Məhkəmə qərarları › İş №3(007)-1754/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1754/2025

23.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1754/2025 23.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X4 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 01 aprel 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/012/036579 nömrəli xx.xx.2024-cü il tarixli raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” (VAİS) informasiya resursunun banklarla Dövlət Gömrük Komitəsi arasında “Forma 3.9.2.1.” elektron hesabat sistemindən xx.xx.2024-cü il tarixdə alınmış məlumata əsasən Şəxs MMC tərəfindən xx.xx.2017-ci il tarixindən xx.xx.2024-cu il tarixədək müddət ərzində rəsmiləşdirilən 2 gömrük bəyannaməsi üzrə ümumilikdə 6672.57 ABŞ dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesaba köçürülməmişdir, yəni üquqi şəxs Şəxs MMC tərəfindən bağlanılmış müqavilələrə uyğun olaraq, ümumilikdə 2 gömrük bəyannaməsi üzrə (**********9635 və **********9967 saylı) malları Azərbaycan Respublikasından ixrac etmiş, lakin, qeyd olunan xarici iqtisadi fəaliyyətlər nəticəsində 6672,57 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülməmişdir. **********9635 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi üzrə qayıtmayan məbləğlərə görə (47,52 ABŞ dolları) inzibati tənbeh vermə müddəti xx.xx.2024-cü tarixində bitmişdir. **********9967 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi üzrə isə qayıtmayan məbləğ 6625,05 ABŞ dolları təşkil edir. Həmin tarixlərdə 1 ABŞ dolları milli valyutaya nisbətdə 1,70 manat olmaqla, 6625,05 ABŞ dolları milli valyutaya nisbətdə 11263 AZN təşkil edir. Bununla da, Şəxs MMC tərəfindən qeyd olunan xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş həmin az miqdar hesab olunan 6625,05 ABŞ dolları (milli valyutaya nisbətdə 11263 AZN) məbləğində xarici valyuta vəsaitinin 180 gün ərzində Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməsi təmin edilməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X3 protokolda qeyd edilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, onlarda vahid avtomatlaşdırılmış sistem vardır, həmin sistemdən görünür ki, pul qayıtmamış, qalıq hələ də qalmışdır. Sistemdən çıxarış çıxararaq gətirmişlər. Mərkəzi Bankın sistemi var, müvəkkil bank var, müvəkkil bank isə bəyannaməni bağlamamışdır. Platformada müqavilə göstərilməyib deyə bank bağlamır. Hansı ki, onu bank bağlamalıdır. Bank da ona görə bağlamır ki, orada müqavilə əsasında pul qayıtmamışdır. İnzibati xəta haqqında protokol əsasında Şəxs MMC barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X6 izahatında göstərmişdir ki, onlar istehsalçıdırlar və xaricə mal satırlar. Malı onlar Gürcüstana göndərmişlər. Onlar arasında olan müqavilə nömrəsiz olduğu üçün ödənişlər sistemə düşmür. Gürcüstana 1523 kq mal göndərmişlər və onun dəyəri olan pul gəlmişdir. Onlar polietilen paketlər istehsal edirlər. Ödəniş gəlmişdir, lakin nömrə qeyd olunmadığı üçün bağlaya bilməmişlər. Sənədlərdən də görünür ki, qarşı tərəf bank hesabına ödəniş etmişdir. Onlar malı göndərməmişdən əvvəl pulu almışlar. Pulu onlar xx.xx.2024-cü il tarixdə almışlar. Qarşı tərəf pulu ödəyəndə proformaya əsasən ödəniş etdikləri yazılmış, amma müqavilənin nömrəsi düşməmişdir. Bu, gömrük bəyannaməsinə düşən bir şey deyil. Onlar da arxasına əlavə etmişlər. Bu sənədləri gömrüyə göstərib, təqdim etmişlər, onlar da problem olmadığını bildirmişlər. Bank deyir ki, siz Gürcüstandakı şirkətə deyin, düzəliş etsinlər. Gürcüstandakı bank da deyir ki, bizdə elə bir xidmət yoxdur. Biz o pulu qəbul etmişik, xərcləmişik. Qeyd etdiklərinin nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 23 dekabr 2024-cü il tarixli raport, gömrük bəyannaməsi, gömrük xidmətinin X1 sistemindən çıxarış və digər sənədlərlə inzibati xəta hadisəsinin törədilməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” 17 may 2021-ci il tarixli Qərarına əsasən “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3 və 12-ci maddələrinin tələblərinə müvafiq olaraq məhkəmələr həmin Məcəllənin 483-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gələrkən, yəni İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətin yaranmasının əsaslarına dair qeyd etmişdir ki, həmin maddə ilə nəzərdə tutulan inzibati xətanın ictimai təhlükəliliyi iqtisadi fəaliyyət sahəsində stabilliyin pozulmasında ifadə olunur. İnzibati məsuliyyətin yaranması üçün iki əsas nəzərdə tutulmuşdur: - xarici valyuta vəsaitinin xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilməsi; - əldə edilmiş və məcburi qaydada köçürülməli olan vəsaitin xaricdən qaytarılmaması. Həmin maddə ilə nəzərdə tutulan hüquqazidd əməlin subyekti kimi xarici iqtisadi fəaliyyəti həyata keçirən fiziki və ya hüquqi şəxs çıxış edir. Şərh olunan maddədə nəzərdə tutulan inzibati xətanın obyektiv cəhəti məcburi qaydada köçürülməli olan vəsaitin xaricdən qaytarılmamasında ifadə olunur. Bu əməl həmin şəxslər tərəfindən hərəkət və ya hərəkətsizliklə törədilə bilər. Eyni zamanda qeyd edilməlidir ki, müvəkkil banklara köçürülməli olan xarici valyuta vəsaitinin geri qaytarılmaması xarici iqtisadi fəaliyyətin subyektindən asılı olmayan səbəblərdən baş verdikdə, yəni subyektin hərəkət və ya hərəkətsizliyinin nəticəsi olmadıqda, şəxs təqsirsiz olduğundan həmin vəsaitlərin qaytarılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati xəta bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) kimi müəyyən edilmişdir (İnzibati Xətalar Məcəlləsinin 3 və 12.1-ci maddələri). Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini müəyyən etməlidir. Bəzi hallarda hüquqi və fiziki şəxslərin ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müvəkkil bankda olan hesablara köçürülməsi şəxsin iradəsindən asılı olmayan səbəblərdən (məsələn qarşı tərəfin öhdəliyi icra etməməsi və s.) baş tutmaya və ya qanunvericilikdə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər. Buna görə məhkəmə işin bu hallarını şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirməlidir. İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə müəyyən edilmiş tənzimləmə xarici iqtisadi fəaliyyəti həyata keçirən şəxsin mülkiyyət hüququna qanunla nəzərdə tutulmuş müdaxilə olmaqla, dövlətin mənafeyinin qorunmasına və xarici iqtisadi fəaliyyətlə məşğul olan şəxslərin ölkənin iqtisadi inkişafına töhfə verməsinə yönəlmişdir. Lakin qeyd edilən maddədə nəzərdə tutulmuş cərimənin əsassız olaraq həmin şəxslərdən hesablanaraq tutulması, son nəticədə ixracedənin maliyyə vəziyyətinin pisləşməsi ilə yanaşı, işgüzar nüfuzunun zədələnməsi nəticəsində gələcəkdə əldə edilə bilən gəlirdən də məhrum olunmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr tərəfindən İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirinin tətbiq edilməsi üçün səlahiyyətli orqanın tərtib etdiyi protokol əsasında inzibati xətanı törədən şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən edilməlidir. Məhkəmə hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə tövsif olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Maddənin “Qeyd”indən görünür ki, bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Məhkəmə hüquqi şəxsin nümayəndəsinin məhkəmə iclasında izahatında irəli sürdüyü dəlillər işin icraatını istisna edən, icraata xitam verilməsinə əsas verən hallar deyildir, qanunvericiliyin yuxarıda istinad olunan tələbləri və Konstitusiya Məhkəməsinin Plenumunun qərarı ilə müəyyən edilmiş hallarla uyğunluq təşkil etmir, ona görə nəzərə alınmır. Qeyd edilməlidir ki, “X1 sistemi”ndən 23 may 2025-ci il tarixdə edilmiş çıxarışdan görünür ki, Şəxs MMC-nin **********9967 nömrəli gömrük bəyannaməsi üzrə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə etdiyi 6625,05 ABŞ dolları pul vəsaitinin Azərbaycan Respublikasının müvəkkil olunmuş bankının hesabına məcburi qaydada köçürülməsi hazıradək də təmin edilməmişdir, qalıq borc kimi görünür. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə təqsirli bilinib, barəsində inzibati xətanın bilavasitə obyekti olan 6625,05 ABŞ dolları məbləğinin otuz faizi - 1988,00 ABŞ dolları məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar