Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1744/2022 25.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, xx.xx.1994-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs, barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhər Nizami RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Cəmil Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 21:40 radələrində Bakı şəhəri Nizami rayonu Hissa şadlıq sarayının yanında X2 ona məxsus olan Kia Optima markalı **- XB-*** dövlət qeydiyyat nişanlı avtomaşınla “Maklerlər” parkından Neolit şadlıq sarayı istiqamətində getdikdə sonuncu svetaforda qırmızı işıqda dayanmışdır. Yaşıl işıq yandıqdan 2-3 saniyə sonra o, sivetaforun yaşıl işığında hərəkət etmişdir. O, hərəkətdə olan zaman onun sol tərəfindən qırmızı işıqda hərəkət etmiş Mersedes ML markalı avtomaşın gələrək onun avtomaşınının sol qabaq hissəsindən vurmuşdur. Həmin vaxtda avtomaşında o, tək olmamışdır. Belə ki, qabaq sərnişin yerində qardaşı xx.xx.2001-ci il təvəllüdlü Elxan İsmayılov əyləşmişdir. Zərbənin təsirindən avtomaşında əyləşmiş qardaşının başı salonun mərkəzində olan güzgüyə dəymiş, daha sonra isə başı qabaq aynaya dəymişdir. Hadisə ilə əlaqədar Nizami RPİ-nə daxil olmuş ərizə üzrə toplanmış HK/1-195 saylı araşdırma materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Bakı şəhər Nizami rayon DYPŞ YNH inspektoru polis leytenantı X3 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs “Mercedes Benz ML350” markalı ** CH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi nəticəsində X2 bədən xəsarəti almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 62.4-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin səlahiyyətli nümayəndəsi, X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onların iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu araşdırma materialları ilə əlaqəli şəkildə hərtərəfli tam və obyektiv araşdırıb qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə icraat materialları və tədqiq olunmuş sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, araşdırma materiallarında olan xx.xx.2022-ci il tarixli yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 8/1654 sayı rəyindən görünür ki, “Mercedes Benz ML350” markalı ** CH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərərkəti haqqında” Azərbaycan Respublikası qanunun 60-ci maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənini qarşısını almağa texniki imkanı olmuşdur. İnzibati işdə olan məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 195 №-li rəyindən görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X1 baş beynin yüngül yüngül dərəcəli əzilməsi ilə müşayət olunan hər iki gözaltı nahiyənin qançırı müəyyən olunmuş və həmin xəsarətlər ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İşə əlavə olunmuş AD № 075377 saylı sürücülük vəsiqəsindən görünür ki, Şəxs “BC” kateqoriyası xx.xx.2017-ci il tarixdən xx.xx.2027-ci il tarixədək verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs bаrəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi məsələsini müzakirə edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2, 3, 9.1, 12.1, 21, 31.2, 32 və 33-cü maddələrinin tələblərini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə işin hallarını nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə müəyyən edilmiş qaydada nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması ilə onun qanunlara əməl etməsi ruhunda tərbiyələndirməyi, habelə başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədinin təmin olunmasını mümkün sayır. Məhkəmə Şəxs münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən etməmişdir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 6 (altı) ay müddətə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-1744/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1744/2022
25.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver