Məhkəmə qərarları › İş №3(007)-1689/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1689/2020

05.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1689/2020 05.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞnin sahə rəisi X1, zərərçəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxx 1990-cı il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, bir uşağı olan, işləməyən, Cəlilabad rayonunun Kazımabad kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, S.Süleymanov küçəsi ev 48, mənzil 84-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs xx xxx 2020-ci il tarixdə gecə saatlarında Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 85A ünvanında yerləşən binanın həyətində dayanmış, X5 məxsus “VAZ-2107” markalı ** LE *** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan 55 manat nağd pul, dəyəri 150 manat olan “Pioneer” markalı maqnitofon, dəyəri 4 manat olan 1 ədəd təsbeh, dəyəri 18 manat olan 1 ədəd “Black Leather” markalı ətir və dəyəri 15 manat olan 1 ədəd dəri gödəkçəni gizli yolla oğurlayaraq zərərçəkmiş şəxsə cəmi 242 manat miqdarında maddi ziyan vurmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə rəisi X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, narkotik vasitə qəbul edir, narkotik almaq üçün pula ehtiyacı olur. Ona görə vaxtaşırı gecə saatlarında nəzarətsiz qalan və qapıları kilidlənməmiş avtomobillərə daxil olaraq salondan maqnitofon və digər əşyalar oğurlayıb ucuz qiymətə sataraq pul əldə edir. 2020-ci ilin may ayında gecə saatlarında narkotikin təsiri altında olarkən Bəbək prospektindəki körpünün yaxınlığında yerləşən 9 mərtəbəli binanın həyətində dayanmış “VAZ-2107” markalı avtomobilin salonundan bir ədəd “Pioneer” markalı maqnitofonu sökmüş, bundan başqa qoltuqaltıdan içərisində 50 manat pul olan pul kisəsini və digər əşyaları oğurlamışdır. Maqnitofonu Sabunçu bazarında tanımadığı şəxsə 80 manata satmış, əldə etdiyi pulları narkotikə və digər ehtiyaclarına xərcləmişdir. Əməlindən peşman olduğunu bildirərək məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə saat 23 radələrində özünə məxsus “VAZ 2107” markalı ** LE *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 85A ünvanında yaşadığı binanın qarşısında saxlayaraq evə getmişdir. xx xxx 2020-ci il tarixdə saat 08 radələrində avtomobilinə əyləşən zaman salonda olan 55 manat nağd pulun, dəyəri 150 manat olan "Pioneer" markalı maqnitofonun, dəyəri 4 manat olan 1 ədəd təsbehin, dəyəri 18 manat olan 1 ədəd “Black Leather” markalı ətirin və dəyəri 15 manat olan 1 ədəd dəri gödəkçənin oğurlandığını aşkar etmişdir. Oğurluğu edən şəxsin kim olması barədə hər hansı şübhəsi olmamışdır. Şikayət ərizəsi əsasında polislər tərəfindən araşdırma aparılmış, lakin həmin vaxt oğurluğu edən şəxs müəyyən edilməmişdir. Oğurluq hadisəsi nəticəsində ümumilikdə ona 242 manat maddi ziyan dəymişdir. Hazırda polislər tərəfindən oğurluğu edən şəxsin Şəxs olması müəyyən edilmişdir. O, əməlini etiraf etsə də, ona dəymiş maddi ziyanı ödəməmişdir. Şəxs barəsində qanunla müəyyən edilmiş qaydada inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, X4 ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, X5 məxsus avtomobildən maqnitofonu və digər əşyaları oğurlayaraq inzibati xəta hesab edilən xırda talama törətmiş naməlum şəxsin müəyyən olunaraq Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün qəbul olunmuş qərarın surəti aidiyyatı əməkdaşa həvalə olunmuşdur. - xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, iş üzrə icraat dayandırılmışdır; -İnzibati qaydada tutma haqqında xx xxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 20:00-da inzibati qaydada tutulmuşdur; - xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, iş üzrə icraat təzələnmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və zərərçəkmiş şəxsin işin halları ilə bağlı verdikləri izahatları dinləyərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini və himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsində nəzərdə tutulan məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, inzibati həbsin başlanğıcı Şəxs faktiki saxlandığı vaxtdan, yəni xx xxxxxxx 2020-ci il saat 20:00-dan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Məhkəmə hesab edir ki, vəkilin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işi ilə tanış olmaq və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla 18 manat (3x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi Vəkil dövlət büdcəsi hesabına ödənilməlidir. İş üzrə maddi sübut yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 30 (otuz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı xx xxxxxxx 2020-ci il saat 14:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası DİN-nin X2 Saxlanılma Mərkəzinə təhvil verilməsi Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Vəkil dövlət büdcəsi hesabına “xxxxxxxxxxxx” ASCnin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h-AZ37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar