Məhkəmə qərarları › İş №3(007)-1717/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1717/2021

23.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1717/2021 23.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru X1, tələbkar X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 23, mənzil 11 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən borclu Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1681/2021 saylı, 29.03.2021-ci il tarixli və 2(007)-2077/2021 saylı, 07.05.2021-ci il tarixli icra sənədlərini icra etməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədlərini icra etməmişdir. Bu barədə Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru T.M.Hümbətzadə tərəfindən 21.06.2021-ci il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, icra sənədini icra etməkdən boyun qaçırmır. Əvvəllər bərbər işləmişdir. Həm barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası, həm də pandemiya ilə əlaqədar işləyə bilməmişdir. Maddi imkanı ağır olduğundan icra sənədi üzrə yığılmış borcu birdəfəyə ödəyə bilmir. Sabah aliment borcundan 150 manat, sonradan hər ay 225 manat ödəyəcəyinə söz verir. Məhkəmədən göstərilənləri nəzərə alaraq barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X7 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29.03.2021-ci il tarixli qətnaməsi ilə 22.08.2019-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07.05.2021-ci il tarixli qətnaməsi ilə Şəxs 22.08.2019-cu il təvəllüdlü X3 3 yaşına çatanadək saxlanılması üçün hər ay 50 manat məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. O, heç bir yerdə işləmir, uşağını saxlamaqda çətinlik çəkir, uşağına anası baxır. Borclu uşağı ilə maraqlanmır. Borclu ilə sabah 150 manat, sonrakı aylarda hər ay 225 manat ödəyəcəyi ilə bağlı razılığa gəlmişdir. Əgər ödəməsə şikayət ərizəsi ilə müraciət edəcəkdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1681/2021 saylı, 29.03.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, 22.08.2019-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs 26.02.2021-ci il tarixdən hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq X5 verilməsi qət edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2077/2021 saylı, 07.05.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 22.08.2019-cu il təvəllüdlü X3 3 yaşına çatanadək saxlanılması üçün 09.04.2021-ci il tarixdən başlayaraq hər ay 50 manat məbləğində alimentin iddiaçı X4 xeyrinə tutulması qət edilmişdir. - icraata başlamaq haqqında 01.04.2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1681/2021 saylı, 29.03.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən icra sənədlərinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1681/2021 saylı, 29.03.2021-ci il tarixli və 2(007)-2077/2021 saylı, 07.05.2021-ci il tarixli icra sənədləri üzrə aliment borcunun ödənilməsi ilə bağlı tələbkar X7 ilə razılığa gəlmişdir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə qeyd olunanları nəzərə alıb hesab edir ki, Şəxs əməlində qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasından qərəzli boyun qaçırma kimi əlamətlər yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1681/2021 saylı, 29.03.2021-ci il tarixli və 2(007)-2077/2021 saylı, 07.05.2021-ci il tarixli icra sənədlərinin üzrsüz səbəbdən icra edilməməsinə dair sübutlar təqdim edilmədiyindən və bununla da Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Bu mənada hazırkı qərarda gəlinmiş nəticə borclu Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1681/2021 saylı, 29.03.2021-ci il tarixli və 2(007)-2077/2021 saylı, 07.05.2021-ci il tarixli icra sənədlərinin icrasından azad etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 23, mənzil 11 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar