Məhkəmə qərarları › İş №3(007)-1753/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1753/2025

29.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1753/2025 29.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lerik rayonunun Tikəband kəndində qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, “Soxvoz” yaşayış sahəsində özbaşına tikilidə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 03 aprel 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 10 sentyabr 2024-cü il tarixdə saat 17:00 radələrində Bakı şəhəri Nizami rayonu Heydər Əliyev prospektində, “Koroğlu” metrostansiyasının “Piramida” adlanan çıxışının yaxınlığındakı “parkinq” məkanında idarə etdiyi “Ford Transit mikroavtobus” markalı **-CB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini geriyə doğru hərəkət etdirərkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozub, həmin manevrin təhlükəsiz olmasını və hərəkətin digər iştirakçılarına maneə yaratmamasını təmin etməmiş, mikroavtobusun arxasında dayanmış piyada Zərərçəkmiş şəxs mikroavtobusun arxa hissəsi ilə vuraraq, ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, 10 sentyabr 2024-cü il tarixdə saat təxminən 17 radələrində etibarnamə əsasında idarə etdiyi “Ford Transit” markalı **-CB-*** dövlət qeydiyyat nişanlı mikroavtobusu Bakı şəhəri Nizami rayonu Heydər Əliyev prospektində “Koroğlu” metrostansiyasının yaxınlığında “Piramida” çıxışındakı “parkinq” adlanan məkanda təxminən 10 km/saat sürətlə arxaya verdiyi anda maneəyə dəydiyini hiss etmiş, dərhal düşərək baxanda bir nəfər piyada şəxsi vurduğunu bilmişdir. Sonradan adını bildiyi Turalı tez xəstəxanaya aparmış, dərmanlarını və evinə ərzaqlar almış, əlavə olaraq cibinə 100 manat pul qoymuşdur. İlkin olaraq Tural ondan şikayətçi olmamış, lakin sonradan ondan 3000 manat təzminat istəməyə başlamışdır. O isə, belə bir imkanı olmadığını demişdir. Hazırda Turala 300 manat ödəyə bilər. 3000 manatı ödəməyə maddi imkanı yoxdur. Qeyd etdiklərinin, əməlindən səmimi peşman olmasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 10 sentyabr 2024cü il tarixdə təxminən saat 17 radələrində Bakı şəhəri Nizami rayonu Heydər Əliyev prospektində “Koroğlu” metrostansiyasının “Piramida” çıxışındakı “parkinq” adlanan məkanın içərisində avtobuslar üçün nəzərdə tutulmuş dayanacaqda dayanmışdır. Həmin vaxt “Ford” markalı mikroavtobusun sürücüsü arxa-arxaya vermiş və mikroavtobus onun bel nahiyyəsinə dəymişdir. Hadisə nəticəsində o, xəsarət alaraq yerə yıxılmışdır. Sürücü onu digər avtomobilə əyləşdirib xəstəxanaya aparmışdır. Hadisə zamanı ayağı əzilmiş, xidməti forması cırılmış, saatı və telefonu əyilmiş, ayaqqabısı cızılmışdır. Nəticədə ona 300 manat ziyan dəymişdir. O, Şəxs 3000 manat yox, 300 manat pul istəmişdir. Maddi ziyanı ödənildiyi halda şikayəti yoxdur. İşdə olan canlı şəxsin ekspertizasına dair 17 sentyabr 2024-cü il tarixli 827 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs - sol dirsək və sağ aşıq-baldır oynaqlarının hərəkət məhdudluğu ilə müşayiət olunan sol dirsək və sağ ayağın iç topuq nahiyyələrinin şişkinlik halında əzilməsi, sol bazunun, sol əlin ovuc səthinin, sol ayağın bayır topuğunun, sağ baldırın sıyrıqları, sol baldırın qançırı olmuşdur. Qeyd edilən xəsarətlər - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində törənmələri mümkündür, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İşdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 09 yanvar 2025-ci il tarixli 8/2667 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən verilən məlumatlara əsasən Ford Transit markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşdə olan 04 fevral 2025-ci il tarixli qərardan görünür ki, HK-1/584 nömrəli araşdırma materialı üzrə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar sürücü Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, onun əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkibi olduğundan inzibati məsuliyyətə cəlb edilməsi üçün materialın Nizami RPİ-nin DYPŞ-nin vasitəsi ilə Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsini təmin etməsini və himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində həmin Məcəllənin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, inzibati xəta törədən Şəxs fiziki şəxs olduğundan, iş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş pul vəsaiti dövlət hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. İş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş 150 manat pul vəsaiti dövlət hesabına Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar