Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1665/2023 05.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 iştirakı ilə, xx.xx.1989-cu ildə Ağcabədi rayonu Kəbirli kəndində anadan olmuş, Ağcabədi rayonu, Kəbirli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, fərdi yaşayış evində yaşayan (FİN 4ZYTQVS) X2 barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən ünvan 1 ünvanında yerləşən “Manqalüstü” adlı obyektin üzərində xx.xx.2023-cü il tarixdə, saat 11:01-də İ**********0001, İ**********0002, İ**********0003 nömrəli icazələrin şərtlərini pozmaqla açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. Bu barədə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin böyük müfəttişi K.M.Əsgərov tərəfindən xx.xx.2023-cü il tarixdə, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 izahat verərək bildirmişdir ki, barəsində tərtib edilmiş protokolla bağlı heç bir etirazı yoxdur. Maddi imkanı olmadığı üçün yayım haqqını ödəyə bilməmişdir. Bu gündən etibarən banketlər başlayır, borcunu ödəmək üçün yenidən ona vaxt verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi başqa məhkəmə prosesində olduğundan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X5 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 11:01-də ünvan 1 ünvanında yerləşən “Manqalüstü” adlı obyektin üzərində İ**********0001, İ**********0002, İ**********0003 nömrəli icazələrin şərtlərini pozmaqla açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 19 dekabr 2017-ci il tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi” Qaydalarına əsasən protokol tərtib edilməmişdən əvvəl akt tərtib edib yazılı göstərişlə birlikdə X2 ünvanına göndərilmiş və 3 mart 2023-cü il tarixdə qəbul edilmişdir. Aktda qeyd olunan qanun pozuntularının aradan qaldırılması üçün A.Zeynalova 5 gün vaxt verilmişdir. Həmin müddət ərzində pozuntular aradan qaldırılmadığından və hətta 5 gündən də artıq müddət keçdikdən sonra, yəni 15 mart 2023-cü il tarixdə onun barəsində protokol tərtib edilmişdir. Məhkəmədən X2 barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin müfəttişləri K.M.Əsgərov və S.X.Ağayev tərəfindən tərtib olunmuş xx.xx.2023cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən “Manqalüstü” adlı obyektin üzərində müvafiq haqq vaxtında ödənilmədən 3 ədəd 14,62 m2 ölçüdə reklam yerləşdirilməsi faktı müəyyən edilmişdir. - Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən X3 ünvanlanmış xx.xx.2023-cü il tarixli, 11-3-1/2-756/23 nömrəli müvafiq qanun pozuntularının aradan qaldırılması barədə icrası məcburi olan göstərişdən görünür ki, vəzifəli şəxs X1 göstərişi aldığı vaxtdan 5 gün ərzində müvafiq yayım haqqı məbləğini ödəməsi və ya müvafiq yayım haqqı məbləği vaxtında ödənilmədən davam etdirdiyi reklam yayımlanmasının dayandırılması tələb olunmuşdur. - açıq məkanda reklam yerləşdirilməsinə dair xx.xx.2022-ci il tarixli, İ**********0001, İ**********0002, İ**********0003 nömrəli icazələrdən görünür ki, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən X3 xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ünvan 1 ünvanında yerləşən obyektin üzərində açıq məkanda reklam yerləşdirməyə icazə verilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla X2 Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə tövsif olunmuşdur. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. Həmin Qanunun 26.8-ci maddəsinə əsasən birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-3-cü maddəsinə əsasən reklam yayıcısı açıq məkanda reklam yayımına görə bu Qanunun 35.3-cü maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma haqq ödəyir. Həmin Qanunun 35.3-cü maddəsinə əsasən açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci cümləsinin tələbi nəzərə alınmaqla, açıq məkanda reklam yayımına görə haqqın ödənilməsi ilə bağlı məsələlər hər bir reklam yayıcısına bu Qanunun 26.2-ci maddəsinə uyğun olaraq verilən icazədə müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə məsuliyyət nəzərdə tutur. Göründüyü kimi, qanunvericilik, açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə şəxs barəsində məsuliyyəti nəzərdə tutmuşdur. Toplanmış iş materiallarından X4 tərəfindən ünvan 1 ünvanında yerləşən “Manqalüstü” adlı obyektin üzərində İ**********0001, İ**********0002, İ**********0003 nömrəli icazələrin tələbləri pozularaq, yəni müvafiq yayım haqqı məbləği vaxtında ödənilmədən açıq məkanda reklam yerləşdirilməsi faktı öz təsdiqini tapmışdır. Məhkəmədə X2 İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi işin faktiki halları ilə öz təsdiqini taparaq sübuta yetirildiyindən məhkəmə, X2 İXM-nin 428.7.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması qənaətinə gəlmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs X2 hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin “Qeyd” hissəsində göstərilir ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında X2 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq X2 Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat məbləğdə cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-1665/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1665/2023
05.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver