Məhkəmə qərarları › İş №3(007)-1777/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1777/2023

13.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1777/2023 13.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, Mustafayev Əşrəf Əli oğlunun katibliyi ilə, şikayətçi X3 iştirakları ilə, X3 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən qəbul olunmuş MN ******* nömrəli, 27 fevral 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X5 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən qəbul olunmuş MN ******* nömrəli, 27 fevral 2023-cü il tarixli qərarının ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Qida X2 tənbeh vermə haqqında 27 fevral 2023-cü il tarixli MN N: ******* saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə barəsində 2000 manat məbləğində cərimə tətbiq edilmiş, qərar fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu kiçik marketdə təhlükəsizlik sənədləri yoxlamaya təqdim olunmayan və bununla da istehlakçıların aldadılmasına səbəb olması iddia olunan spirtli içkinin satdırılması faktının mövcudluğu iddiasına görə qəbul olunmuşdur. Lakin onlarda olan məlumata görə sözügedən içki kassası yoxlama günündən bir neçə gün əvvəl yaxınlıqda yerləşən şadlıq sarayına nisyə olaraq verilmiş və orda keçirilmiş tədbirdən sonra geri bütöv yeşiklə qaytarılmış, həmin yeşik tam bağlı tarada olsa da, geri gətirilən yeşikdə taranın bütövlüyü pozulsa da, marketdə işləyən əməkdaşı buna diqqət yetirməmiş və taranı qəbul etmişdir. Yeşik geri qayıdarkən naməlum içki güman ki yeşiyə səhvən daxil edilmiş ola bilərdi. Bununla bağlı ehtimal və fərziyyələrini orqanın yoxlayıcı əməkdaşlarına bildirsələr də, də buna heç bir əhəmiyyət verilməmiş, bundan başqa, həmin naməlum deyilən içki laboratoriyaya göndərilərkən onları iştirakı təmin olunmamış, 27 fevral tarixində olan məktubla inzibati xəta haqqında qərarın qəbulunun müzakirəsi üçün onu idarəyə 09 mart tarixinə dəvət etsə də, dərhal 27 fevral tarixli qərar qəbul edilərək ona göndərmişdir. Habelə, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən alınmış xx.xx.2023-cü il tarixli Çıxarış və müvafiq Qərar barədə 28 fevral tarixli məktubla bildirilsə də, həmin sənədləri surətləri ona təqdim olunmamış, bununla bağlı idarə əməkdaşlarına bildirsələr də, heç bir hərəkət olunmamış, Çıxarışın surətini qısa müddətli tanışlıq üçün ona təqdim edən idarə əməkdaşı yoxlamanın aparılması üçün əsas kimi marketdən edilmiş şikayət əsasında ciddi faktlara söykənən məlumatların olduğunu bildirmiş və çıxarışın surətində də belə qeyd olmuşdur. İdarəyə hansı faktların olduğunu yazılı surətdə təsdiq edərək onlara təqdim etmələtini tələb etsələr də, icraata əsas təşkil etdiyi irəli sürülən faktların nələrdən ibarət olmasını bildirə bilməmiş, bundan başqa, normal yoxlama üçün qərar əsasında apardıqlarını bildirən idarə sonradan plandankənar yoxlama qərarı olduğunu bildirmiş, idarənin əməkdaşı isə həmçinin anonim məlumatlar əsasında da yoxlama apara biləcəklərini iddia etməklə işi daha gülünc vəziyyətə gətirmişdir. Bu absurdluğun zirvəsində həmçinin əslində xidməti yoxlama apardıqlarını bildirib işi daha da komik vəziyyətə gətirib. Bundan başqa, onların təqsirli olmaları yuxarıda söylənilənlərlə sübuta yetirilə bilməz, belə ki, üçüncü şəxsin onlarla olan əqdinin mövcud olub olmamasını orqan müəyyən edə bilərdi ki, bunu etməmişdir. Halbuki, müvafiq orqan yüngülvari araşdırma ilə asanlıqla mütləq həqiqəti və son nəticədə inzibati xətanın ona aid olub olmadğını aydınlaşdıra bilərdi və işin hallarının düzgün aydınlaşdırılması və sübutların mötəbərliyinin qiymətləndirilməsi baxımından həmin məsələnin təhqiqi də orqanın bu məsələdə həyata keçirməmiş olduğu səlahiyyətlərinə və vəzifələrinə daxil idi. Və lakin orqan işə səthi yanaşmaqla sübutların tədqiqində kifayət qədər fəallıq göstərməmiş və inzibati orqanın əməkdaşının təqdim etmiş olduğu hər bir yanaşmasını mütləq həqiqət kimi, orqanın subyektiv mülahizələriyə “sübut” kimi qəbul etmişdir. Təbii ki, orqan işin sübutlarını araşdırmaq üçün kifayət qədər səylər göstərmiş olsa idi, mütləq olaraq sözügedən informasiya sorğusunu zəruri edən inzibati xətanın törədilməsində istifadə olunan predmetin mahiyyətini və mövcudluğunu araşdırmalı idi və bunun üçün həmin protokolun yazılmasına əsas təşkil edən halların həqiqətən də mövcudluğunu tələb etməli idi ki, bununla da sorğunun məcburi xarakter daşıdığını təsdiqləmiş ola bilərdi. Lakin qeyd olunanlara baxmayaraq orqan bunu tələb etməmiş və sübutları kifayət qədər araşdırmamışdır. Dolayısıyla da, balanslarında və mülkiyyətlərində olmayan sözügedən malın üçüncü şəxs tərəfindən alınmasının və geri qaytarılmasının qanuni olmasını sübut etmək məqsədilə hər hansı bir məlumatı da vermək həm hüquqi və həm də fiziki baxımdan nonsens təşkil edir. Bununla da, sübutların mötəbərliyinə və həqiqiliyinə və habelə tam sübutetmədə onlardan istifadənin hüquqi mümkünlüyünə əsaslı şübhələr yaranmışdır ki, belə şübhələrin aradan qaldırılmasında orqan hərəkətsizlik göstərərək inzibati xətanı bilərək və istəyərək törətdiyini güman etdiyi hüquqi şəxsin təqsirsizlik prezumsiyasına dair hüquqlarını pozmuşdur və ona inzibati xəta istinad etmişdir. Halbuki, orqan mövcud hər cür şübhələri inzibati xətanı törətməkdə təqsirləndirilən şəxsin lehinə təfsir etməli idi və bu da o deməkdir ki, hazırki qərar fərqli qəbul edilməli idi və iş üzrə inzibati xəta materialları rədd edilməli idi. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X5 məhkəmə iclasında çıxış edərək verilmiş şikayətin dəlillərinə uyğun surətdə izahat verərək şikayət ərizəsinin təmin olunmasını və inzibati cərimə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı X7 Təhlükəsizliyinə nəzarət şöbəsinin böyük məsləhətçisi X6 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən “Fərid” marketdə yoxlama aparılmış, yoxlama zamanı saxtalaşdırılma əlamətləri olan, minimum keyfiyyət və təhlükəsizlik sənədləri yoxlamaya təqdim olunmayan, bununla da istehlakçıların aldadılmasına səbəb olan spirtli içkilərin satılmasına görə X5 barəsində Azərbaycan Respublikası İXMnin 447.0.1-ci maddəsinə əsasən MN ******* nömrəli, 27 fevral 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və 2000 manat məbləğində cərimə edilmişdir. Həmin qərarın qanuni və əsaslı olmasını nəzərə alaraq şikayət ərizəsinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən qəbul olunmuş MN ******* nömrəli, 27 fevral 2023-cü il tarixli qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinin tələbini pozmuş və nəticədə 2000 (iki min) manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, 13 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən X4 məxsus ünvan 1 ünvanında yerləşən “Fərid” marketdə plandankənar (növbədənkənar) yoxlama aparılarkən saxtalaşdırılmış araq aşkar edilmişdir. Həmin məhsul sınaq üçün götürülərək spirtli içki məhsulunun saxta olması müəyyən edilmişdir. Bununla da sonuncu mal satan və ya əhaliyə xidmət göstərən şəxs olaraq malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçılarını az miqdarda aldatmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulmasına, yəni: mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli, 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanının 5.44- 1 bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.1, 444, 447.0.1 – 447.0.6, 447.0.9, 453 və 544.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər qida məhsulları ilə, həmçinin baytarlıq və fitosanitar nəzarətində olan yüklərlə bağlı olduqda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, işdə olan sübutlarla Azərbaycan Respublikasının Qida Təhlükəsizlik Agentliyinin Bakı Regional Bölməsinin rəisi X8 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 27 fevral 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə əsaslar müəyyən edilməmişdir. Məhkəmə işin faktiki hallarına və X3 şikayətini əsaslandırdığı dəlillərə qiymət verərək hesab edir ki, S.M.Yusifovun göstərdiyi hallar özünümüdafiə xarakteri daşıyır. X1 tərəfindən marketdə aşkar edilmiş spirtli içkidən məlumatlarının olmaması və spirtli içkininin həmin marketə aidiyyatı olmamasını bildirsə də, bununla bağlı heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan MN ******* nömrəli, 27 fevral 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş, 27 fevral 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin 27 fevral 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar