Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1668/2022 19.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞnin polis sahə inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx xxxx 1974-cü il tarixdə İsmayıllı rayonunun Hacıhətəmli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, İsmayıllı rayonunun Hacıhətəmli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Əlizadə küçəsində ünvansız fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsindən daxil olmuş 19 iyul 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilən sənədlərə əsasən Şəxs 18 iyul 2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, “Koroğlu” metrostansiyasının yaxınlığında ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə inspektoru X5 protokolun məzmununa uyğun izahat verərək, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, "xxxx" MMC-də hüquq məsələləri üzrə məsləhətçi işləyir, lakin maddi vəziyyəti ağır olduğuna görə axşamlar evə gedərkən yolda avtomobilinə sərnişin götürərək qazanc əldə edir. 18 iyul 2022-ci il tarixdə saat 18 radələrində yenə Binə qəsəbəsinə evə gedərkən “Koroğlu” metrostansiyasının yaxınlığında dayanıb müştəri götürmək istəmişdir. Həmin vaxt polis əməkdaşı yaxınlaşıb avtomobilin və onun şəklini çəkmiş, dayanma-durma qardalarının pozuntusuna görə cərimə yazmış, daha sonra şəxsiyyətini təsdiq edən sənəd tələb etmişdir. O, polis əməkdaşına demişdir ki, cəriməni onsuz yazmışdır, imkan versin ki, o, çıxıb getsin, həm də portalda ad-soyadını vuranda çıxacaqdır. Buna görə polis əməkdaşı ilə mübahisələri yaranmış, buna görə onu 25-ci polis şöbəsinə aparmışlar. Sonradan səhv etdiyini başa düşərək polislərdən üzr istəmişdir. Onun özü ehtiyatda olan hərbçi, mayordur, qardaşı Vüqar 02 aprel 1993-cü il tarixdə Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olmuşdur, himayəsində iki azyaşlı uşağı vardır. Qeyd etdiklərini nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX Alayının MEB-nün YPX inspektoru X9 izahatında göstərmişdir ki, 18 iyul 2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, “Koroğlu” metrostansiyasının yaxınlığında, “Piramida”nın qarşısında dayanmadurma qaydalarını pozaraq sərnişin mindirən “Mercedes” markalı **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən saxlanılmışdır. Sürücüyə yaxınlaşaraq özünü təqdim etmiş, qayda pozuntusunu izah edərək sənədlərini təqdim etməsini təklif etmişdir. Lain sürücü onun qanuni tələbinə məhəl qoymamış, sənədi təqdim etməkdən imtina etmiş, aqressiv hərəkətlər etmişdir. Təkrarən xəbərdarlıq etməsinə baxmayaraq həmin şəxs qanuni tələbinə tabe olmadığına görə köməyə çağırılmış polis naryadı ilə onu 25-ci polis bölməsinə aparıb təhvil vermiş, raport yazmaqla barəsində müvafiq tədbir görülməsini xahiş etmişdir. Müəyyən edilmişdir ki, həmin şəxs Şəxsdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX Alayının MEB-nün YPX baş inspektoru X4 şahid N.A.Pənahovla eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin Postpatrul xidməti bölüyünün polis nəfəri X6 izahatında göstərmişdir ki, 18 iyul 2022-ci il tarixdə saat 18:20 radələrində xidmətdə olduqları vaxt Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, “Koroğlu” metrostansiyası, “Piramida”nın qarşısına çağırılmışlar, həmin yerdə polis əməkdaşlarının qanuni tələbinə tabe olmayan sürücünü 25-ci polis bölməsinə aparıb təhvil vermiş, raport yazmaqla barəsində müvafiq tədbir görülməsini xahiş etmişlər. Müəyyən edilmişdir ki, həmin şəxs Şəxsdur. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş Şəxs əməlindən səmimi peşman olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını, habelə qardaşının şəhid olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini, işin faktiki hallarını, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə həmin maddənin tələbini, Şəxs baxılan işlə bağlı 18 iyul 2022-ci il tarixdə saat 18:55-də tutulduğunu və hal-hazıradək tutmada saxlanıldığını nəzərə alaraq, hesab edir ki, ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 200 manat cərimə məbləğinin dörddə üçündən çox olmayan həddə cərimə təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 31.4-1-ci maddəsi tətbiq edilməklə, barəsində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə müdafiəçi X3 müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1668/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1668/2022
19.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver