Məhkəmə qərarları › İş №3(007)-1756/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1756/2025

21.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1756/2025 21.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin nümayəndəsi X4 iştirakı ilə, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, gömrük xidməti kapitanı X6 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 00100-00770/25 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/012/000784 nömrəli, xx.xx.2025-ci il tarixli raporta və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Vahid X2 informasiya resursunun banklarla Dövlət Gömrük Komitəsi arasında “Forma 3.9.2.1” elektron hesab sistemindən xx.xx.2024-cü il tarixdə alınmış məlumata əsasən "xxxx" MMC (VÖEN: **********) tərəfindən xx.xx.2017-ci il tarixindən xx.xx.2024-cü il tarixədək müddət ərzində rəsmiləşdirilən 1 gömrük bəyannaməsi üzrə ümumilikdə 792,12 ABŞ dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesaba köçürülmədiyi qeyd edilmişdir. Raporta qoşma edilən sənədlərə əsasən müəyyən edilmişdir ki, hüquqi şəxsin adından bağlanılmış müqavilə üzrə aparılan ixrac əməliyyatları ilə həyata keçirilən xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş ümumilikdə az miqdarda, 792,12 ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti qaytarılmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin nümayəndəsi X5 izahat verərək bildirmişdir ki, "xxxx" MMC tərəfindən Rusiya Federasiyasının “OOO Kuban-Ti” şirkətinə mal ixrac edilmişdir, ixrac edilən dövrdə bəzi mallarda qüsur aşkar olunmuşdur. Qarşı tərəf malların istifadəsinin mümkün olmadığını bildirmiş və qüsurlu olduğu üçün onların dəyərini ödəməkdən imtina etmişdir. Buna görə də 792,12 ABŞ dolları məbləğində fərq yaranmışdır. Bundan sonra üzləşmə aktı tərtib edilmişdir. Onlar pretenziya məktubu almışlar ki, həqiqətən qarşı tərəf həmin malları orada istifadə edə bilməmişlər. Pulun geri qaytarılmamasında MMC-nin təqsiri yoxdur. Məhkəmədən "xxxx" MMC -nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli, **********7867 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC Rusiya Federasiyasında fəaliyyət göstərən “OOO Kuban-Ti” şirkəti ilə arasında bağlanmış 22/06 nömrəli, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Bakı Baş Gömrük İdarəsində xx.xx.2024-cü il tarixdə **********7867 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirmə aparıb 13410,94 ABŞ dolları dəyərində malları Azərbaycan Respublikasından ixrac etmişdir. - 3-33-1100/012/000784 nömrəli, xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Vahid X2ndə, banklarla Dövlət Gömrük Komitəsi arasında olan “Forma 3.9.2.1” elektron hesabat sistemindən xx.xx.2024-cü il tarixdə alınmış məlumata əsasən "xxxx" MMC xx.xx.2017-ci il tarixindən xx.xx.2024-cü il tarixinə qədər rəsmiləşdirilən 1 gömrük bəyannaməsi üzrə 792,12 ABŞ dolları məbləğində vəsait sözü gedən hesabatda öz əksini tapmamışdır. - Gömrük Xidmətinin Vahid X1 (VAİS) Konsiqnasiyaya nəzarət” bölməsinə baxış zamanı müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı Baş Gömrük İdarəsində rəsmiləşdirilmiş xx.xx.2024-cü il tarixli, **********7867 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac etdiyi malların qarşılığında müvəkkil bankdakı hesabına köçürülməli olan məbləğ 13410.94 ABŞ dolları vəsaitdən 12618,82 ABŞ dolları məbləğində vəsait köçürülmüş, köçürülməmiş qalıq vəsait isə 792,12 ABŞ dollarıdır. - Sənədlərə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hüquqi şəxs "xxxx" MMC ilə Rusiya Federasiyasının hüquqi şəxsi olan “OOO Kuban-Ti” şirkəti arasında bağlanılmış müqaviləyə uyğun olaraq, ümumilikdə 1 gömrük bəyannaməsi üzrə malları Azərbaycan Respublikasından ixrac etmişdir. Lakin qeyd olunan xarici iqtisadi fəaliyyətlər nəticəsində 792.12 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. - “Kuban-Ti” şirkəti tərəfindən tərtib edilmiş xarici malların qəbulu zamanı müəyyən edilən miqdar və keyfiyyət üzrə fərq haqqında aktdan görünür ki, aşkar olunan fərqlərin səbəbləri komissiya rəyi Mal 62 palletdə alınmışdır. Bankalar palletlərə sıralara quraşdırılmışdır, hər bir sıra karton ilə örtülmüş, palletlər streyç plyonka ilə bərkidilmişdir. Qablaşmada (rulonda) 100 ədəd qapaqda palletlərə qoyulmuş və plyonka ilə bərkidilmişdir. Qablaşma (streyç-plyonka) pozulmamışdır. Lakin mal qəbul olunan zaman altlıqlar daxilində çatışmazlıqlar müəyyən edilmişdir, bunun nəticəsində onların istehsalda istifadəsi mümkün görünmür. 884 tənəkə bankaları güclü əziklərə və deformasiyaya malikdir. 1023 qapaq əyilmiş və deformasiya olunmuşdur. (içində qapaq olan rulon daxilində qüsur). Qablaşma pozulmamışdır, zədəyə malik deyil, müvafiq olaraq mal daşınma prosesində zədələnməmişdir. xx.xx.2022-ci il tarixli müqavilənin 3.10-cu bəndinə müvafiq lazımi keyfiyyətdə olmayan malın çatdırılması maddi zərərin dəyərinin ödənilməsi tələbi ilə təchizatçıya pretenziya təqdim etmək üçün əsasdır. - “Kuban-Ti” şirkəti tərəfindən göndərilmiş 15 iyul 2024-cü il tarixli pretenziyadan görünür ki, ünvanlarına daxil olan məhsulun keyfiyyət üzrə qəbulu zamanı müəyyən edilmişdir ki, məhsulun bir hissəsi istehsalat qüsuru əlamətlərinə malikdir və bildirdikləri tələblərə uyğun deyil. Təchizatçı xx.xx.2022-ci il tarixli 22/06 nömrəli müqavilənin 4.1 və 3.10-cu bəndi ilə nəzərdə tutulan məhsulun keyfiyyəti hissəsində öz öhdəliklərini lazımi səviyyədə icra etməmişdir və Rusiya Federasiyasında qüvvədə olan qanunvericiliyə və müəssisələr arasında imzalanan müqaviləyə müvafiq olaraq təchizatçı müəssisəyə 792,12 ABŞ dolları məbləğində zərər məbləğini ödəməlidir və ya keyfiyyətsiz məhsulun əvəzinə məhsul təchiz etməlidir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları” nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeyd hissəsinə əsasən bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair 17 may 2021-ci il tarixli qərarında müəyyən edilmişdir ki, "Bu əməl həmin şəxslər tərəfindən hərəkət və ya hərəkətsizliklə törədilə bilər. Eyni zamanda qeyd edilməlidir ki, müvəkkil banklara köçürülməli olan xarici valyuta vəsaitinin geri qaytarılmaması xarici iqtisadi fəaliyyətin subyektindən asılı olmayan səbəblərdən baş verdikdə, yəni subyektin hərəkət və ya hərəkətsizliyinin nəticəsi olmadıqda, şəxs təqsirsiz olduğundan həmin vəsaitlərin qaytarılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz..." Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə "xxxx" MMC-nin əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Belə ki, xaricdən valyutanın qalıq məbləğinin geri qaytarılmamasının səbəbi malın bir qisminin istifadəyə yararsız olmasının müəyyən edilməsi olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur və bu səbəbdən də onun barəsində başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar