Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1698/2020 15.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, fiziki şəxs olaraq Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu 199 ünvanında restoran fəaliyyəti ilə məşğul olur. xx xxxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında ona İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə 3000 manat məbləğində inzibati cərimə yazılmışdır. Belə ki, xx xxxxxxxx 2020-ci il tarixdə vergi əməkdaşları fəaliyyət göstərdiyi obyektə saat 22:30 radələrində gələrək masa ətrafındakı oturacaqların ara məsafəsinin 1 metrdən az olduğunu irad bildirərək İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib etmişlər. Ölkədə olan karantin rejimi ilə əlaqədar olaraq qapalı tipli restoranların fəaliyyətinə xx xxxxxxxx 2020-ci il tarixədək qadağa qoyulmuşdur. Nazirlər Kabinetinin müvafiq qərarı ilə qapalı tipli restoranların fəaliyyətinə icazə verildiyi vaxtdan cəmi 2 gün keçdikdən sonra heç bir xəbərdarlıq edici tədbir görülmədən və həmçinin obyekt daxili masa, oturacaqların hansı aralıqda yerləşdirilməsi barədə xəbərdarlıq edilmədən fəaliyyət göstərdi restoranı məsafə sıxlığına görə cərimələmişlər. Karantin rejimi ilə əlaqədar olaraq müvafiq qərarların icrasını hər hansısa bir dövlət orqanının göstərişi olmadan öz tərəflərindən nəzərdə tutulan qaydalara uyğun şəkildə, yəni masalar arası məsafə 2 metr, oturacaqlar arası məsafə 1 metr olmaqla düzülmüşdür. Gündəlik fəaliyyət zamanı da ara məsəfəsinə daim nəzarət olunmuşdur. Həmçinin, restoranın qapısında işçilər tərəfindən insanların sıxlığının qarşısını almaq üçün nəzarətdə tutulmuş, yəni tərəflərindən müəyyən olunmuş müştəri sayından artıq olmayaraq insanlar içəri buraxılmamışdır. Lakin saat 22:00 radələrində mətbəxdə yaranmış su təchizatındakı problem səbəbi ilə müştərilər üzərində və qapıda olan nəzarət zəifləmişdir. Bu zaman masalar arası məsafə olduğu kimi qalmış, lakin oturacaqlar arasındakı məsafə 1 metrdən az olmuşdur. Obyekt daxilində yaranan problem nəticəsində nəzarətin bir neçə dəqiqəlik axsaması səbəbi ilə qapıda olan, yəni girişdə ayaqüstü olan insanlar müştərilər olaraq obyektə daxil olmuş və girişdə olan tanışlarının masasının yanında ayaq üstü salamlaşaraq, lakin əyləşməyə yer olmadığından qapının içəri hissəsində dayanmış və işçilər tərəfindən yerləşdirilmələrini gözləmişlər. Elə bu zaman vergi əməkdaşları obyektə daxil olmuş və qapıda yaranmış sıxlığı qeydə almışlar. Bu yaranmış sıxlıq qısa bir zaman ərzində həll olunan bir problem olmuş, lakin cüzi axsaqlıq səbəbi ilə həmin insanlar obyekt daxilində nəzarətsiz qalmışlar. Əlavə olaraq qeyd edir ki, restoran iki gündür ki, fəaliyyətə başlamışdır və hal-hazırda ölkədə olan hərbi rejimlə əlaqədar olaraq fəaliyyət göstərmişdir. Vəzifəli şəxlərin İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəriməsinin miqdarı 3000 manat nəzərdə tutulmuşdur. Hazırkı vəziyyətdə isə bu cəriməni ödəmək iqtidarında olmadığı və törədilmiş inzibati xəta birmənalı olaraq ehtiyatsızlıqdan, həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin BKSİBİ-nin əməkdaşlarının anlayış göstərməmələrindən baş vermişdir. Müfəttişlərə yaranmış vəziyyəti izah etsə də və ayaq üstə olan müştərilərin özləri də müfəttişlərə bildirsələr də ki, obyektə yeni daxil olmuşlar, bunların heç biri qeydə alınmamışdır və Vergilər Nazirliyi tərəfindən daha öncə də xəbərdarlıqedici heç bir tədbir görülməmişdir. O, baş verə biləcək hadisənin qarşısını almışdır və içəridə olan insanlar yenicə daxil olmuş müştərilər olmuşdur, dərhal sonra isə müfəttişlər girmişlər. Baş vermiş xətanın tam olaraq törədilmiş əmələ tövsif olunmadığını nəzərə alaraq barəsində qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarın etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X2 şikayətin dəlillərini müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş qərarı barəsində şikayət verilmiş Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Fiziki şəxsin uçotu haqqında ********** nömrəli qeydiyyat şəhadətnaməsinin (VÖEN) surətindən görünür ki, fiziki şəxs X2 xx xxxx 2018-ci il tarixdə qeydiyyata alınmışdır. -Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından görünür ki, xx xxxxxxxx 2020-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 208 nömrəli qərarının tələbləri pozularaq iaşə obyektində qapalı məkanda müştərilərə xidmət göstərildiyi, masalar arasında və masa ətrafında oturacaqlar arasında ara məsafəsinin saxlanılmadığı müəyyən olunmuşdur. Bununla fiziki şəxs X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə o, 3000 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. İnzibati xətanın törədilib-törədilməməsinə və inzibati xəta törətmiş şəxsin müəyyən edilməsinə münasibətdə müəyyən olunur ki, X2 ünvan 2 ünvanında qeydiyyatdadır, Respublika ərazisində xüsusi karantin rejiminin elan olunmasına və xx xxxxxxxx 2020-ci il tarixdə bu qərar qüvvədə olmasına baxmayaraq, həmin Qanunun tələbləri onun tərəfindən pozulmuşdur ki, bu da, inzibati məsuliyyətə səbəb olmuşdur. “Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxx 2020-ci il tarixli 237 nömrəli qərarına əsasən “Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normaları” təsdiq edilmiş, müəyyən edilmişdir ki, koronavirus (COVİD-19) pandemiyası dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrinə müştəri qəbulu qüvvədə olan norma və qaydalardan 2 dəfə az olmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır; qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafələr isə 2 metrdən az olmamalıdır; hər bir ictimai iaşə müəssisəsinin qarşısındakı lövhədə həmin müəssisənin qida qəbulu yerlərinin (zallar, otaqlar və s.) ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sonrakı müvafiq qərarlarına əsasən sözügedən x xxxx 2020-ci il tarixli 237 nömrəli qərarı ilə müəyyən edilmiş xüsusi karantin rejimi qaydaları qüvvədə qalmaqla, bu qaydaların müddəti uzadılmışdır. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsində inzibati məsuliyyətə cəlb olunmuş şəxsin öz təqsirsizliyini sübut etməyə borclu olmaması təsbit edilmişdir. Lakin nəzərə alınmalıdır ki, şikayətdə və şikayət vermiş şəxsin özünün məhkəmədə verdiyi izahatında inzibati xəta hadisəsinin törədilməsi şikayət vermiş şəxsin özü tərəfindən inkar edilməmiş, etiraf edilmişdir. Bununla yanaşı, məhkəmə tədqiqi ilə də xx xxxxxxxx 2020-ci il tarixdə fiziki şəxs X1 fəaliyyət göstərdiyi restoranın qida qəbulu zalında oturacaqların ara məsafəsinin eyni masa arxasında 1 metrdən, masalararası məsafələrin isə 2 metrdən az olmamalı olması barədə Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmiş norma və tələblərin pozulması müəyyən edilmiş, öz təsdiqini tapmışdır. Bununla da X1 barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinə görə inzibati icraatın başlanması, onun inzibati qaydada məsuliyyətə cəlb olunaraq tənbeh edilməsi əsaslı olmuşdur. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. İnzibati qanunvericiliyin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X1 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsi ilə dairəsi müəyyən edilmiş əsaslar müəyyən edilməmişdir, odur ki, X1 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 105, 114-115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1, Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1698/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1698/2020
15.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver