Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1701/2022 02.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, xx.xx.1993-cü ildə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Sumqayıt şəhəri, Corat bağ evində yaşayan, X2 Nizami rayon DYPŞ-nin TP ******* saylı xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Nizami rayon DYPŞ tərəfindən qəbul edilmiş TP ******* saylı xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2022-ci il tarixdə saat 00:01-də idarə etdiyi “KİA Pride” minik markalı ** CY *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Nizami rayonu Bəkir Çobanzadə 342 ünvanda hərəkətdə olarkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir. X1 şikayət verərək, qərarın ləğv edilməklə inzibati işə xitam verilməsini xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, 19 iyun 2022-ci il tarixdə B.Çobanzadə 342 ünvanında ona məxsus KİA PRİDE avtomobili ilə hərəkət edərkən saat 00:01 radələrində YPX onu saxlamış və Bakı şəhəri Nizami rayon YPX-nın əməkdaşı tərəfindən barəsində İXP ******* saylı protokol tərtib olunmuşdur. Protokolda onun “X5” Azərbaycan Respublikasının Qanununu 1 saylı əlavəsində göstərilən tələblərin pozulması qeyd olunaraq İnzibati Xətalar Məcəlləsinin 342.3.4 maddəsi ilə törətmiş olduğu xətaya görə məsuliyyət qeyd edilmişdir. O, bu protokolun tərtib olunmasına etiraz etsə də, inspektor razılaşmamışdır. Protokola etirazını bildirmiş olduğu üçün şikayətinə 19 iyun 2022-ci ildə BPİ-də baxılsa da, əsaslandırmasına heç bir qanuni istinad göstərmədən, öz versiyalarını sübuta yetirmədən barəsində “X5” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin tələblərini pozmaqla 150 manat məbləğində cərimə edilməsi ilə balğı qərar çıxarılmışdır. “X5” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsi Nəqliyyat vasitələrinin texniki vəziyyəti və onların texniki baxışdan keçirilməsi maddəsidir. Bu maddəyə görə qanuna 1 saylı Əlavə ilə istismarı qadağan edilən nəqliyyat vasitələrini idarə etməyə və onu vaxtında texniki baxışdan keçirməməyə görə nəqliyyat vasitəsinin sahibləri nəqliyyat vasitəsinin texniki vəziyyətinə cavabdeh olan şəxslər və ya sürücüləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək, təhlükəsi yaradan əlavə əşyalar qoyulduqda və ya şüşələrə hər hansı formada və ölçüdə örtüklər (pərdə və plyonka) çəkildikdə. Avtomobillərin və avtobusların qabaq şüşəsinin yuxarı hissəsində rəngli, şəffaf plyonka bərkidilə bilər. İşığı buraxması dövlət standartlarının tələblərinə uyğun olan, sənaye üsulu ilə. Göründüyü kimi bu maddənin tələbləri pozulmuş deyildir. Çünki onun avtomobilində isə nə pərdə, nə də plyonka çəkilmişdir. Yəni qadağan olunmuş örtüklərdən istifadə olunmamışdır. Avtomobilin arxasında sənaye üsulu ilə hazırlanan və istehsalçı tərəfindən quraşdırılmış jalüz vardır və onu istifadə etmişdir. Bu isə qanunla qadağa olunmur, çünki hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda minik avtomobillərinin arxa şüşələrinə örtük (pərdə və ya plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir. Bu arada qeyd etmək istəmişdir ki, sənaye üsulu ilə hazırlanmış jalüzün örtüklərdən fərqi elə qeyddəcə aydın olur. Örtük dedikdə məhz pərdə və plyonkaların nəzərdə tutulduğu açıq-aşkar qeyd olunmuşdur. Lakin İXM-nin 342.2.4-cü maddəsi nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə yüz əlli manat məbləğində cərimə təyin edir. Jalüz bu örtüklərə aid olmadığına görə cərimənin tətbiq edilməsi də düzgün deyildir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsədə, qərardan şikayət vermiş şəxs X3 və inzibati orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə şikayəti sənədlərlə əlaqəli araşdıraraq hesab edir ki, inzibati iş üzrə TP ******* saylı xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv olunmalı və X2 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. «X5» Azərbaycan Respublikasının Qanuna 1 saylı Əlavənin Vİİ bəndində göstərilmişdir ki, avtomobillərin və avtobusların qabaq şüşəsinin yuxarı hissəsində rəngli, şəffaf plyonka bərkidilə bilər. İşığı buraxması dövlət standartlarının tələblərinə uyğun olan, sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin (güzgü-şüşələrdən başqa) tətbiqinə icazə verilir. Hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda avtobusun pəncərələrindən pərdə asmağa, eləcə də minik avtomobillərinin arxa şüşələrinə örtük (pərdə və ya plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir. Məhkəmə qeyd edir ki, X2 idarə etdiyi “KİA Pride” minik markalı ** CY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2022-ci il tarixdə saat 00:01-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair sübutlar qərarda öz əksini tapmadığından həmin qərarın əsaslı olması barədə qəti qənaətə gəlmək mümkün qeyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, X2 barəsində Nizami rayon DYPŞ tərəfindən qəbul edilmiş TP ******* saylı xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53.2, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X2 barəsində Nizami rayon DYPŞ tərəfindən qəbul edilmiş TP ******* saylı xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv olunmaqla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-1701/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1701/2022
02.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver