Məhkəmə qərarları › İş №3(007)-1668/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1668/2021

29.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1668/2021 29.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, X1 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı regonal Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X2 tərəfindən qəbul edilmiş 03.12.2019-cu il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayətə baxaraq, MÜƏYYƏN E T D İ M: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 20.11.2019-cu il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanda fəaliyyət göstərən, “Ayla” şadlıq sarayından atmosferə buraxılan tullantılar normadan artıq olduğuna görə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 237.2ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X2 tərəfindən qəbul edilmiş 03.12.2019-cu il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “Ayla” şadlıq sarayının rəhbəri vəzifəli şəxs X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 237.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 3 500 (üç min beş yüz) manat məbləğində cərimə ilə tənbeh edilmişdir. X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 03.12.2019-cu il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət vermişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli qərarı ilə, X1 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 03.12.2019-cu il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərərk, iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 06.04.2021-ci il tarixli qərarı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin şikayəti əsasında Bakı şəhəri Nizami rayon Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli qərarı ləğv edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, barəsində inzibati icraat aparılan şəxs X3 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəbin üzürlü olması barədə vəsatət təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edərək hesab edir ki, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 237.2-ci maddələri ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 20.11.2019-cu il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 237.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən, ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə - vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 237.2-ci maddəsinə əsasən, ətraf mühitə buraxılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurulmuş qurğuların, avadanlığın, aparatların istismar qaydalarının pozulmasına və ya bunlardan istifadə edilməməsinə görə - fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, X3 ətraf mühitin qorunması qaydaları əleyhinə olan inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 20.11.2019-cu il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 237.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi faktı müəyyən edilmişdir. Belə olan halda, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, yuxarıda qeyd olunan xüsusatlara əsasən, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 237.2-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş 1 illik inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1,40, 43, 53.0.6, 105.1, 114.2.1 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 237.2ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar