Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1738/2024 02.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, Bakı şəhəri Nizami rayon prokurorunun böyük köməkçisi X1, zərərçəkmiş şəxs X2 və onun nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1963-cü ildə Qazax rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala əsasən vəzifəli şəxs "xxxx" MMC-də iş icraçısı Şəxs “Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları”nın 2.2-ci bəndinin tələblərinə əsasən Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində abadlıq işlərinin aparıldığı iş sahəsində tikinti maşınlarının və insanlar üçün keçid yerlərinin təşkili zamanı insanlar üçün təhlükəli istehsalat faktorları olan zonalar müəyyən edib, həmin zonaların təhlükəsizlik nişanları müəyyən edilmiş formada yazılar ilə nişanlanmasını təmin etməli olduğu halda, bunu etməməsi nəticəsində X6 xx.xx.2024-cü il tarixdə, saat 13:40 radələrində ünvan 2 ünvanının qarşısında piyada hərəkətdə olarkən yük daşıyan traktorun çalovunun toxunması ilə əlaqədar dəmir dirəyin başına aşması nəticəsində sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri almışdır. Bu barədə Bakı şəhəri Nizami rayon prokuroru, baş ədliyyə müşaviri Pərviz İbayev tərəfindən xx.xx.2024-cü il tarixli qərarla Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon prokurorunun köməkçisi X4 inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərarın məzmununa uyğun izahat verərək məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, MMC-də iş icraçısı vəzifəsində işləyir. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti tərəfindən işlədiyi şirkət Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində aparılan abadlıq işlərinə cəlb olunmuşdur. 12 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində abadlıq işləri aparılan zaman, saat təxminən 13:50 radələrində digər tərəfdə abadlıq işləri aparan traktor sürücüsü Orxan Səlimov ona zəng vuraraq qəza baş verdiyini və nəticədə yoldan keçən şəxsin başına dəmir dirək düşdüyünü bildirmişdir. O, dərhal həmin əraziyə yaxınlaşmış və bir nəfər kişinin oturacaqda əyləşdiyini, başından qan axdığını görmüşdür. Əraziyə gələn X14 maşını ilə həmin şəxs xəstəxanaya göndərilmişdir və bu zaman o, xəsarət alan şəxsə 50 manat vermişdir. Daha sonra traktorun sürücüsü Orxan Səlimov xəsarət alan şəxsin xəstəxana xərclərini ödəmişdir. O və traktorun sürücüsü Orxan Səlimov xəsarət almış şəxsin ailəsi ilə razılığa gəlməyə çalışsalar da, lakin həmin şəxsin qızı onları təhqir edərək qovmuşdur. Belə ki, xəsarət almış şəxsin qızı onlardan 100000 manat təzminat tələb edir. O, hadisə baş verən zaman həmin ərazidə olmamışdır və hadisənin necə baş verməsi barədə məlumatı yoxdur. Onun bu işdə heç bir günahı yoxdur. Məhkəmədən qeyd olunanları nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında bildirmişdir ki, 12 fevral 2024-cü il tarixdə yaşadığı ərazidə piyadalar üçün nəzərdə tutulmuş səkidə hərəkətdə olarkən abadlıq işləri aparılması ilə əlaqədar həyətdə iş görən traktorun çalovunun toxunması ilə dəmir dirək üzərinə aşmışdır. Nəticədə o, qabırğaların sınıqları, sağ alın-təpə nahiyəsinin dərialtı hematoması və əzilmiş yarası, sağ gözətrafı nahiyəsinin hematoması və sol gözaltı nahiyəsinin qançırı xəsarətləri almışdır. Hadisə baş verən gün ona həmin ərazidə olan insanlar kömək edərək X14 çağıraraq onu xəstəxanaya aparmışlar. Lakin həmin gün şirkətin bir nəfər belə işçisi onun yanında getməmiş, onunla maraqlanmamışdır. Xəstəxanada onun başına tikişlər qoyulmuş, müxtəlif yoxlamalardan keçirilmişdir. Hadisədən xəbər tutan qızı özü gedib iş icraçısı Elçin adlı şəxsi taparaq onunla maraqlanmasını tələb etsə də, həmin şəxs onun qızı ilə aqressiv formada danışaraq, hadisə nəticəsində onun ölmədiyini, buna görə də böyüdüləsi məsələ olmadığını bildirmişdir. Hadisədən 2 gün keçdikdən sonra qızının təkidi ilə Elçin adlı şəxs Mənzil Kommunal İstismar Sahəsinin rəisi ilə birlikdə onun yanına gəlmişdir. Traktorun sürücüsü cəmi bir dəfə xəstəxanada 310 manat ödəniş etmişdir. Sonra o, dəfələrlə xəstəxanaya getsə də, nə traktorun sürücüsü, nə də Elçin adlı şəxs onunla maraqlanmamış, xəstəxana xərcləri ödənilməmişdir. Hadisədən sonra o, nevroz olmuşdur, qulağı zəif eşidir, gözləri görmür və iş qabiliyyətini itirmişdir. Hadisə nəticəsində ona dəymiş ziyan ödənilməmişdir. Buna görə də, Şəxs şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 nümayəndəsi X7 izahatında bildirmişdir ki, 12 fevral 2024-cü il tarixdə o, işdə olarkən xalası ona zəng vuraraq bildirmişdir ki, atasını xəstəxanaya aparıblar və vəziyyəti ağırdır. O, xəstəxanaya çatanda bilmişdir ki, ərazidə abadlıq işləri aparan şirkətə məxsus traktorun çalovunun toxunması ilə dəmir dirək atasının üzərinə aşmışdır. Xəstəxanada olduğu müddətdə ərazidə abadlıq işləri aparan şirkətin işçiləri onun atası ilə maraqlanmamışlar. Buna görə də, o, hadisə baş verən əraziyə gələrək səs-küy salaraq oranın məsul şəxsinin kim olmasını, hadisənin kimin günahı ucbatından baş verməsi ilə maraqlanmışdır. Orada ona bildirilmişdir ki, məsul şəxs Şəxsdir. O, həmin şəxsə zəng vurduqda, həmin şəxs onunla qeyri-etik formada danışmışdır. O, Şəxs özü axtarıb tapmış və məcbur etmişdir ki, atasının yanına gəlsin. Atası ilə traktorun sürücüsü maraqlanmışdır. Lakin hadisə baş verdiyi gündən Şəxs atası ilə maraqlanmamış, atasının xərclərini ödəməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 X13 canlı şəxsin ekspertizasına dair xx.xx.2024-cü il tarixli, 130 saylı rəyin nəticə hissəsindən görünür ki, X6 - sol İV, V, Vİ və Vİİ qabırğaların (bəziləri minimal yerdəyişməsi ilə) xətti sınıqları, sağ alın-təpə nahiyəsinin dərialtı hematoması və əzilmiş yarası, sağ gözətrafı nahiyəsinin hematoması və sol gözaltı nahiyəsinin qançırı xəsarətləri almışdır. Sol İV, V, Vİ və Vİİ qabırğaların (bəzləri minimal yerdəyişməsi ilə) xətti sınıqlar sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir, sağ alıntəpə nahiyəsinin dərialtı hematoması, əzilmiş yarası və sağ gözətrafı nahiyəsinin hematoma xəsarətləri həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, sol gözaltı nahiyəsinin qançırı sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində və şəxsin göstərdiyi müddətdə, yəni xx.xx.2024-cü il tarixdə alınmaları mümkündür. Xəsarətlərin xüsusiyyətlərinə və lokalizasiyasına istinad edərək qeyd etmək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində və şəxsin göstərdiyi şəraitlərdə əmələ gəlməsi mümkündür. Lakin, bu xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi inkar olunur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-10/1699 saylı rəyinin nəticə hissəsindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar: “Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları”nın 2.2-ci bəndinin tələbləri pozulmuşdur. “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X5”nda olan “İş icraçısının əmək funksiyası”nın tələblərinə əsaslanaraq, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində abadlıq işlərinin aparıldığı iş sahəsində tikinti maşınlarının və insanlar üçün keçid yerlərinin təşkili zamanı insanlar üçün təhlükəli istehsalat faktorları olan zonalar müəyyən edilib, həmin zonaların təhlükəsizlik nişanları müəyyən edilmiş formada yazılar ilə nişanlanmasını təmin etmədiyinə görə, “Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları”nın 2.2-ci bəndinin tələbləri "Alituran Tikinti” MMC-də iş icraçısı işləyən Şəxs tərəfindən pozulmuşdur. - cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış materialda Azərbaycan Respublikası CM-nin 162 və 222-ci maddələrinin tərkibi müəyyən edilmədiyinə görə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. "xxxx" MMC-nin iş icraçısı Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən həmin faktlar üzrə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması məsələsinə baxılması üçün toplanmış materialdan müvafiq sənədlərin rayon prokuroruna təqdim edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda- min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla texniki təhlükəsizlik qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.3cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 2000 (iki min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-1738/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1738/2024
02.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver