Məhkəmə qərarları › İş №3(007)-1718/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1718/2021

23.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1718/2021 23.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1967-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi 127 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən borclu Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2729/2009 saylı, 05.08.2009-cu il tarixli icra sənədini icra etməmişdir. Bu barədə Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru A.S.Qasımov tərəfindən 23.06.2021-ci il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, icra sənədi üzrə digər borclu X2 tanışı olmuşdur. Azat ondan adına avtomobil almağı xahiş etmişdir. “xxxx” ASC-yə ilkin 30% ödənişi o, ödəmişdir. Avtomobillə bağlı Azata etibarnamə vermiş, sonra onu görməmiş, heç bir əlaqəsi olmamışdır. “xxxx” ASC-yə borcu olduğunu biləndə bankla əlaqə saxlayıb tələbin avtomobilə yönəldilməsini xahiş etmişdir. O, icra sənədinin icrasından qərəzli boyun qaçırmamışdır. Onun Binəqədi Rayon Məhkəməsinin 05.08.2009-cu il tarixli qətnaməsindən və icra işindən xəbəri olmamışdır. Şəxsiyyət vəsiqəsi ilə əlaqədar “Asan” xidmətdə olarkən cəriməsi olduğunu bildirərək onu saxlamışlar. Sonra ona barəsində olan icra işinə görə saxladıqları məlum olmuş və barəsində protokol tərtib edərək məhkəməyə gətirmişlər. Məhkəmədən göstərilənləri nəzərə alaraq barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməməsini xahiş etmişdir. Tələbkar “xxxx” ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etmir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2729/2009 saylı, 05.08.2009-cu il tarixli icra vərəqəsindən görünür ki, cavabdehlər Şəxs və X3 müştərək qaydada 26399 ABŞ dolları əsas, 2508 ABŞ dolları faiz, 200 manat cərimə, cəmi 28907 ABŞ dolları kreditin və 200 manat vəsaitin alınaraq iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməsi, tələb əsas borclu olan Şəxs məxsus **-EM-***, ban N-si KMHSH81DP9U424705 olan “Hyundai Santa-Fe” markalı avtomobilə yönəldilərək qeyd edilən nəqliyyat vasitəsinin açıq hərracda satılması və satışdan əldə olunan vəsaitin göstərilən borcun ödənilməsinə yönəldilməsi qət edilmişdir. - icra hərəkətlərinin davam etdirilməsinə dair 12.11.2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2729/2009 saylı, 05.08.2009-cu il tarixli icra sənədi üzrə icra hərəkəti davam etdirilmişdir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-657/2012 saylı, 30.10.2012-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2729/2009 saylı, 05.08.2009-cu il tarixli icra vərəqəsi üzrə borclu Şəxs ölkədən getmək hüququ məhkəmə qətnaməsi tam icra olunanadək məhdudlaşdırılmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2729/2009 saylı, 05.08.2009-cu il tarixli icra sənədinin icrası ilə bağlı borclu Şəxs yaşadığı ünvana bildiriş göndərilməsini təsdiq edən sənəd (poçt qəbzi, reyestr) və bildirişi alıb-almaması barədə sübut iş materiallarına əlavə edilməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alıb hesab edir ki, Şəxs əməlində qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasından qərəzli boyun qaçırma kimi əlamətlər yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2729/2009 saylı, 05.08.2009-cu il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə dair sübutlar təqdim edilmədiyindən və bununla da Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Bu mənada hazırkı qərarda gəlinmiş nəticə borclu Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2729/2009 saylı, 05.08.2009-cu il tarixli icra sənədinin icrasından azad etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 №-li qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında nəzərə alınmaqla 18 (on səkkiz) manat (3x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi Vəkil dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: xx.xx.1967-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi 127 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Vəkil 18 (on səkkiz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar