Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1759/2025 27.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X1 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 03 aprel 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs MMC-nin ünvanına Rusiya Federasiyasından idxal edilməklə **********6058 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən malları daşıyan 77BR697/99ZD711 nömrəli nəqliyyat vasitəsi Azərbaycan Respublikasının gömrük ərazisinə 14 dekabr 2024-cü il tarixdə saat 12:26-da daxil olmuş, lakin həmin yüklərə dair **********6974 sorğu nömrəli qısa idxal bəyannaməsi 14 dekabr 2024-cü il tarixdə saat 12:19-da verilməklə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada və vaxtda mallar gömrük sərhədini keçənədək elektron qaydada təqdim edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X2 məhkəmənin elektron kabineti vasitəsi ilə inzibati xəta haqqında protokola dair yazılı etiraz vermiş, etirazını onunla əsaslandırmışdır ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən cərimə “qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə” tətbiq edilir. Lakin bu işdə mallar gömrük ərazisinə daxil olduğu vaxtdan əvvəl qısa idxal bəyannaməsi təqdim olunmuşdur. Tərəflərindən 14 dekabr 2025-ci il tarixdə saat 12:19-da **********074 nömrəli qısa idxal bəyannaməsi rəsmiləşdirilmə üçün gömrük orqanına göndərilmiş (gömrük orqanının protokolunda da qeyd olunmuşdur) və 14 dekabr 2025-ci il tarixdə saat 12:26-da yük maşını (77BR697/99ZD711) gömrük ərazisinə daxil olmuşdur. Gömrük Məcəlləsinin 113.1-ci maddəsində də qeyd edilmişdir ki, “mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur”. Gömrük orqanının protokolunda da qeyd olunmuşdur ki, qısa idxal bəyannaməsi tərəflərindən mallar gömrük ərazisinə gətirilməzdən əvvəl bəyan edilmişdir. Qeyd etdiklərini nərəzə alaraq, Şəxs MMC-yə qarşı tərtib olunan protokolun əsassız sayılmasını və protokolun ləğvi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X2 ərizənin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 24 mart 2025-ci il tarixli raport, gömrük bəyannamələri, gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemindən çıxarış və digər sənədlərlə inzibati xəta hadisəsinin törədilməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 saat əvvəl verilməlidir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Məhkəmə hüquqi şəxsi təmsil edən şəxsin məhkəmədə irəli sürdüyü dəlillərə münasibətdə qeyd edir ki, məhkəmə tədqiqi zamanı İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar (inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri və s.) müəyyən edilmişdir. İnzibati xəta haqqında işin icraatını istisna edən və İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinin təsiri altına düşməklə işin icraatına xitam verilməsi üçün əsas hesab olunacaq hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə təqsirli bilinib, barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1759/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1759/2025
27.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver