Məhkəmə qərarları › İş №3(007)-1752/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1752/2020

20.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1752/2020 20.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Ələsgərova Aytac Hikmət qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1969-cu ildə Füzuli rayonunda anadan olmuş, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 79, yataqxanada qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2020-ci il tarixdə saat 17:20-də idarə etdiyi “Kia Sorento” minik markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Daşkəsən rayonu, Şabalıd kəndində hərəkətdə olan zaman işıq cihazlarından istifadə qaydalarını pozduğu üçün saxlanılmış, yoxlama zamanı sürücünün avtomobili sərxoş halda idarə etdiyi müəyyən edilmişdir. Bu barədə Daşkəsən rayonu Yol patrul xidməti inspektoru, polis serjantı S.S.Məmmədov tərəfindən xx.xx.2020-ci il tarixdə, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə həyat yoldaşı və iki oğlu ilə birlikdə Daşkəsən rayonunda Xoşbulaqda olmuşdur. Qalmağa ev tapmaq məqsədilə kəndə düşmüşlər. Bu zaman oğlu avtomobili sürmək istəmişdir. Oğlunun sürücülük vəsiqəsinin olmamasına baxmayaraq o, razılıq vermişdir. Avtomobili körpünün üzərində saxlamışlar. Polis avtomobili bir dəfə onların avtomobilinin yanından keçmişdir. Polis avtomobili onların avtomobilinin yanından keçəndə avtomobil dayanıqlı vəziyyətdə olmuşdur. Sonra həmin polis avtomobili gəlib onların avtomobilinin yanında saxlamışdır. Polis əməkdaşı yaxınlaşaraq “deyəsən qonaq gəlmisiniz, xoş gəlmisiniz” demişdir. Polis əməkdaşı avtomobilin kimin olduğunu soruşmuş, o, özünə məxsus olduğunu demişdir. Polis əməkdaşı ondan sənədlərini istəmiş, o, sənədlərini vermişdir. Sonra ondan içkili olubolmadığını soruşmuş, o, pivə içdiyini bildirmişdir. Polis əməkdaşı barəsində protokol tərtib edəcəyini dedikdə o, etiraz etmiş, avtomobili idarə etmədiyini, oğlunun idarə etdiyini bildirmişdir. Polis əməkdaşı oğlunu qorxudaraq onu tutduracağını demişdir. Polis əməkdaşının bu sözünə görə həyat yoldaşının təzyiqi qalxmış, yıxılmışdır. Polis əməkdaşları onları o vəziyyətdə qoyub getmişlər. Polis əməkdaşlarının hərəkətlərindən şikayət etmişdir. Sərxoş vəziyyətdə avtomobil idarə etməməsinə baxmayaraq onun barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib etmişlər. Məhkəmədən qərar qəbul edərkən göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xüsusi texniki vasitənin hesabatından görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 17:20-də keçirilən müayinəsi zamanı onda alkoqolun miqdarı 0,494%o olmuşdur. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati məsuliyyətə cəlb olunmuş Şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından və sübut etmək yükü inzibati xəta hadisəsini aşkar edən orqanın üzərinə düşdüyündən, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair mötəbər sübut təqdim edilmədiyindən məhkəmə Daşkəsən rayonu Yol patrul xidməti inspektoru, polis serjantı S.S.Məmmədov tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolun əsassız olduğu qənaətinə gəlmişdir. Beləliklə, məhkəmə iclasında Şəxs xx.xx.2020-ci il tarixdə saat 17:20-də avtomobili sərxoş vəziyyətdə idarə etməsi sübuta yetirilmədi. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: xx.xx.1969-cu ildə Füzuli rayonunda anadan olmuş, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 79, yataqxanada qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar