Məhkəmə qərarları › İş №3(007)-1723/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1723/2022

27.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1723/2022 27.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1987-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki, Şəxs informasiya sistemləri texnologiyaları, ehtiyatları və onların təminat vasitəsinin sahibi olaraq “Facebook” sosial şəbəkəsində özünün sahibi olduğu və istifadəçisi olduğu subyekt olaraq 26 iyul 2022-ci il tarixdə “Quru qoşunları komandanı General Əfəndiyev minaya düşüb” başlıqlı həqiqətə uyğun olmayan məlumat yerləşdirməklə faktiki olaraq əhalidə ölkənin müdafiə qabiliyyətinin zəifləməsi təhdidinin mövcud olmasını ehtiva edərək “Milli Təhlükəsizlik haqqında” Azərbaycan Respublikası qanununun 20.1-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının informasiya sahəsində milli təhlükəsizliyinin təmin olunması, habelə informasiya sahəsində milli maraqların müdafiəsinə yönəlmiş tədbirlər kompleksinin həyata keçirilməsinin əleyhinə hərəkət etməklə, eyni zamanda “İnformasiya informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası qanununun 13-2.3.10-1-ci bəndi ilə yayılması qadağan edilən insanların həyat və sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının törədilməsi, ictimai təhlükəsizliyin kütləvi şəkildə pozulması, ictimai təhlükəli nəticələrin baş verməsi təhdidini törədən yalan məlumatları dərc edərək yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsinə yol verməklə Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün Azərbaycan Respublikası baş prokurorunun müavini İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elmar Camalov tərəfindən qəbul edilmiş 27 iyul 2022-ci il tarixli qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə iclasında Azərbaycan Respublikası Baş Prokurorluğunun cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X2 izahatında göstərmişdir ki, Şəxs informasiya sistemləri texnologiyaları, ehtiyatları və onların təminat vasitəsinin sahibi olaraq “Facebook” sosial şəbəkəsində özünün sahibi olduğu və istifadəçisi olduğu subyekt olaraq 26 iyul 2022-ci il tarixdə “Quru qoşunları komandanı General Əfəndiyev minaya düşüb” başlıqlı həqiqətə uyğun olmayan məlumat yerləşdirməklə faktiki olaraq əhalidə ölkənin müdafiə qabiliyyətinin zəifləməsi təhdidinin mövcud olmasını ehtiva edərək “Milli Təhlükəsizlik haqqında” Azərbaycan Respublikası qanununun 20.1-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının informasiya sahəsində milli təhlükəsizliyinin təmin olunması, habelə informasiya sahəsində milli maraqların müdafiəsinə yönəlmiş tədbirlər kompleksinin həyata keçirilməsinin əleyhinə hərəkət etməklə, eyni zamanda “İnformasiya informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası qanununun 13-2.3.10-1-ci bəndi ilə yayılması qadağan edilən insanların həyat və sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının törədilməsi, ictimai təhlükəsizliyin kütləvi şəkildə pozulması, ictimai təhlükəli nəticələrin baş verməsi təhdidini törədən yalan məlumatları dərc edərək yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsinə yol verməklə Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs barəsində inzibati tənbeh tədbirinin tərtbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, “Facebook” sosial şəbəkəsində həmin məlumatı yaymağın qadağan olunduğunu düzgün hesab etmir. Jurnalistin işi informasiyanı tapmaq və yaymaqdan ibarətdir. O, hərbi bloger kimi tanınır və hamı onun hərbi bloger olduğunu bilir. “Facebook” sosial şəbəkəsində özünün sahibi olduğu səhifənin 300.000 nəfər istifadəçisi var. Həmin məlumatlar ona verilmiş, oda “Facebook” sosial şəbəkəsində özünün sahibi olduğu səhifədə paylaşmışdır. Hərbi qulluqçunun yaralanmasını hərbi hiss hesab edilmir. Barəsində Azərbaycan Respublikası İXM-nin 388- 1.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün qəbul edilmiş 27 iyul 2022-ci il tarixli qərar sifarişli və qondarma qərardır. Barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılmış şəxs Şəxs müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil Bürosunun vəkili Vəkil Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, prokurorluğun nümayəndəsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və onun vəkilini dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetirilir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halllar müəyyən etmir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, işin hallarını, eləcə də məhkəmə iclasındakı davranışını nəzərə almaqla, onun barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyərək, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs müddətinin başlanğıcı, onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 27 iyul 2022-ci il , saat 17:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) ay müddətinə inzibati həbslə tənbeh edilsin. Həbsetmənin əvvəli 27 iyul 2022-ci il, saat 17:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Şəxs Azərbaycan Respublikası DİN-nin İnzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil verilməsi Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar