Məhkəmə qərarları › İş №3(007)-1739/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1739/2021

22.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1739/2021 22.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Səmirə Tofiq qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, 29 dekabr 1991-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 63, mənzil 18-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-dən daxil olmuş 25 fevral 2021-ci il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə barəsindəki 16 sentyabr 2020-ci il tarixli inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən protokolu tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, protokolda qeyd olunan “Ford Fusion” markalı ** DM *** dövlət qeydiyyat nişanlı avtomobili xeyli müddətdir ki, etibarnamə ilə başqa şəxsə vermişdir, avtomobil faktiki olaraq onun istifadəsində deyil. Hesab edir ki, barəsində protokol tərtib edilməsi əsassız olmuşdur. İşin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan 16 sentyabr 2020-ci il tarixli, EQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan və digər sənədlərdən görünür ki, “Ford Fusion minik” markalı ** DM *** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəçisi Şəxs 15 sentyabr 2020-ci il tarixdə yol nişanlarının tələblərinə riayət etməməklə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 40 manat məbləğində cərimə edilmişdir. Dəbbə pulu ilə birlikdə borcu 64 manatdır. Həmin borcun ödənilməsinə dair bildirişi 27 yanvar 2021-ci il tarixdə xəbərnaməyə imza edərək almasına baxmayaraq, Şəxs tərəfindən həmin cərimə və dəbbə pulu borcu ödənilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını binləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatına münasibətdə qeyd edir ki, onun irəli sürdüyü dəlillər məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təkzib olunur, nəqliyyat vasitələrinin rəsmi reyestrində qüvvədə olan məlumatlara əsasən inzibati xəta hadisəsini törətdiyi qeydə alınan nəqliyyat vasitəsi Şəxs adına qeydiyyatdadır, nəqliyyat vasitəsinin digər şəxsin sahibliyinə dəyişdirilməsi, qanuni əsaslarla (etibarnamə) başqa şəxsin istifadəsinə verilməsi qeydə alınmamışdır. Şəxs inzibati icraat zamanı rəsmi qaydada məlumatlandırılmasına, DYP orqanının bildirişini 27 yanvar 2021-ci il tarixdə almasına baxmayaraq, 25 fevral 2021-ci il tarixdə protokolun tərtib edilməsinədək olan müddətdə cərimə və dəbbə pulu borcunu ödəməməklə yanaşı hazırda qeyd etdiyi məsələni mübahisələndirməmişdir. Ona görə məhkəmə onun dəlillərini nəzərə almır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Bu zaman nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunsa da, hazırkı iş üzrə belə əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar