Məhkəmə qərarları › İş №3(007)-1752/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1752/2025

20.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1752/2025 20.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ASC-nin nümayəndələri X10 və X3, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri X5 və X7 iştirakları ilə, Şəxs ASC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 233.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən ünvan 1 ünvanında yerləşən Şəxs ASC-nin 16 saylı İSİS-nin 62 saylı qazanxanasından atmosferə atılan zərərli maddələrin miqdarının yol verilən normadan artıq olması aşkar edilmişdir. Bu barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi X5 tərəfindən xx.xx.2025-ci il tarixdə, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 izahat verərək bildirmişdir ki, Füzuli Mirzəyev qaynar xəttə zəng edərək yaşadığı ünvan 2 ünvanının 7-8 metr yaxınlığında yerləşən qazanxanada qaydalara riayət olunmadığını bildirmişdir. Daxil olmuş şikayətlə bağlı Şəxs ASC-yə məxsus qazanxanada ölçmə və analiz işləri aparılmışdır. Ölçmə və analiz işləri zamanı atmosferə atılan zərərli maddələrin miqdarının ətraf mühit üçün yol verilən hədd normasından artıq olduğu üçün qanunamüvafiq formada araşdırma aparılmış, dəvət məktubu yazılmışdır. Müayinədə iki dəfə ölçmə aparılmışdır. Onlar ayrı-ayrı yerlərdə araşdırma aparmışlar. Ölçmə işləri 27 yanvar və 6 mart tarixlərində aparılmışdır. Onlar əvvəlcədən ASC-yə məlumat vermişlər, o zaman hazırlıqlarını görə bilər, miqdarı azalda bilərdilər. Qeyd olunanları nəzərə alaraq məhkəmədən Şəxs ASC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 Hikmət Elxan oğlu ilə oxşar məzmunda izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ASC-nin nümayəndəsi X4 bildirmişdir ki, qazanxananın yanında 18 mərtəbəli bina var və həmin binanın 100-dən çox mənzili var. Mənzillərin hər birində istilik mənbəyi üçün kombi quraşdırılmışdır və hər biri kifayət qədər atmosferə tüstü qazları atır. Ölçmə tüstü borusundan və yolundan aparılmalı idi. O, telefonla danışaraq təklif etmişdir ki, ölçmə tüstü yolundan aparılsın. Çünki onlar sadəcə tüstü borusunun ağzından atılan karbon qazının miqdarına cavabdehdirlər. Ona bildirmişlər ki, elə bir imkanları yoxdur, oradan ölçmə apara bilmirlər. Onlar atmosferdə olan karbon qazının konsentrasiyasına cavabdeh deyillər. Onlara borudan ölçmələri üçün şərait yaradacaqlarını bildirdikdə alətlərinin buna imkan vermədiklərini bildirmişlər. Məhkəmədən Şəxs ASC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ASC-nin nümayənsəsi X2 Xəqani Hüseyn oğlu ilə oxşar məzmunlu izahat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X14 Monitorinq İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 002959 saylı aktdan görünür ki, Azərbaycan Respublikası Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətindən daxil olan xx.xx.2025-ci il tarixli 3-14/5-495-D/2025 nömrəli və 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olan xx.xx.2025-ci il tarixli 198/11RETSİ-26 qeydiyyat nömrəli məktubların icrası ilə əlaqədar Nizami rayonu, Naxçıvanski küçəsi ərazisində fəaliyyət göstərən 16 saylı istilik sistemləri istismarı sahəsinə aid qazanxananın ətraf ərazisində XKEMİ-nin baş mühəndisi Rüstəm Əsgərov, aparıcı mühəndis Natiq Rəsulov 11 saylı RETSİ-nin məsləhətçi müfəttişi Məhərrəmov Hikmət, nümayəndə Əhmədov Mustafanın iştirakı ilə sabit hava şəraitində saat 14:00-dan saat 15:00-dək monitorinq keçirilmişdir. Monitorinq zamanı məlum olmuşdur ki, sözügedən qazanxana yanacaq növü kimi qazdan istifadə edir. Monitorinq ölçmə işləri qazanxana fəaliyyətdə olan zaman tüstü borularının yaxınlığında təxminən 7-10 metr məsafədə ANKAT 64M3-03 səyyar cihazı vasitəsilə aparılmışdır. Ölçmənin nəticəsinə görə həmin ərazidə (CO-dəm qazı)-7mq/m3 (norma 5mq/m3) təşkil etmişdir. Bu da ətraf mühit üçün yol verilən hədd normasından artıqdır. Akt 2 nüsxədən ibarət olmaqla tərtib edilmişdir. Monitorinq ölçmə işləri zamanı çəkilmiş fotoşəkillər əlavə edilmişdir. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 89962 saylı aktdan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 çağrı mərkəzinə ünvan 3 ünvanında yaşayan Fizuli Mirzəyev tərəfindən daxil olan xx.xx.2025-ci il tarixli, İP- 27759 nömrəli yaşadığı binaya 7-8 metr məsafədə yerləşən qazanxanadan çıxan dəm qazının narahatlıq yaratması barədə daxil olmuş müraciəti tərəflərindən X14 Monitorinq İdarəsinin mütəxəssislərinin və müəssisənin nümayəndələrinin iştirakı ilə yerində araşdırılmışdır. Araşdırma ilə əlaqədar Fizuli Mirzəyev ilə telefon əlaqəsi saxlanılaraq monitorinq araşdırmasında iştirak etməsi üçün dəvət olunmuş, lakin şikayətçi iştirak etməkdən imtina etmişdir. Monitorinq zamanı Nizami rayonu, ünvan 4 ünvanında yerləşən binanın qarşısında Şəxs ASC-yə məxsus 16 saylı istilik sistemləri istismar sahəsinin 62 saylı qazanxanasının fəaliyyət göstərdiyi və müəssisənin fəaliyyəti zamanı qazdan istifadə olunduğu müəyyən edilmişdir. Atmosfer havasına atılan zərərli qaz qarışıqlarının miqdarını müəyyən etmək məqsədilə qazanxana fəaliyyətdə olan müddətdə xx.xx.2025-ci il tarixində ölçmə-analiz işləri aparılmış, ANKAT 64M3-04 cihazında dəm qazı (CO)-7mq/m3 (norma 5mq/m3) təşkil edərək ətraf mühit üçün yol verilən norma daxilindən artıq olduğu müəyyən edilmişdir. Məsələ ilə əlaqədar xx.xx.2025-ci il tarixində keçirilən inzibati araşdırmada iştirak edilməsi üçün Şəxs ASC-yə idarə tərəfindən xx.xx.2025-ci il tarixli Ç-BM/2625-073 nömrəli məktub ünvanlanmışdır. xx.xx.2025-ci il tarixində Şəxs ASC-nin texniki istehsalat şöbəsinin rəisi Xəqani Süleymanlı xx.xx.2025-ci il tarixli 1312/2-236/2625 nömrəli etibarnamə ilə araşdırmada iştirak edərək öz ərizəsində daxil olmuş müraciətin araşdırılması zamanı səlahiyyətli nümayəndələrinin iştirak etmədiyini, Nizami rayonu, Naxçıvanski küçəsi ünvanında yerləşən 62 saylı qazanxananın fəaliyyətini avtomatik tənzimlədiyini və yanma prosesinin tam getdiyini, atmosferə atılan tullantılar üçün hesabat aparılaraq rüsumların ödənildiyini, qazanxananın fəaliyyəti ilə bağlı müvafiq sənədlərin idarəyə təqdim edilməsi üçün xx.xx.2025-ci il tarixinədək araşdırmanın müddətinin uzadılmasını və səlahiyyətli nümayəndələrinin iştirakı ilə təkrar ölçmə-analiz işlərinin həyata keçirilməsi üçün göstəriş verilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixində Xəqani Süleymanlı “Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə icazə” sənədini və “ekoloji pasport” təqdim etmişdir. Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə icazə sənədində müəssisənin fəaliyyəti ilə əlaqədar olaraq illik 181,927 ton/il karbon oksidinin atılması ilə bağlı icazənin olduğu qeyd olunmuşdur. X14 Monitorinq İdarəsinin mütəxəssislərinin, Şəxs ASC-yə məxsus 16 saylı istilik sistemləri istismar sahəsinin rəisi Əhmədov Mustafa və 62 saylı qazanxananın rəisi Əliyev Abbasın iştirakı ilə xx.xx.2025-ci il tarixində saat 14:00-15:00 radələrində sabit hava şəraitində qazanxana fəaliyyətdə olan zaman ANKAT 64M3-04 cihazı vasitəsilə ölçməanaliz işləri aparılmış, nəticələrə əsasən dəm qazı (CO)-7mq/m3 (norma 5mq/m3) təşkil edərək ətraf mühit üçün yol verilən norma daxilindən artıq olduğu müəyyən edilmişdir. Bununla da “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 31 və 32-ci maddələrinin və “Atmosfer havasının mühafizəsi haqqında” Qanunun 13 və 14-cü maddələrinin tələbləri pozulmuşdur. Akt 2 nüsxədən ibarət tərtib edilmişdir. Müvafiq sənədlər əlavə edilmişdir. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X9 Agentliyinin atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə 20 avqust 2024-cü il tarixli icazəsindən görünür ki, Şəxs ASC-nin balansında olan qazanxanalara 181,927 ton/il karbon oksidinin atılması ilə bağlı 3 il müddətinə icazə verilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 11.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 71.1-ci maddəsinə əsasən “ətraf mühitin mühafizəsi sahəsində” dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları bu Qanunun və “sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununun tələblərinə uyğun olaraq həyata keçirilir. Beləliklə göstərilənlərə əsasən məhkəmə hesab edir ki, səlahiyyətli orqan tərəfindən əlavə öyrənilməli və yoxlanılma tələb edən hallar araşdırılmadan, həmçinin işin obyektiv, hərtərəfli baxılmasını təmin etmədən, Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində əsassız olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs ASC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, ASC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Açıq Səhmdar Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar