Məhkəmə qərarları › İş №3(007)-1774/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1774/2020

29.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1774/2020 29.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Ələsgərova Aytac Hikmət qızının katibliyi, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X2 nümayəndəsi – “A.İ.M” Vəkil Bürosunun vəkili X6, qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X4 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinin rəisi H.T.Ədhəmov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinin rəisi H.T.Ədhəmov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinin rəisi Həmid Əhmədovun xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyi adı ilə 1000 (bir min) manat cərimə edilmişdir. Qərar xx.xx.2020-ci il tarixdə poçt vasitəsilə ona təqdim edilmişdir. Aşağıdakılar əsasında Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinin rəisi Həmid Əhmədovun xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarını qanunsuz və əsassız hesab edir. Belə ki, sözügedən qərarla barəsində inzibati tənbeh ona görə tətbiq edilmişdir ki, guya X3nun “xxxxxxxxxxxxxx” ASCdən əmək haqqını ala bilməməsi səbəbindən əmək hüquqları pozulmuşdur. Lakin tərəfindən Dövlət Əmək Müfəttişliyi Xidmətinə təqdim edilmiş xx.xx.2019-cu il tarixli, 60 saylı məktubun surətindən aydın olur ki, X3na bildirilmişdir ki, “xxxxxxxxxxxxxx” ASC-nin səhmdarlarının xx.xx.2016-cı il tarixli illik ümumi yığıncağının qərarına əsasən X18 “xxxxxxxxxxxxxx” ASC-nin İdarə Heyətinin sədri vəzifəsindən azad olunmuş, işdən azad olunmasına baxmayaraq cəmiyyətə aid daşınar və daşınmaz əmlakın, hüquqi sənədlərin təhvil-təslim işlərini tam yerinə yetirməmişdir. Eyni zamanda əmək kitabçasını özündə saxlamış, bu səbəbdən də işdən çıxma barəsində qeydlərin əmək kitabçasına yazılması və təsdiq olunması mümkün olmamışdır. Həmçinin, yuxarıda istinad edilən məktub və Dövlət Əmək Müfəttişliyi Xidmətinə təqdim edilmiş xx.xx.2019-cu il tarixli, 02 saylı, xx.xx.2019-cu il tarixli, 73 saylı və xx.xx.2020-ci il tarixli, 15/20 saylı məktublarla Dövlət Əmək Müfəttişliyi Xidmətinin nəzərinə çatdırılmışdır ki, “xxxxxxxxxxxxxx” ASC-nin səhmdarlarının xx.xx.2016-cı il tarixli illik ümumi yığıncağının qərarına əsasən sabiq İdarə Heyətinin sədri X13 işinin qeyri-qənaətbəxş hesab olunması ilə əlaqədar olaraq X18 vəzifəsindən azad edilmiş, o, cəmiyyətin baş direktoru vəzifəsinə təyin edilmişdir. Cəmiyyətin xx.xx.2016-cı il tarixli, 08 saylı əmri ilə X18 cəmiyyətə məxsus daşınar və daşınmaz əmlakın hüquqi sənədlərin təhvil-təslim işlərini aparmalı olduğu halda bundan qərəzli şəkildə yayınmışdır. X18 işdən azad olunmasına baxmayaraq cəmiyyətin işlərinə müdaxilə etdiyi üçün iş otağından 2 ay sonra məcburi qaydada məhkəmə icraçıları vasitəsilə çıxarılmışdır. Cəmiyyətin X17 qarşı iddia tələbi əsasında başladılmış məhkəmə işi üzrə qanuni qüvvədə olan məhkəmə aktları ilə cəmiyyətə məxsus masa dəstinin, stulların, kondisionerin, disklərin, telefonun və sair əşyaların, otaqların açarlarının təhvil verilməsi, habelə 118648,45 manat məbləğində cəmiyyətə məxsus nağd pul vəsaitinin X10 alınıb “xxxxxxxxxxxxxx” ASC-yə verilməsi qət edilmiş, lakin həmin məhkəmə aktları bu günədək X18 tərəfindən sonadək icra edilməmişdir. Beləliklə, tərəflərindən Dövlət Əmək Müfəttişliyi Xidmətinə təqdim etdikləri çoxsaylı sənədlərlə müəyyən olunmuşdur ki, X18 ilə onun əvvəllər kollegial orqanının rəhbəri olduğu “xxxxxxxxxxxxxx” ASC arasında əvvəla, məhkəmə mübahisələri vardır, həmin məhkəmə mübahisələri üzrə qanuni qüvvədə olan məhkəmə aktları əsasında X10 alınıb “xxxxxxxxxxxxxx” ASC-yə verilməli olan əmlaklar və nağd pul vəsaiti vardır və həmin əmlaklar və nağd pul vəsaiti bu günədək X18 tərəfindən “xxxxxxxxxxxxxx” ASC-yə müvafiq olaraq qaytarılmamış, ödənilməmişdir. Digər tərəfdən X13 əmək kitabçası onun özündədir, həmin əmək kitabçası bu günədək onda zəruri qeydlərin edilməsi üçün X18 tərəfindən “xxxxxxxxxxxxxx” ASC-yə təqdim edilməmişdir. X18 xx.xx.2016-cı il tarixədək “xxxxxxxxxxxxxx” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş, ASC-nin bütün əmlakı və kassası üzrə maddi-məsul şəxs olmuş, tutduğu vəzifədən azad edilənədək əmək haqqını və məzuniyyət əvəzi kompensasiyanı davamlı olaraq özünün verdiyi müvafiq əmrlər əsasında almışdır. Belə görünür ki, hazırda onun ASC-yə qarşı müəyyən əmək haqqı və məzuniyyət əvəzi kompensasiya məbləğinin ödənilməsi ilə bağlı bir iddiası vardır, lakin eyni zamanda ASC-nin də qanuni qüvvədə olan məhkəmə aktları əsasında ondan ödənilməsini gözlədiyi 118648,45 manat məbləğində bir pul tələbi vardır ki, həmin pul bu günədək ASC-yə tamamilə ödənilməmişdir. İstinad edilən sənədlərdən və qanunvericilik normalarının tələblərindən də göründüyü kimi X3 ilə “xxxxxxxxxxxxxx” ASC arasında bir mübahisə vardır. Həmin mübahisəyə məhkəmə qaydasında baxılmış və müvafiq məhkəmə aktı qəbul edilmişdir. Həmin məhkəmə aktı hazırda qüvvədədir və icraya yönəldilmişdir X3 qanuni qüvvədə olan məhkəmə aktını icra etmədiyindən məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilmiş, lakin bundan sonra da sözügedən məhkəmə aktı X18 tərəfindən tam yerinə yetirilməmişdir. Həmin məhkəmə aktına görə X10, o cümlədən 118648,45 manat alınaraq tələbkar “xxxxxxxxxxxxxx” ASCyə verilməlidir. X18 isə iddia edir ki, ona son ayların əmək haqqı və məzuniyyət əvəzi kompensasiya məbləği ödənilməmişdir. X7 bu iddia ilə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə müraciət etməmişdir. İstinad edilən əmək və mülki qanunvericilik normalarının tələblərindən də göründüyü kimi X3nun onun rəhbəri olduğu ASC-yə 118648,45 manat təkcə nağd pul borcu olduğu və həmin borcu ödəməkdən yayındığı bir vəziyyətdə o, həmin borcluya əmək haqqı və məzuniyyət əvəzi kompensasiyanın verilməsi barədə sərəncam verə bilməz. Digər tərəfdən ASC-nin həqiqətən X17 əmək haqqı və ya məzuniyyət əvəzi kompensasiya borcu vardırmı, bu böyük bir sualdır və yalnız məhkəmə qaydasında araşdırıla və qiymətləndirilə bilər. Belə bir vəziyyətdə Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinin rəisi Həmid Əhmədovun xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarı ilə onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi nə dərəcədə doğrudur, qanuni və əsaslıdır. Digər tərəfdən vətəndaş Əli Əliyevin müraciətindən və onun təqdim etdiyi sənədlərdən müəyyən olunur ki, Əli Əliyev ona işdən azad olunduğu xx.xx.2016-cı il tarixinədək son ayların əmək haqqının və məzuniyyət əvəzi kompensasiya məbləğinin ödənilmədiyindən şikayət etmişdir. Hətta onun əməlində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmuş olsa belə müddətin keçməsi əsası ilə o, inzibati məsuliyyətə cəlb edilə bilməz. X3 ilə “xxxxxxxxxxxxxx” ASC-nin icra orqanının rəhbəri olaraq onun arasında yaranmış mübahisə üzrə onun hərəkətlərində hər hansı inzibati xəta tərkibi yoxdur, yaranmış mübahisə əmək və mülki mübahisədir. Məhkəmə iclasında barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X2 nümayəndəsi X14 şikayətin məzmununa uyğun izahat verərək məhkəmədən şikayətin təmin edilməsini, Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinin rəisi H.T.Ədhəmov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X11 izahat verərək bildirmişdir ki,X3 2016-cı ildə işdən azad edildiyi, lakin əmək haqqı və istifadə etmədiyi məzuniyyətlərə görə kompensasiyanın verilməməsi ilə əlaqədar Əmək və X8 Nazirliyinə müraciəti daxil olmuşdur. Həmin müraciət əsasında araşdırma aparılmış, qarşı tərəf dəvət olunmuş, sənədlər tələb edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, X13 əmək müqaviləsinə xitam verilərkən son haqq-hesab qanunvericiliyin tələblərinə uyğun olaraq ödənilməmişdir. Bu səbəbdən X2 barəsində İXMnin 192.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. İnzibati xəta 2016-cı ildən davam edir. X17 əmək haqqının və məzuniyyət əvəzi kompensasiyanın ödənilməsi sübuta yetirilmədiyi müddətdə münasibətlər davam edir. Qəbul edilmiş qərar qanuni olduğundan şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X18 izahat verərək bildirmişdir ki, o, 2008-ci ildən 2016-cı ilin avqust ayına qədər “xxxxxxxxxxxxxx” ASC-nin idarə heyətinin sədri vəzifəsini icra etmişdir. 2016-cı ilin avqust ayında ASC-nin ümumi iclasının qərarına əsasən o, tutduğu vəzifədən azad edilmişdir. Vəzifədən azad olunduqdan sonra ASC-nin rəhbəri X5 tərəfindən ona 2016-cı ilin iyul və avqust ayları üçün əmək haqqı və 2015-2016-cı illər üçün istifadə etmədiyi məzuniyyətə görə kompensasiya ödənilməmişdir. Şirkət tərəfindən məktub göndərilərək əgər təqsirsizliyi sübuta yetirilərsə əmək haqqı və məzuniyyət əvəzi kompensasiyanın ödəniləcəyi bildirilmişdir. Bundan başqa əmək kitabçasına işdən azad olunmağı ilə bağlı qeydlər aparılaraq möhürün vurulmasından imtina etmişlər. Bu səbəbdən o, 2016-cı ildən bugünə qədər başqa işə düzələ bilməmişdir. Əmək kitabçası özündədir, dəfələrlə əmək kitabçasına işdən azad olunmağı ilə bağlı qeydlər aparılması üçün müraciət etsə də bundan imtina etmişlər. O, xx.xx.2016-cı il tarixdə 2015-2016-cı illərin işlədiyi dövrünə görə məzuniyyət əvəzinə kompensasiyanın verilməsi barədə əmr vermiş, xx.xx.2016-cı il tarixdə işdən azad olunmuşdur. Onun əmək haqqını və məzuniyyət əvəzinə kompensasiyanı almasını təsdiq edən sənəd yoxdur, bu barədə hər hansı sənədə imza etməmişdir. Şikayət əsassızdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X5 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinin əmək müfəttişi B.E.Mehdizadə tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, “xxxxxxxxxxxxxx” ASC-nin keçmiş işçisi X13 əmək müqaviləsinə xitam verilərkən son haqq-hesab qanunvericiliyin tələblərinə uyğun olaraq ödənilməmişdir. Bununla da Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələbləri pozulmuşdur. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinin rəisi H.T.Ədhəmov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1000 manat məbləğində cərimə edilmişdir. - əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, “xxxxxxxxxxxxxx” ASC ilə X18 arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2016-cı il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. - “xxxxxxxxxxxxxx” ASC-nin idarə heyətinin sədri X18 tərəfindən verilmiş xx.xx.2016cı il tarixli, 07 nömrəli əmrdən görünür ki, ASC-nin İ/H sədri X17 2015-2016-cı illərin işlədiyi dövrünə görə 72 (30+6st.x2) t.g. müddətinə olan məzuniyyət əvəzinə kompensasiyasının verilməsi barədə əmr verilmişdir. - “xxxxxxxxxxxxxx” ASC-nin təsisçisi Elçin Muradovun tələbi ilə xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixə kimi olan dövrünün maliyyə-təsərrüfat fəaliyyətinin audit yoxlamasının nəticəsi barədə auditor hesabatından görünür ki, 2016-cı il üzrə 30290,11 manat əmək haqqı hesablanmış, 1583 manat gəlir vergisinə, 908,68 manat 3% DSMF-na daxili tutulmaya, cəmi tutulma 2491,68 manat olmuş, ödəniləsi 27798,43 manat əmək haqqı tamamilə ödənilmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-454/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, ilkin iddia üzrə iddiaçı “xxxxxxxxxxxxxx” ASC-nin cavabdeh X17 qarşı “əmlakın təhvil verilməsi və dəymiş zərərin ödənilməsi tələbinə dair” ilkin iddiasının qismən təmin edilməsi, “xxxxxxxxxxxxxx” ASC-yə məxsus 2 (iki) ədəd masa dəstinin, 8 (səkkiz) ədəd stulun, 1 (bir) ədəd “LG” markalı kondisionerin (işlənmiş), 1 (bir) ədəd stolüstü telefonun, DS-7200 seriyalı, “H264/linux Embedded” markalı DVR və 14 ədəd diskin, 1 (bir) ədəd model BNT-600 USP-nin və “xxxxxxxxxxxxxx” ASC-nin Baş direktorunun otağının və Baş direktorun qəbul otağının açarlarının “xxxxxxxxxxxxxx” ASCnin Baş direktoruna təhvil-təslim edilməsi işinin aparılması öhdəliyinin cavabdeh X15 üzərinə qoyulması, cavabdeh X12 “xxxxxxxxxxxxxx” ASC-nin auditlə əhatə olunan xx xxxxxx 2013-cü il tarixdən xx xxxxxx 2016-cı il tarixə kimi olan dövr ərzində cəmiyyətin maliyyələşməsi üçün səhmdar Aydın Hüseynovdan kassaya mədaxil edilmiş, lakin hazırda kassada mövcud olmayan 91300 (doxsan bir min üç yüz) manat və 2015-ci ilin yekununa görə müəyyən edilmiş və səhmdarların ümumi yığıncağında təsdiq edilmiş və dividend kimi səhmdarlara bölüşdürülməli olan 27.348,45 (iyirmi yeddi min üç qırx səkkiz manat 45 qəpik) manat, cəmi 118.648,45 (bir yüz on səkkiz min altı yüz qırx səkkiz manat 45 qəpik) manat məbləğin tutularaq “xxxxxxxxxxxxxx” ASC-yə ödənilməsi, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X13 ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) “xxxxxxxxxxxxxx” ASC-yə qarşı “X13 cəmiyyətə sədrlik etdiyi dövrdə istifadəsində olmuş otağın cəmiyyətin səhmdarı və cəmiyyətin ən iri səhm paketinin idarəçisi X13 istifadəsində saxlanılması və “xxxxxxxxxxxxxx” ASC-nin təmiz mənfəətini təşkil edən 27.348,45 (iyirmi yeddi min üç yüz qırx səkkiz manat 45 qəp.) məbləğdən X17 çatan 43 % miqdarında payın və ödənilmiş dövlət rüsumunun da ödənilməsi vəzifəsinin cavabdeh “xxxxxxxxxxxxxx” ASC-nin baş direktoru X2 üzərinə qoyulması haqqında” qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qanunvericiliyin məzmununa əsasən müəyyən edilir ki, inzibati xətanın baş verməsini sübutetmə yükü hazırki işdə məhz Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin üzərinə düşür. Qeyd edilən orqan “xxxxxxxxxxxxxx” ASC-nin baş direktoru X5 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə nəticəyə gələrkən yalnız X13 izahatına istinad etmişdir ki, həmin izahat, başqa sübutlar olmadan şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün əsas ola bilməz. Məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqan X5 tərəfindən X13 işdən çıxdıqdan sonra ona son haqq-hesabın ödənilməməsi qənaətinə gəldiyi halda, bu faktı təsdiq edən mötəbər sübutlar əldə etməli idi və bundan sonra əldə edilmiş sübutlara hüquqi qiymət verərək X2 əməlində inzibati xəta tərkibinin olubolmadığını müəyyən etməli idi. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə- vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə, bütün qeyd edilənlərə əsasən belə bir nəticəyə gəlir ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsi tərəfindən toplanmış material üzrə tam, obyektiv və hərtərəfli yoxlama aparılmamış, iş üzrə düzgün hüquqi nəticəyə gəlinməsini təmin edəcək işin faktiki halları araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə hərtərəfli və tam araşdırma aparılmadığından X5 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, onun barəsində Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinin rəisi H.T.Ədhəmov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və materiallar tam və hərtərəfli araşdırılması üçün Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinin rəisi H.T.Ədhəmov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X2 inzibati xəta törətməsinə dair materiallar yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar