Məhkəmə qərarları › İş №3(007)-1671/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1671/2025

07.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1671/2025 07.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞnin polis sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx xxx 1986-cı il tarixdə Kürdəmir rayonunun Sığırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Kürdəmir rayonunun Sığırlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında müvəqqəti yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə 07 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli və Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə 07 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmiş və toplanmış sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmənin 07 aprel 2025-ci il tarixli qərardadına əsasən 3(007)-1671/2025 nömrəli və 3(007)-1672/2025 nömrəli inzibati xəta haqqında işlər bir icraatda birləşdirilmiş və birləşdirilmiş işdə 3(007)-1671/2024 nömrəsi saxlanılmışdır. Qeyd edilən inzibati xəta haqqında protokollara əsasən Şəxs 07 aprel 2025-ci il tarixdə saat 10:20 radələrində ünvan 2 ünvanında ucadan nalayiq ifadələr işlədib səs-küy salmış, ictimai qaydanı pozan, ətrafdakı insanların narahatlığına səbəb olan hərəkətlərlə xırda xuliqanlıq etmiş, həmin vaxt onun bu ictimai qaydanı pozan hərəkətlərini müşahidə edib ona yaxınlaşan, onu sakitliyə, nizam-intizama dəvət edən, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs həmin əməlləri ilə bağlı aparıldığı Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinin Nizami rayonu Q.Qarayev prospekti, 81B ünvanında yerləşən inzibati binasında öz hərəkətlərini davam etdirərək ucadan nalayiq ifadələr işlədib səs-küy salaraq polis şöbəsinin iş rejimini pozmaqla xırda xuliqanlıq etmiş, həmin vaxt onun bu ictimai qaydanı pozan hərəkətlərinin qarşısını alaraq nizam-intizama dəvət edən, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru X5 protokolların məzmununa uyğun izahat vermiş və Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, C.Naxçıvanski küçəsindəki parkinq yerinin bir hissəs dövlətə məxsusdur, bir hissə isə qeyri-qanunidir. Parkinqə nəzarət edənlər həmin yerdə işləməsini, günün sonunda ona pul verəcəklərini demişlər. 07 aprel 2025-ci il tarixdə səhər saat 9 radələrində polis əməkdaşı ona yaxınlaşmış və oradan getməsini demişdir. Onu parkinqin işçilərinin həmin yerə qoyduğunu bildirdikdə isə, polis əməkdaşı parkinqin işçilərinin səhv iş gördüklərini demişdir. Həmin yerdə o, səs-küy salmamışdır. Yalnız parkinqdə qeyriqanuni işlədiyi üçün onu şöbəyə aparmışlar. Polis şöbəsində ona güldən artıq söz deməmişlər, sadəcə nevroz olduğu üçün qollarını kəsmişdir. 5 dəqiqə səbrli olsa, onu heç məhkəməyə gətirməyəcəkdilər. İşin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 Alayının Patrul bölüyünün polis nəfəri X3 izahatında göstərmişdir ki, 07 aprel 2025-ci il tarixdə saat 10:20 radələrində Nizami rayonu C.ünvan 4 ünvanında xidməti ərazidə olarkən bir nəfər şəxsin ucadan nalayiq söyüşlər söydüyünü görmüşlər. Eyni zamanda orada olan “Azparkinq”in işçiləri də müraciət edərək həmin şəxsin onları səhərdən bezdirib narahat etdiyini demişlər. Həmin şəxsə yaxınlaşmış, özlərini təqdim edərək etdiyi bu hərəkətlərlə ictimai qaydanı pozduğunu bildirməklə hərəkətlərinə son qoymasını tələb etmişlər. Lakin spirtli içkinin təsiri altında olduğu aşkar hiss olunan həmin şəxs həmin yerdə parkinqdə işləmək istədiyini demişdir. Vətəndaşa demişdir ki, gedib başqa sahədə işləsin, lakin o, təkidlə orada işləyəcəyini demişdir. Təklif etmişdir ki, bu yoldaşlar onu başa salsın, rəsmi müraciət etsin, onu işə götürsünlər, sonra gedib işləsin. Həmin şəxs razılaşmış, orada olan bir nəfərə demişdir ki, onu başa salsın, yola versin. 40 dəqiqə sonra orada yenə eyni vəziyyət yaranmış, lakin həmin şəxs onların xəbərdarlıqlarına məhəl qoymaraq ictimai qaydanı pozan hərəkətlərə yol vermişdir Buna görə həmin şəxsi ərazi üzrə 24-cü polis şöbəsinə təmin etmək istədikdə, o, tabesizlik göstərmiş, söyüş söymüş, demişdir ki, “mənim məhkumluğum olub, mənim üçün boş şeydi bölmə-zad”. Axırda məcbur qalıb avtopatrulla onu 24-cü polis şöbəsinə təmin etmişlər. Müəyyən olunmuşdur ki, həmin şəxs Şəxsdur. O, raport yazan vaxt Şəxs yenə də öz hərəkətlərini davam etdirdiyini, səs-küy saldığını, polis əməkdaşlarına tabe olmadığını, əlində olan kəsici alətlə özünü kəsdiyini eşitmişdir. Əlavə olaraq bildirir ki, o, 14 ildir ki, işləyir, ilk dəfədir məhkəməyə gəlir, həmişə çalışmışdır ki, vətəndaşı yola versin, amma Şəxs qeyd olunan hərəkətləri aqressiv formada davam etdirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddələrlə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddələrlə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, lakin İXM-nin 34.3-cü maddəsinin tələbləri baxımından daha ciddi xəta hesab olunan İXM-nin 535.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 33.1.2 və 33.1.7-ci maddələrinə əsasən inzibati tənbeh tətbiq edilərkən, inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi; inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hallar hesab edilir. İşdə olan 07 aprel 2025-ci il tarixli 2/19181 nömrəli tibbi müayinə protokolundan görünür ki, Şəxs həmin tarixdə saat 13:26-da tibbi müayinəsi zamanı onda yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Bundan başqa, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli 3(007)-4807/2024 nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmiş, İXM-nin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 535.1-ci maddəsi ilə barəsində 08 gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilmişdir. Ona görə məhkəmə həmin halları inzibati xəta törətmiş şəxsin məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini nəzərə alaraq, İXMnin 510 və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyib, onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İş materialları ilə müəyyən olunur ki, Şəxs hazırkı iş üzrə inzibati qaydada tutulmamışdır, eyni zamanda sərxoşluq vəziyyəti yoxlanılarkən onda yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir, ona görə məhkəmə hesab edir ki, inzibati həbsin başlanğıcı işə məhkəmədə baxılmağa təyin edildiyi vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin hüquqi yardıma görə iştirak etdiyi müddət 5 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 535.1-ci maddəsi ilə barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 07 aprel 2025-ci il saat 16:50-dən hesablansın. Şəxs Azərbaycan Respublikası DİN-nin İnzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil verilməsi Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 5 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X4 müvafiq hesablaşma hesabı üzərindən 30 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar