Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1664/2023 13.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, məhkəmə iclasının katibi Mustafayev Əşrəf Əli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin etibarnamə üzrə təmsilçisi X2 və X1 iştirakı ilə, Şəxs MMC -nin barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən tərtib edilmiş 15 mart 2023-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Keşlə ŞTQ, energetika, ev 5 olan Şəxs MMC tərəfindən konsiqnasiya yolu ilə ixrac gömrük prosedurunda xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərdə rəsmiləşdirdiyi yüklərin müqabilində 4 bəyannamə üzrə köçürülməli olan 6331.17 ABŞ dolları (10763 manat) məbləğində vəsaitin Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməsi təmin edilməmiş, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş, az miqdar hesab olunan həmin xarici valyuta vəsaiti xaricdən qaytarılmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin etibarnamə üzrə təmsilçisi X3 izahatında göstərmişdir ki, qeyd olunan tarixlərdə rəsmiləşdirdikləri yüklər xx.xx.2018-ci il tarixli və xx.xx.2021-ci il tarixli “X6 və Tivarət” LTD şirkəti ilə bağlanmış müqaviləyə əsasən Şəxs MMC tərəfindən 504992,3 dollarlıq xidmət göstərilmiş, satıcı tərəfindən isə 509481,81 dollar ödəniş həyata keçirilmiş, sonrakı müqavilə üzrə isə 469887,20 dollarlıq xidmət göstərilmiş və 464600,71 dollar ödəniş olunmuşdur. Hər iki müqavilə üzrə öhdəliyin predmeti və tərəfləri eyni olduğu üçün yaranan borcun ilkin müqavilə üzrə əlavə ödənişlə əvəzlənməsi həyata keçirilmişdir. Belə ki, Şəxs MMC-yə qarşı tərəf bir müqavilə üzrə artıq ödəniş etdiyi üçün digər müqavilələrə görə həmin çox ödənişi çıxıb az ödəniş etmişlər. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən xx.xx.2018-ci il tarixli və xx.xx.2018 və xx.xx.2018-ci il tarixli bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq, Bakı Baş Gömrük İdarəsində rəsmiləşdirilmiş müxtəlif dəmir və aşqarlanmış poladdan yarımfabrikatlar ibarət yükü xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018-ci il tarixlərdə bəyan edilmiş gömrük bəyannamələrinə əsasən Türkiyə Respublikasına ixrac edilmişdir, lakin ixrac edilmiş 6331.17 ABŞ dolları (10763 manat) dəyərində yükün müqabilində qaytarılmalı olan pul məbləğləri 15 mart 2023-cü il tarixdə Dövlət Gömrük Komitəsinin "xxxx" sistemində yoxlanıldığı müddətədək MMC-nin müvəkkil bank hesabına köçürülməmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Hazırkı halda məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz hüquqi şəxs Şəxs MMC MMC tərəfindən törədilmiş, inzibati xətalar qanunvericiliyinin tələbləri həmin MMC tərəfindən pozulmuşdur ki, bu da, Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinin təsiri altına düşməklə, sözügedən maddə ilə inzibati məsuliyyətə səbəb olmuşdur. Törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinə görə, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Maddənin “Qeyd”indən görünür ki, bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” 17 may 2021-ci il tarixli Qərarına əsasən “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3 və 12-ci maddələrinin tələblərinə müvafiq olaraq məhkəmələr həmin Məcəllənin 483-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini müəyyən etməlidir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXMnin 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə tövsif olunmuşdur. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İnzibati xəta haqqında işin materiallarından görünür ki, hüquqi şəxs Şəxs MMC tərəfindən xx.xx.2018-ci il tarixli və xx.xx.2018 və xx.xx.2018-ci il tarixli bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq, Bakı Baş Gömrük İdarəsində rəsmiləşdirilmiş müxtəlif dəmir və aşqarlanmış poladdan yarımfabrikatlar ibarət yükü xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018-ci il tarixlərdə bəyan edilmiş gömrük bəyannamələrinə əsasən Türkiyə Respublikasına ixrac edilmişdir, lakin ixrac edilmiş 6331.17 ABŞ dolları (10763 manat) dəyərində yükün müqabilində qaytarılmalı olan pul məbləğləri müvəkkil bank hesabına köçürülməmişdir. Hansı ki, hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Belə olan halda, 180 gün müddətin axımı sonuncu vəsaitin bəyan edildiyi xx.xx.2018-ci il tarixdən başlanmış və xx.xx.2019-cu il tarixdə başa çatmaqla inzibati xəta həmin gündən sonrakı növbəti gün törədilmiş hesab olunmalıdır. Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasını özündə ehtiva edən İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi isə gömrük qaydaları əleyhinə olan inzibati xətalara aiddir və belə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İş üzrə inzibati xəta haqqında protokol isə xx.xx.2023-cü il tərtib edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, inzibati xətanın törədilmə vaxtının xx.xx.2018-ci il tarix olması müəyyən edilməli, inzibati xəta haqqında protokolun həmin müddət başa çatdıqdan sonra tərtib olunması, inzibati tənbehin isə inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilməsinə dair qanunla müəyyən edilmiş müddət keçdiyindən isə, Şəxs- MMC inzibati məsuliyyətdən azad edilməklə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata, həmin Məcəllənin 38.1-ci maddəsi ilə müəyyən edilmiş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilməli və Şəxs MMC inzibati məsuliyyətdən azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 38, 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İXMnin 483-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata, həmin Məcəllənin 38.1ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən xitam verilsin və həmin məhdud məsuliyyətli cəmiyyət inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-1664/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1664/2023
13.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver