Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1695/2021 01.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin 14 mart 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin 14 mart 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 13 mart 2021-ci il tarixdə saat təxminən 13:40 radələrində həyat yoldaşı ilə birgə ünvan 1 ünvan istiqamətində getmişlər. Şirin Mirzəyev küçəsində, Nizami Rayon Məhkəməsinin yaxınlığındakı orijinal arxitekturaya malik yeni tikilən binanın (“Planet” şadlıq sarayı ilə üzbəüz yerləşən bina nəzərdə tutulur) sol tərəfi ilə metro istiqamətində piyada addımlamışlar. Həmin vaxt ağzındakı maska sulandığından bir anlıq maskanı çıxarıb, əl dəsmalı ilə ağzını silməyə məcbur olmuşdur. Həyat yoldaşı 18 saylı poliklinikada Covid-19-a qarşı peyvənd olunması üçün ağızlarında maska 30 dəqiqədən çox növbə gözləmişlər. Qeyd etdiyi ərazidə günün heç bir saatında əhali sıxlığı müşahidə olunmur. Məhz bu səbəbdən bir anlıq qərara gəlmişdir ki, “Koroğlu” metrosu istiqamətindən gələn avtomobil yolunu keçdikdən sonra maskanı yenidən vurar. Tam səmimiyyətlə bildirir ki, onun maskasız yol getməyi heç bir dəqiqə çəkməmişdir. Adıçəkilən ünvanda , “Planet” şadlıq sarayının yaxınlığındakı dairəyə çatan məqamda Q.Qarayev metrosu istiqamətindən sürətlə gələn bir avtomobil gözlənilmədən yanında dayanmışdır. Avtomobildən düşən polis əməkdaşı özünü təqdim edərək sənəd təqdim etməyini söyləmişdir. Bildirmişdir ki, maska vurmadığı üçün cərimə olunur. O, polis əməkdaşına əlindəki maskanı göstərərək bildirmişdir ki, bəlli bir səbəbdən məqsədli olaraq bir anlığa çıxarmışdır. Polis əməkdaşı onun söylədiklərinə inanmamışdır. Mobil telefonu vasitəsilə çəkdiyi fotonu ona göstərmişdir. Ancaq ona qayda pozuntusu ilə bağlı protokol təqdim olunmamışdır. Sonradan Asanpay.az portalından öyrənmişdir ki, ona inzibati xəta ilə bağlı 100 manat məbləğində cərimə yazılmışdır. O, özünü mənəvi baxımdan bu inzibati qayda pozuntusunda günahkar saymadığından Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Ancaq məhkəmə şikayətini icraata qəbul etməmişdir. Şikayət ərizəsinin icraata qəbul edilməməsinin səbəbi Nizami Rayon Məhkəməsinin 19 mart 2021ci il tarixli qərardadında qəti və birmənalı şəkildə inzibati xəta protokolunun məhkəməyə təqdim olunmuş materialların içərisində olmaması ilə izah edilmişdir. Bir qədər də açıq desə, məhkəmə materiallarında inzibati xəta ilə əlaqədar tərtib edilmiş protokol mütləq şəkildə olmalıdır. Belə olduğu təqdirdə o, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət etmişdir. Daxili İşlər Nazirliyindən yuxarıda qeyd etdiklərinin doğru və dürüstlüyünə inanaraq, ona qarşı inzibati xəta ilə bağlı tərtib olunmuş protokolun ləğv olunmasını xahiş etmişdir. Bu günlərdə isə gözləmədiyi bir halla rastlaşmışdır. Bakı şəhəri Nizami rayon icra şöbəsindən məhkəmə qərarının icrası ilə əlaqədar mobil telefonuna eicra (mesaj) göndərilmişdir. Barəsində 14 mart 2021-ci il tarixdə inzibati xəta ilə əlaqədar protokol bu günlərdə Bakı şəhəri Nizami rayon icra şöbəsinə göndərilmişdir. Əslində, haqqında danışdığı inzibati xəta 13 mart 2021-ci il tarixdə baş vermişdir. Həmin vaxt ona protokol verilməmişdir. O isə, 18 mart 2021-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Onun inzibati xəta ilə bağlı müəyyən edilmiş məbləği ödəmək imkanı yoxdur. Belə ki, özündən asılı olmayan səbəblərdən uzun müddətdir işsizdir. Yuxarıda qeyd etdiklərinin doğru və dürüstlüyünü nəzərə alaraq, inzibati xəta haqqında qərarın ləğvini və icrasının dayandırmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X3 şikayətin dəlillərini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş qərarı barəsində şikayət verilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə inspektoru X2 tərəfindən tərtib olunmuş 13 mart 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 13 mart 2021-ci il tarixdə saat 13:34-də Nəsimi küçəsində tibbi maskadan istifadə etmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə X1 barəsində inzibati protokol tərtib edilmişdir; -Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin 14 mart 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından görünür ki, 13 mart 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, tibbi maskadan istifadə etmədiyinə görə, X3 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə 100 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. İnzibati xətanın törədilib-törədilməməsinə və inzibati xəta törətmiş şəxsin müəyyən edilməsinə münasibətdə müəyyən olunur ki, Respublika ərazisində xüsusi karantin rejiminin elan olunmasına, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə ictimai nəqliyyatda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburi qaydada müəyyən edildiyinə və 13 mart 2021-ci il tarixdə bununla bağlı qərar qüvvədə olmasına baxmayaraq, Qanunun tələbləri X3 tərəfindən pozulmuşdur ki, bu da, inzibati məsuliyyətə səbəb olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli 451 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sonrakı digər qərarlarına əsasən xüsusi karantin rejiminin və müvafiq məhdudiyyətlərin müddətləri uzadılmış, o cümlədən 16 yanvar 2021-ci il tarixli 9 nömrəli qərara əsasən Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021ci il 1 aprel saat 06:00-dək uzadılmışdır. Bu Qərarların tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslərin Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşımalı olduqları təsbit edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, qərardan şikayət vermiş X3 Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburi qaydada müəyyən edilməsinə baxmayaraq, 13 mart 2021-ci il tarixdə həmin qaydaları pozaraq açıq havada fərdi qoruyucu vasitə olan tibbi maskadan istifadə etməməklə Nazirlər Kabinetinin bununla bağlı qərarının tələblərini pozmuş, onun bu hərəkəti nəticədə Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olmuşdur. Həmin maddənin tələbinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə - fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Bu zaman nəzərə alınmalıdır ki, yeni növ koronavirus (COVİD-19) infeksiyasının təhlükəliliyi, səbəb olduğu fəsadlar, infeksiyadan qorunmağın yolları, əks halda nəzərdə tutulmuş məsuliyyət tədbirləri və sair maarifləndirici tədbirlər kütləvi informasiya vasitələri ilə və digər formalarda insanlar arasında təbliğ edilməsinə baxmayaraq, vətəndaşlar tərəfindən mütəmadi olaraq həmin qaydaların pozuntusuna yol verilir. Qərardan şikayət vermiş X3 da Nazirlər Kabinetinin qərarları ilə müəyyən edilmiş tələblərə əməl edilməyərək, belə pozuntuya yol vermişdir, hansı ki, onun özü də yol verdiyi inzibati xəta hadisəsini etiraf edir, irəli sürdüyü dəlillər isə mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsas deyildir. İnzibati qanunvericiliyin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X1 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə 14 mart 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsi ilə dairəsi müəyyən edilmiş əsaslar müəyyən edilməmişdir, odur ki, X1 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1, Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin 14 mart 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1695/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1695/2021
01.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver