Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1681/2025 11.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin YPX inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxx 2002-ci il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Cəlilabad şəhəri H.Aslanov küçəsi, ev 26da qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 511.1.3-cü maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 24 fevral 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs 21 fevral 2025-ci il tarixdə saat 16:55-də idarə etdiyi “Khazar SD minik” markalı **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nizami rayonu Cəmşid Naxçıvanski küçəsində hərəkətdə olarkən, Azərbaycan Respublikası İXM-nin 327.1 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin YPX inspektoru X2 protokolun məzmununa uyğun izahat vermiş və Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, 21 fevral 2025-ci il tarixdə saat 16:55 radələrində idarə etdiyi “Khazar” markalı **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nizami rayonu Cəmşid Naxçıvanski küçəsində hərəkətdə olub evə gedən zaman maşın sürüşmüş və bardura dəymişdir. Bunu bilərəkdən etməmiş, məqsədi maşını sürüşdürmək olmamışdır. Avtoxuliqanlıq etmədiyi üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati xəta haqqında protokolda Şəxs məhz hansı inzibati xətanı törətdiyi qeyd olunmamış, inzibati xətanın mahiyyəti göstərilməmiş, yalnız şəxsin məsuliyyətə cəlb edildiyi maddələrin adı qeyd olunmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, inzibati xətanın törədildiyini təsdiq edəcək sübut qismində video görüntülərin olduğu CD disk işə əlavə edilmişdir. Hansı ki, həmin video görüntülərdə ehtimal olunan inzibati xətanı törətdiyi qeyd edilən “Khazar SD minik” markalı **-UE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qəflətən sürətləndirilməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səsləri çıxarması və ya yolun səthində çoxsaylı təkər izləri buraxması müşahidə edilməmişdir, həmin nəqliyyat vasitəsi yalnız hərəkət halında üzəri qarla örtülmüş asfaltda sürüşərək istiqamətini dəyişmişdir ki, bu da, “nəqliyyat vasitəsinin qəflətən sürətləndirilməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səsləri çıxarması və ya yolun səthində çoxsaylı təkər izləri buraxması” hesab olunmamaqla İXM-nin 511.1.3-cü maddəsinin təsiri altına düşmür. İnzibati xətalar qanunvericiliyinə görə, şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan mexaniki nəqliyyat vasitəsinin qəflətən sürətləndirilməklə davamlı olaraq təkərlərinin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Yəni, əməlin həmin maddənin təsiri altına düşməsi, tövsif olunması üçün şəxsin hərəkətlərində bu inzibati xətanın obyektiv tərəfinin yuxarıda göstərilən əlamətləri mövcud olmalıdır. Hansı ki, baxılan işə münasibətdə həmin halları təsdiq edən sübutlar mövcud deyildir. Məhkəmə qeyd edir ki, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir, həmin maddənin tələbinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) sübuta yetirilmədiyindən, bununla da onun hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz, ona görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Bundan başqa, məhkəmə inzibati xətalara dair qanunvericiliyin tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli qərarı ilə gəldiyi hüquqi mövqeyə əsasən qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsində rayon-şəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmişdir və həmin inzibati xətalar içərisində İXM-nin 327.1-ci maddəsi nəzərdə tutulmamışdır. Şəxs barəsində həmin maddə ilə inzibati tənbeh məhkəmə tərəfindən tətbiq oluna bilməz, bu hal İXM-nin 34.1 və 34.3-cü maddələrinin tələblərinə zidddir. Ona görə məhkəmə hesab edir ki, şəxsin barəsində sözügedən maddə ilə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə materiallar inzibati xəta haqqında protokolu tərtib etmiş orqana göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53.1.2, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə materiallar Bakı şəhəri Nizami RPİ-nin dövlət yol polisi şöbəsinə göndərilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Vəkil müvafiq hesablaşma hesabı üzərindən 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1681/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1681/2025
11.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver