastələrinin dayanması qadağandır, sonuncular yalnız nişan qoyulan ərazidən sonra dayanıb sərnişinləri mindirib düşürdə bilərlər, əks təqdirdə məsuliyyət daşıyırlar. Ona görə də AR İXM-nin 346.2-ci maddəsi ilə yanaşı 346.3-cü maddəsində qəbul edilərək, ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Həmin metronun qarşısında olan ərazidə avtobus meydançası və ticarət mərkəzləri yerləşir, ona görə də, təxminən 50 metr sahədə avtomobillərin durması üçün dairəvi sahə ayrılmışdır. Qeyd olunan sahənin bir hissəsinə avtobusların dayanacağını bildirən nişan qoyulmuş və həmin nişandan təxminən 5-10 metr qarşıda avtobus dayanacağı quraşdırılmışdır və sərnişinlər orada avtobuslara minib düşürlər. Göstərilən nişandan əvvəl, yəni avtomobili saxladığı yerdə avtobusun dayanması mümkün olmamaqla yanaşı, orada ümumiyyətlə heç bir nişan quraşdırılmamışdır. Nişanların təsirinin qüvvəsi isə quraşdırıldığı yerdən başlanması nəzərdə tutulmuşdur. Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı 30.04.2021ci il tarixli qərarını ləğv edərək, iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X3 şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X4 şikayətin dəlilləri ilə razılaşmayaraq, izahatında göstərmişdir ki, Bakı Nəqliyyat Agentliyinin 30 aprel 2021-ci il tarixli tarixli, BNA seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayət əsassızdır. Belə ki, X1 idarə etdiyi “BMW 530İ” markalı ** HH *** dövlət qeydiyyat nişanlı avtomobil 30 aprel 2021-ci il tarixdə saat 14:40:41-də Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, “Neftçilər” metrostansiyası ünvanında dayanacaq meydançasında dayanmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin İV hissəsinin 7-ci bəndinə əsasən dayanacaq meydançasına, meydança olmadıqda isə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarına 15 metrdən az yaxınlıqda dayanması qadağandır. İnzibati xətanın törədilməsi inzibati tənbeh vermə haqqında qərar və şikayətə əlavə edilmiş fotoşəkillə tam təsdiq olunur və bu hal da şəxsin İXM-nin 346.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün əsasdır. Hesab edir ki, Bakı Nəqliyyat Agentliyinin 30 aprel 2021-ci il tarixli tarixli, BNA seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı mövcud qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyindən X1 şikayəti əsassızdır. Şikayətin təmin edilməməsini, inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı Nəqliyyat Agentliyinin 30 aprel 2021-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından görünür ki, “Hikvision” markalı, DS-2DF8236İX-AELW(BNA) modelli planşetin (Bort kompyuterin) qeydə aldığı fotoşəklə əsasən Nizami rayonu, Qara Qarayev prospekti, “Neftçilər” metrostansiyası ərazisində 30 aprel 2021-ci il tarixdə saat 14:40:41-də ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına görə, “BMW 530İ minik” markalı ** HH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X3 Azərbaycan Respublikası İXM-nin 346.2-ci maddəsi ilə 40 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Qərardan şikayət vermiş X1 ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında, 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda nəqliyyat vasitəsini dayandırması və durması işdə olan “Hikvision” markalı, DS- 2DF8236İX-AELW(BNA) modelli planşetin (Bort kompyuterin) qeydə aldığı fotoşəkillər, qərar və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla öz təsdiqini tapmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin İV hissəsinin 7-ci bəndinə əsasən dayanacaq meydançasına, meydança olmadıqda isə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarına 15 metrdən az yaxınlıqda dayanma qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Təlimat”ın təsdiq edilməsi haqqında 4 mart 2019-cu il tarixli 73 nömrəli Qərarının 5.1.3-cü bəndinə əsasən cibli dayanacaq məntəqəsi sürət həddinin və nəqliyyat axının yüksək, yolun ensiz olduğu yerlərdə təşkil edilir. Cibli dayanacaq məntəqəsi minimum 19 metr giriş, 25 metr dayanma və 25 metr çıxış sahəsindən, ümumilikdə 69 metrdən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 346.2-ci maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə - qırx manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, X3 istifadəsində olan “BMW 530İ minik” markalı ** HH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə dayanma və durma üçün müəyyən edilmiş tələbləri pozduğuna görə onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 346.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədildiyindən, yəni 30 aprel 2021-ci il tarixdə saat 14:40:41-də Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, “Neftçilər” metrostansiyası ərazisində ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında, 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda öz nəqliyyat vasitəsini dayandırmaqla müşayiət edilən hərəkətinə görə inzibati xətada təqsirli bilinməsi əsaslı hesab edilməlidir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, məhkəmə qanunvericiliyin istinad olunan normalarına və işin faktiki hallarına əsasən şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı inzibati xətalar qanunvericiliyinin tələbləri pozulmamışdır, X1 Azərbaycan Respublikası İXM-nin 346.2-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə 30 aprel 2021-ci il tarixli, BNA seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X1 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı Nəqliyyat Agentliyinin 30 aprel 2021-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1656/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1656/2021
29.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver