Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1744/2021 31.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1983-cü il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhər DYPİ-nin yol patrul xidmətinin baş inspektoru polis leytenantı X1 tərəfindən tərtib edilmiş 20 iyun 2021ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 20 iyun 2021-ci il tarixdə sat 19:30-da, Heydər Əliyev prospektində, “TOYOTA LAND-CRUİSER- PRADO” minik markalı ** XL *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən “Mercedes” markalı ** OP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini vurması nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 333.1 və 333.3cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsi tərəfindən Şəxs barəsində tərtib olunmuş 20 iyun 2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol və toplanmış material baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 2 (iki) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə ilə tənbeh edilmişdir. Qəraqdan Şəxs apellyasiya qaydasında şikayət vermişdir. Bakı Apellaysiya Məhkəməsinin 30 iyul 2021-ci il tarixli qərarı ilə, Şəxs şikayəti qismən təmin edilmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli qərarı ləğv olunaraq inzibati xətaya dair iş yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək göstərmişdir ki, 20 iyun 2021-ci il tarixdə saat 20 radələrində “TOYOTA LAND-CRUİSER-PRADO MİNİK” markalı ** XL *** qeydiyyat nişanlı nəqliyat vasitəsi ilə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində hərəkətdə olarkən, “Mercedes” markalı ** OP *** dövlət qeydiyyat nişanlı avtomobili vurub cüzi olaraq sürtmüşdür. Avtomobili idarə edərkən işkili olmamış və baş vermiş hadisə ilə əlaqədar polis əməkdaşları tərəfindən tibbi müayinəyə aparılmış və müayinənin nəticəsi ilə razı olmamışdır. Əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində başlanmış iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar olunmuş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu iş üzrə icraat materialları ilə əlaqəli araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək hesab edir ki, Şəxs barəsində tərtib edilmiş 20 iyun 2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati orqan tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə inzibati məsuliyyətə sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 2/17225 saylı 20.06.2021-ci tarixli akta əsasən cəlb olunmuşdur. Həmin akta əsasən sərxoşluq vəziyyətinin tibbi müayinəsi zamanı Şəxs sərxoş olduğu müəyyən edilmiş, lakin sərxoşluğun dərəcəsi dəqiq göstərilməmişdir. Məhkəmə iclasında izahat vermiş Şəxs baş vermiş hadisə zamanı avtomobili idarə edərkən sərxoş olmadığını ilkin izahatında da qeyd etdiyini göstərmişdir. Göründüyü kimi, Şəxs barəsində tərtib olunmuş 20.06.2021-ci tarixli 2/17225 saylı aktı mübahisələndirmiş və bununla bağlı barəsində qəbul edilmiş məhkəmənin müvafiq qərarından hətta apellyasiya qaydasında şikayət vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 69.2-ci maddəsinə əsasən, şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Həmin Məcəllənin 96.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.7-ci bəndinə əsasən, nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə aparılır. Göründüyü kimi, qanunvericiliyə əsasən, şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda tibbi müayinəyə aparılması və sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakının məcburi olduğu imperativ olaraq nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, Şəxs sərxoşluq vəziyyətinin tibbi müayinəsi hal şahidlərinin iştirakı ilə aparılmamış, bu barədə müvafiq protokol tərtib ediməmiş və bununla da qanunvericiliyin tələbi kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Bununla, Şəxs 20 iyun 2021-ci il tarixdə saat 19:30-da nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edilməsi faktı təsdiq edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinə əsasən, bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İnzibati iş üzrə icraat materiallarından görünür ki, Şəxs törətmiş olduğu inzibati xəta nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın məbləğinin qiymətləndirmə yolu ilə müəyyən edilməsinə dair heç bir rəsmi sənədlər yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, inzibati orqan tərəfindən Şəxs barəsində tərtib edilmiş 20 iyun 2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinin tələbinə əsasən, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzrədə tutulan inzibati xətanı törətməsinə dair məsələyə baxılması aidiyyəti üzrə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Bakı şəhər DYPİ-nin yol patrul xidmətinin baş inspektoru polis leytenantı X1 tərəfindən tərtib edilmiş 20 iyun 2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzrədə tutulan inzibati xətanı törətməsinə dair məsələyə baxılması aidiyyəti üzrə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-1744/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1744/2021
31.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver